Məhkəmə qərarları › İş №2-1(103)-1553/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1553/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1553/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 (xx.xx.2001-ci il tarixdə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) və İddiaçı1 (xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-614/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 04.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı (nikah məhkəmə qaydasında pozulmuşdur) X3 15.01.2019-cu il tarixində vəfat etmişdir və onun iddiaçı ilə birgə nikahdan olan övladı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 hazırda Bakı Dövlət Universitetində əyani təhsil alır. Bu səbəbdən iddiaçı hesab edir ki, İddiaçı2 ailə başçısını itirməyə görə pensiya təyin edilməlidir. İddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-614/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı2 təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi Rayon Xidmət nümayəndəliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. 22.04.2021-ci il tarixdə qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın qeyri mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi üçün ümumiyyətlə Nəsimi rayon Xidmət Nümayəndəliyinə müraciət etməmişdir və buna görə də ona hər hansı imtina cavabı verilməyib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü yoxlamalıdırlar. İddiaçı cavabdeh orqana pensiya təyinatı üçün müraciət etmədiyinə və ona cavabdeh tərəfindən imtina verilmədiyinə görə İddiaçı2 iddiası mümkünsüzdür. Qərarın ləğv edilməsi üçün ikinci əsas İddiaçı1 da iddiasının mümkünsüz olmasıdır. Belə ki, İddiaçı1 və X1 nikah münasibətlərinə 2012-ci ildə məhkəmə qaydasında xitam verilmişdir. Buna görə də İddiaçı1 “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmır. Digər tərəfdən, İddiaçı1 Nəsimi Rayon Xidmət Nümayəndəliyinə müraciət edərkən onun qızı İddiaçı2 18 yaşı artıq tamam olmuşdur (08 mart 2019). Beləliklə, inzibati orqana İddiaçı2 özü tərəfindən müraciət edilməli və imtina da məhz ona verilməli idi. Hazırkı vəziyyətdə İddiaçı1 öz iddiasının mümkünsüz olmasına görə həmin iddiaya yeni iddiaçının qoşulması da mümkünsüz hesab edilməlidir. İşin apellyasiya icraatı zamanı İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)- 614/2020 nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan: - AZ-İ seriyalı, 996382 saylı, 07.03.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən qeyd edilmişdir ki, vətəndaş X3 15.01.2019-cu ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin 1-ci ayının 18-ci günündə 04 nömrə ilə qeyd edilmişdir, ölümün səbəbi-miokard infarktı, öldüyü yer-Tovuz rayonunun Qaraxanlı kəndi, qeyd edilən yer-Tovuz rayon Qaraxanlı kənd İN-yi, imzalayan şəxs qeydiyyat orqanının vəzifəli şəxsi- K.İsmayılova. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi Rayon Şöbəsinin **********2 nömrəli, 29 oktyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, Mehman Sarıyevin ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajı olmadığına görə Tünzalə Musayevanın ərizəsini təmin etmək mümkün olmamışdır. - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 16.02.2021-ci il tarixli **********3 nömrəli Xidməti Məktubundan görünür ki, İddiaçı2 08.12.2020-ci il tarixli ərizəsinə və əlavə etdiyi sənədlərə əsasən ona atası X1 vəfat etməsi ilə əlaqədar olaraq, (vəfat etmiş və ya həlak olmuş ailə başçısının təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək)) 01.01.2021-ci il tarixdən 30.06.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı2 ərizəsinə əlavə etdiyi Bakı Dövlət Universitetinin 04.12.2020-ci il tarixli 736/EƏ nömrəli arayışında onun Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisasının əyani şöbəsinin üçüncü kurs tələbəsi olması bildirilmişdir. Onun birinci və ikinci kurslarda (atasının vəfat etdiyi dövrdə) əyani təhsil alması barədə təsdiqedici sənədlər pensiya işində mövcud deyil. İddiaçı2 təhsil aldığı müddətin (İ kursdan hal-hazırkı vaxtadək) əyani olması barədə arayış təqdim etdiyi təqdirdə ona atası M.Sarıyevin vəfat etdiyi 15.01.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciətinə yenidən baxıla bilər. - Bakı Dövlət Universitetinin 528/EƏ nömrəli 26.09.2019-cu il tarixli Arayışına əsasən İddiaçı2 Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisasının əyani şöbəsinin Azərbaycan bölməsi üzrə ikinci kurs tələbəsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi qismən əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İddiaçı2 əyani təhsil alması iş materialları ilə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbini “İddiaçı2 təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsi” hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin “İddiaçı2 təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsi” hissəsində təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı1 ilə X1 nikah münasibətlərinə 2012-ci ildə məhkəmə qaydasında xitam verilmiş, X3 15.01.2019-cu il tarixində vəfat etmişdir. Göründüyü kimi İddiaçı1 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamış, dolayısıyla cavabdeh tərəfindən onun hüquqları pozulmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin həmin hissədə mümkün sayılmaması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi İddiaçı2 ona təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-614/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı2 təyin edilmiş pensiyanın 15.01.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar