Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1553/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2854/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, pensiya işində olan sənədlərdən də görünür ki, vətəndaşın xx.xx.1993-cü ii tarixdən xx.xx.1999-cu il tarixədək “Elbrus” kiçik müəssisəsindəki əmək fəaliyyətini araşdırmaq və eləcə də sosial sığorta haqlarının dinamikası barədə məlumat alınması mümkün olmamışdır. Buna baxmayaraq məhkəmə qeyd olunanları nəzərə almamış və vətəndaşın iddiasını təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-189/2019 nömrəli iş üzrə xx.xx.2019cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2102/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1930/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1086/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və məhz bundan sonra həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” AR Qanununun 30-cu maddəsi). İşdə olan, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü il tarixdə Bakı Lokomativ Deposunda əmək fəaliyyətinə başlamışdır və onun həmin müəssisədə, bundan sonra Bakı Maşınqayırma Zavodunda olan əmək stajı mübahisəli deyil. Mübahisəli olan iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Elbrus” kiçik müəssisəsində işlədiyi dövrdür ki, xx.xx.1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor təyin edilmiş, xx.xx.1999-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, başqa işə getdiyi üçün iddiaçını 1993-cü ildə öz yerinə direktor təyin etmiş, 1999-cu ildə qayıtdıqdan sonra isə iddiaçı müəssisədən getmişdir. Şahid, iddiaçının həmin müəssisədə əmək fəaliyyətinə dair heç bir sənəd onda olmadığına görə Məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli xx/xx-2979 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, tələb edilən sığorta stajı olmadığından əmək pensiyası hüququ yaranmır. DSMF Bakı şəhəri üzrə X6 idarəsinin xx.xx.2018-ci il tarixli 88/xx/xx-7104 nömrəli məktubuna əsasən, “Elbrus” kiçik müəssisəsi xx.xx.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçdiyindən sorğuda tələb olunan 1993-cü ildən xx.xx.1996-cı ilə kimi olan dövrləri cavablandırmaq imkan xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, “Elbrus” kiçik müəssisəsi tərəfindən xx.xx.2014-cü il tarixdən hal-hazırkı dövrə qədər Fonda hesabat təqdim edilməmişdir. İddiaçı da direktoru olduğu dövrə aid “Elbrus” kiçik müəssisəsinin fəaliyyətinə dair Məhkəməyə heç bir sənəd təqdim etməmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə görə, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. DSMF Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2020-ci il tarixli **********6 nömrəli xidməti məktubunda göstərilmişdir ki, iddiaçının əmək kitabçasının surətinə və X5 əsasən, 23 il 9 ay 14 gün sığorta stajı olduğu və pensiya kapitalının olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Apellyasiya məhkəməsi bu normaların dispozisiya şərtləri əsasında işin hallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı kifayət qədər pensiya kapitalı toplamamışdır. Həmçinin iddiaçının xx xxxx 1993-cü il tarixdən “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə əmək kitabçasında olan staj dövrünün ümumi əmək stajına hesablanması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisə ilə bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması barədə məhkəmənin gəldiyi nəticə ilə bağlı ilk növbədə qeyd olunur ki, bu iş üzrə Ali Məhkəmənin əvvəlki xx.xx.2019-cu il tarixli qərarında iddiaçının «Elbrus» kiçik müəssisəsində əmək fəaliyyətinin yoxlanılması ilə bağlı apelyasiya məhkəməsi tərəfindən buraxılmış səhvlər sadalanmışdı. Ali Məhkəmə qərarında göstərmişdi ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə tərəfindən DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsinə «Elbrus» kiçik müəssisəsinin 1993-1996-cı illərdə qeydiyyatda olub-olmaması, qeydiyyatdadırsa sosial sığorta haqları ödəyib-ödəməməsi, ödəmişdirsə iddiaçının adına sosial sığorta haqlarının ödənilməsi dinamikası barədə məhkəməyə ətraflı məlumat verilməsinə dair sorğu ünvanlanmışdır. DSMF-nin Bakı şəhəri üzrə X6 İdarəsi xx.xx.2018ci il tarixli məktubunda qeyd etmişdir ki, «Elbrus» kiçik müəssisəsi xx.xx.2014-cü il tarixdə Fondda qeydiyyatdan keçdiyindən 1993- 1996-cı illər arasında dövrə aid məlumat vermək mümkün deyil. DSMF-nin Bakı şəhəri üzrə X6 İdarəsi xx.xx.2018-ci il tarixli məktubunda isə qeyd etmişdir ki, «Elbrus» müəssisəsi adlı bir neçə sığortaedən olduğundan rekvizitləri dəqiqləşdirildikdən sonra müraciət edilməlidir. Göründüyü kimi məhkəmə iddia tələbi ilə bağlı sorğu ünvanlasa da, araşdırmanı sona çatdırmamış, iddiaçının işlədiyi «Elbrus» kiçik müəssisəsinin rekvizitləri dəqiqləşdirildikdən sonra təkrar sorğu ilə müraciət etməmişdir. Bundan başqa, Bakı şəhəri üzrə X6 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçdiyi göstərilən «Elbrus» kiçik müəssisəsinin iddiaçının işlədiyini iddia etdiyi müəssisə olub-olmaması dəqiqləşdirilməmişdir. Həmçinin iddia tələbi xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək «Elbrus» kiçik müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi olduğu halda məhkəmə tərəfindən 1993-1996-cı illərə dair sorğunun (natamam) göndərilməsinin səbəbi aydın deyildir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən bu səhvlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmalı, «Elbrus» müəssisəsi adı altında qeydə alınmış digər müəssisələrin iddiaçının işlədiyi müəssisələr olub olmadığı araşdırılmalı idi. Apelyasiya məhkəməsi zəruri həddə araşdırma aparmamış, iddiaçıdan işlədiyi müəssisəyə dair sənədlər, habelə işlədiyi illərədə sosial sığorta üzrə ayırmalar barədə sübutları tələb etmiş, lakin iddiaçı bu cür sənədləri təqdim edə bilməmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının kifayət qədər pensiya kapitalına malik olmadığı barədə nəticəyə gəlmişdir. Halbuki, müəssisə haqqında sənədlərin iddiaçıda olmaması mümkün olan haldır və bu cür sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymaq İPM-nin 12 və 14-cü maddələrinin tələblərinə uyğun gəlmir. İş materiallarından aydın görünür ki, iddiaçının qeydiyyatdan keçmiş digər «Elbrus» kiçik müəssisələrində işləyib-işləmədiyi aydınlaşdırılmamışdır. Bundan başqa, iddiaçının xx xxxx 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə onun əmək kitabçasında əksini tapmış məlumatı məhkəmə şübhə altına almış və bu yanaşmanı onunla əsaslandırmışdır ki, iddiaçının müəssisəyə direktor təyin olunması barədə qeydlər əmək kitabçasında yazılmamışdır. Buna əsasən də apelyasiya instansiyası məhkəməsi əmək kitabçasında göstərilən həmin dövrün əmək stajına daxil edilməsinin mümkün olmadığı barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticəyə gəlmək üçün kifayət qədər əsaslandırma aparılmamışdır. Doğrudur ki, əmək kitabçasının dördüncü sütununda əksini tapmalı olan məlumatlardan biri də qeydlərin nəyin əsasında yazılmasıdır və mötərizədə bu məlumatların sənəd, onun tarixi və nömrəsindən ibarət olduğu göstərilmişdir. Sözügedən əmək kitabçasında iddiaçının xx xxxx 1993-cü il tarixdə “Elbrus” kiçik müəssisəsinə direktor qəbul edilməsi barədə sənədlər göstərilməmişdir. Lakin onun xx.xx.1999-cu ildə müəssisədən azad edildiyi barədə məlumat tamdır, yəni əmrin tarixi və nömrəsi göstərilmişdir və işin bu halı, iddiaçının bu əmək stajının qəbul edilməməsi barədə gəlinən nəticəsinin təkzibolunmaz sübutlarla əsaslandırılmasını tələb edir. Lakin apellyasiya instansiya məhkəməsi bu hala da qiymət verməmiş və iddiaçının “Elbrus” kiçik müəssisəsində işləməsinin yoxlanılması istiqamətində ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Təkrar apellyasiya baxışı zamanı sözügedən məsələ üzrə hərtərəfli araşdırmanın aparılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığına qiymət verilməlidir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı məhkəmə kollegiyası tərəfindən Milli Arxiv İdarəsinə, Ədliyyə Nazirliyinə və Dövlət Vergi Xidmətinə sorğularla müraciətlər edilmiş, alınan cavablarda “Elbrus” KM-in 1993-1999-cu illərdə vergi ödəyicisi kimi qeydiyyatda olmadığı, müəssisənin sənədlərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı, həmçinin, bildirir ki, normativ-hüquqi aktla sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu imperativ qaydada tələb edilmiş, bu sənəd müxtəlif səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda isə iş stajının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə biləcəyini bildirilmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin, qeyd olunanlara zidd olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən mötəbər əmək kitabçası cavabdehə və Məhkəməyə təqdim olunmamışdır. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Elbrus” KM-də işlədiyi dövr, onun əmək kitabçasının mötəbər olmayan qeydlərindən başqa, heç bir səhih məlumatla təsdiqlənmir. Bununla bağlı, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər əmək kitabçasının təqdim edilməməsi özlüyündə cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər sübut təqdim olunmadan yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbər qəbul edilən bəlli rəsmi sənədlərə malikdir. İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrə dair mötəbər qeydləri ehtiva edən əmək kitabçasını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Bu məqamda məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, İPM-in 12-ci maddəsində əks olunan “işin hallarının araşdırılması” və 13-cü maddəsində nəzərdə tutulan “məhkəmənin yardım etmək vəzifəsi” prinsipləri Məhkəmənin tərəflərin yerinə keçərək, onların əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi nisbi xarakterlidir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış münasibətin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələm-tələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində lüzumsuz çətinliklərlə üzləşirlər. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən əmək kitabçası ilə təsdiq edilməli olan iş stajı belə əhəmiyyətə malik mötəbər sübutla təsdiq olunmayan və yetərli pensiya kapitalına malik olmayan iddiaçının əmək pensiyasına çıxmaq hüququ iş materialları ilə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia əsassız olduğu üçün təmin ediməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2854/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maddi-məişət şəraitinin müayinəsi üzrə Mərkəzi filialına qarşı xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Elbrus” kiçik müəssisəsində direktor vəzifəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1553/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1553/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver