Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1553/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pul vəsaitinin geri qaytarılması və pulun tutulmasının qadağan edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26-29 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının pensiyasından tutmaların həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin (əmrin, qərarın, sərəncamın) qanunsuz hesab edilməsi, 58120,82 manat məbləğində tutulmuş pul vəsaitinin ona geri qaytarılması və Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatının qanunamüvafiq qaydada hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən Azərbaycan Respublikası Milli Məclisin sabiq deputat kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan pensiya alır. Ötən müddət ərzində pensiyası qanunamüvafiq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna etirazını bildirmişdir. Qeyd edir ki, cavabdehin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatının (1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008-ci il tarixədək 25 faiz, 1 avqust 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək 50% həcmində əlavələr nəzərdə tutulub) ona verilməsindən imtina etməsini mübahisələndirmidir və Bakı İnzibati Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-1(112)-262/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktının icrası zamanı cavabdeh tərəfindən 2007-ci ildən 2013-cü ilədək olan əlavələr qanunsuz şəkildə 28852,62 manat hesablamış, bu azmış kimi vəsaitin xeyli hissəsi əvvəllər ona ödənilmiş pensiyanın əvəzi kimi çıxılmışdır. Cavabdehin müraciətlərinə verdiyi 18.03.2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, ondan ümumilikdə, 58120,82 manat məbləğində pul tutulmuşdur. Hesab edir ki, cavabdeh DSMF-nin XŞTMF tərəfindən 58120,82 manat məbləğində pulun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktı natamam icra edilərək “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatı (2007-2013-cü illər üzrə əlavələr) düzgün hesablanmamış, 28852,62 manat vəsaitin müəyyənləşdirilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatı 01.09.2007-ci ildən 31.08.2008-ci ilədək - 365 manat (25%), 01.09.2008-ci ildən 30.11.2013-cü ilədək 731 manat (50%) nəzərdə tutulduğu halda cavabdeh tərəfindən həyata keçirilmiş hesablanma uyğunluq təşkil etməmişdir. Sonradan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdehin pensiya tutulmalarının həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin, 23 noyabr 2017-ci il tarixli sərəncamının qanunsuz və əsassız hesab edilərək tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İddiaçı dəqiqləşmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, onun razılığı olmadan cavabdeh tərəfindən külli miqdarda pulunun tutulması qanunsuz və əsassız olmuşdur. Məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh heç bir əsaslı səbəb gətirmədən 23.11.2017-ci ildən etibarən birtərəfli qaydada 56.388,32 manat pulun ondan alınması haqda sərəncam qəbul etmiş, 4 il ərzində pensiyasından aylıq 1225,83 manat pulun tutulması qərara alınmışdır. Əldə etdiyi məlumata əsasən belə bir qərarın qəbul edilməsi iki pensiya almağı olmuşdur. Lakin bu rəqəmin necə hesablanması, habelə iki pensiyanın təyinində pensiyaçının təqsirinin mövcudluğu göstərilməmişdir. Dəfələrlə cavabdehə etdiyim müraciətlərin nəticəsi olmamışdır. Qeyd edir ki, ondan 58.120 manat artıq pensiya ödənişi kimi tutulsa da, cavabdehin 23.11.2017-ci il tarixli sərəncamına əsasən bu məbləğ 56.388 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən təqaüdə çıxarkən aylıq 192 manat pensiya təyin edildiyini nəzərə alınsa, 129 ay 8 gün ərzində 58.120 manatlıq pensiya ödənişinin hansı qaydada hesablanmasını bilmək vacibdir. 4 il ərzində pensiyasından aylıq 1.225 manat məbləğində pul tutulduğunu, əvvəllər verilən rəsmi məlumata əsasən 01.08.2019-cu il tarixə qalan qalıq 30.645 azn təşkil etdiyini, 01.12.2017-dən 31.01.2021-ci ilədək 31.850 azn pul tutulduğunu nəzərə alınsa hazırda da pensiyasından tutulmanın aparılması tamamilə qanun pozuntusudur. Bundan başqa cavab məktubundan görünür ki, ona əvvəllər hərbi qulluqçu kimi pensiya verildiyi qeyd edilmişdir. Heç vaxt hərbi qulluqçu kimi fəaliyyət göstərmədiyini nəzərə alıb hərbiçi kimi pensiya təyinin hansı əsaslarla həyata keçirildiyi barədə də cavabdeh heç bir məlumat vermir. Bütün bunlar isə cavabdehin qanunazidd hərəkətlərə yol verdiyini təsdiq edir. Məlumat üçün qeyd edir ki, hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona pensiya təyin edilərkən yol verilmiş pozuntu barədə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Prezident Adminstrasiyasına müraciətlər göndərmiş, lakin cavabdeh inzibati orqan pensiya ödənişini dayandırmamışdır. Göründüyü kimi artıq pensiya ödənişinə görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımalıdır. Daha iddiaçı iddia tələbinə dəqiqləşmə verərək pulun tələb edilməsinin qanunsuz hesab edilməklə 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 11 fevral 2021-ci il və 18 fevral 2021-ci il tarixlərində iddia tələbi İlə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 23 yanvar 2007-ci il tarixindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. 01.08.2019-cu il tarixindən onun əmək pensiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Bildirilir ki, iddiaçı 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 2007-ci il tarixindən 01 dekabr 2013-cü il tarixinədək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-1(112)-262/2020 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial haqqında 23 iyul 2020-ci il **********1 nömrəli Əsasnaməyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının teyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi, ödənilməsi Mərkəzi Filialın səlahiyyətlərinə aid olduğundan Fondun Səbail rayon şöbəsi əsl cavabdeh ilə əvəz olunmuşdur. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2- 1(103)-1346/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1(102)-1013/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 2-1(103)-1346/2020 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Eyni zamanda bildirilir ki, iddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazirki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də 23.01.2007-31.10.2017-ci il tarixləri arasındakı dövr ərzində ona 58120,82 manat artıq pensiya ödənilmişdir. Həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi 01.12.2017- 31.01.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasından tutulmuş, qalıq 22008,44 manat təşkil etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı pulun tələb edilməsinin qanunsuz hesab edilməklə 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddia tələbinin təmini üçün iddiaçının həm hərbi qulluqçu, həm də əlilliyə görə pensiya ödənişini alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olub-olmamasıdır ki, məhkəmə hesab etmişdir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə əmək pensiyası məbləğinin ödənilməsinə, yəni 58120,82 manat artıq ödəmənin həyata keçirilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab etmişdir ki, yolverilməzdir. Göründüyü kimi pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuzdur, bu səbəbdən də cavabdeh tərəfindən əlavə ödəmə kimi tutulmuş pul məbləği geri qaytarılmalı, tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanunun: Maddə 1.1 Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin artıq alınmasına nail olubsa və ya pensiya məbləğinin artıq hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində səhv etməsi məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik cavabdeh tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanın aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan iddiaçıdan səhv hesablamanın müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilən 58120,82 manat pul məbləğinin ondan geri tələb edilməsinin qanunsuz hesab edilməsi barədə birinci instansiyasının gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1553/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1553/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver