Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1552/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7827/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “185D” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan 185D saylı bağ sahəsinə onun mülkiyyət hüququnun faktiki yerləşmə vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan SSRİ Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 3 iyun 1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 185D saylı, 0,12 hektar bağ sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etmiş, lakin cavabdeh qurum hər dəfə başqa bir əsasla onun müraciətinə imtina cavabını vermişdir. İnzibati orqan sonuncu imtinanı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir və göstərilən bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir və göstərilən bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, təqdim edilən Bağlar təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağın ərazisinə uyğun gəlir. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsinin qeyd olunmadığı aşkar olunmuşdur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi yol kənarında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7827/2023 saylı qərarı ilə (hakim S.Salahova) iddia tələbinin təmin edilməsi, İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200,0 kv.metr sahəsi olan 185D saylı bağ sahəsinə mülkiyyət hüququnun faktiki yerləşmə vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə 185 b saylı bağın ərazisinə uyğun gəlir. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsinin qeyd olunmadığı aşkar olunmuşdur. Bakı İnzibati Məhkəməsi torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7827/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1053 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli Qətnaməsinə əsasən Ləhic 241 nömrəli bağ-tikinti kooperativinin tərkibində İddiaçı bağ sahəsi ayrılmışdır. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar massivindəki 241 nömrəli kooperativinin б/с nömrəli orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində olan 0,12 ha sahəsi olan 185D nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200,0 kv.metr, faktiki sahəsi 1650,0 kv.metr təşkil edir. Göstərilən bağ sahəsinin bir tərəfi metal tor, digər tərəfləri isə 3-4 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Darvazası yoxdur. Sahədə köhnə ev var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Göstərilən sahə sxematik xəritəyə əsasən 185v (və ya 185b) saylı bağın ərazisinə uyğun gəlir. Vətəndaşın nümayəndəsi 185v saylı sahəsinin də özlərinə aid olduğunu və qonşuluqda qeydiyyatdan keçdiyini bildirmişdir. Sahə Bilgəh-Kürdəxanı yolunun kənarından 8.1-9.3 metr məsafədə yerləşir. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən ona torpaq sahəsinin ayrılması barədə qərarı mübahisələndirməmiş, yalnız:
1. elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlməsinə;
2. göstərilən bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamasına istinad etmişdir. Cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri qeyd olunan dəlillərlə üstüstə düşür. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında bağ sahəsinin 185v və ya 185b saylı bağın ərazisinə uyğun gəldiyini bildirsə də, xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, idarənin arxivində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində “185d” saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi “185b” saylı bağ sahəsinin ərazisinə düşür. Məsələnin araşdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən 185b saylı bağ sahəsinə dair sənədlərin təqdim edilməsi üçün sorğu verilmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, 185b saylı bağ sahəsi ilkin olaraq 185 saylı BTK-nın sədri tərəfindən verilmiş б/с nömrəli order əsasında xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyatdan keçmiş, daha sonra isə RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X1 adına qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 9/333 saylı qərarına əsasən verilmiş 92 nömrəli bağ tikinti kooperativinin б/с nömrəli orderi əsasında 185v saylı bağ sahəsi ilkin olaraq xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İşin materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, 185b və 185d saylı bağ sahələri iddiaçının iddia etdiyi 185d saylı bağ sahəsinə qonşu bağ kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 185d saylı deyil, 185v və ya 186b saylı bağ sahəsinə uyğun gəldiyini bildirsə də, özü həmin bağ sahələrini iddiaçının iddia etdiyi bağ sahəsindən kənarda, qonşuluğunda qeydə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritəyə daxil edilməsi iddiaçının deyil, ona torpaq sahəsi ayıran qurumun səlahiyyətində olmuşdur və bu hal iddiaçının müvafiq hüquqmüəyyənedici sənəd təqdim etdiyi halda mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. İşdə olan Azərbaycan Avtomobil Yolları X4 Yollarının Mühafizə Xidmətinin 25 iyun 2023-cü il tarixli, 11-1/2-266-125/2023 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsi Pirşağı-Bilgəh avtomobil yolunun 13+500-cü km hissəsi yaşayış məntəqəsi ərazisində yerləşir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15- 1-ci maddəsinə əsasən yaşayış məntəqəsi hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolağı istisna olunur. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydalarının əsas texniki normalar və nəqliyyatistismar göstəricilərinə əsasən avtomobil yolunun təhkim zolağı, avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, yolun hərəkət hissəsi, səkilər, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet, yol çiyni, dekorativ yaşıllıqlar yerləşdiyi ərazidir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilmiş Pirşağa-Bilgəh avtomobil yolu İ texniki dərəcəli 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni yolun oxundan (ayırıcı zolaqdan) hər iki istiqamətə 17,5 metr olmaqla 35,0 metr təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Eyni zamanda, Azərbaycan Avtomobil Yolları X7 Yollarının Mühafizə Xidmətinin 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Pirşağı - Bilgəh avtomobil yolu İ texniki dərəcəyə, 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni, yolun oxundan (ayırıcı zolağından) hər iki istiqamətə 17,5 metr olmaqla ümumi 35,0 metr təşkil edir. Pirşağı - Bilgəh avtomobil yolu bir istiqamət üzrə 3 hərəkət zolağına malikdir və hər bir hərəkət zolağının eni 3,75 metr təşkil etməklə, ümumilikdə 11,25 metr təşkil edir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı əsasında sözügedən torpaq sahəsi avtomobil yoluna ən yaxın 8,1 metr məsafədə yerləşdiyi görünür. Mövcud ölçüləri nəzərə alaraq ((3,75 X 3 + 8,1 = 19,35), (19,35 - 17,5 = 1,85)) sözü gedən bağ sahəsi Pirşağı - Bilgəh avtomobil yolunun təhkim zolağından (torpaq yatağı) ən yaxın məsafədə, 1,85 metr kənarda yerləşir. Göründüyü kimi, iddiaçının naturada göstərdiyi torpaq sahəsi Pirşağı - Bilgəh avtomobil yolunun təhkim zolağından (torpaq yatağı) 1,85 metr kənarda yerləşir, eyni zamanda həmin torpaq sahəsi Pirşağı-Bilgəh avtomobil yolunun 13+500-cü km hissəsi üzrə yaşayış məntəqəsi ərazisində yerləşdiyindən, həmin hissədə avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mübahisəli bağ sahəsi 1993-cü ildən etibarən iddiaçının istifadəsində olmuş, həmin bağa dair verilmiş order etibarsız sayılmamışdır. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ancaq formal əsaslara istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlanma işləri aparılmaması hüquqların qeydiyyatına maneə deyil və bu sahədə hər hansı uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən də müvafiq tədbir görülməlidir. Qeyd olunanlara əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşmədiyindən və bu sahədə mövcud olan uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 №li, xx.xx.2019-cu il tarixli, 2- 1(102)-1415/2020 №-li, xx.xx.2020-ci il tarixli və 2-1(102)-447/2022N-li, xx.xx.2022-ci tarixli qərarları). Bundan əlavə qeyd olunmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(112)-7827/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə