Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1553/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-8328/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması, ödənilməmiş pensiya məbləğinin birdəfəlik qaydada iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin sorğularına əsasən İddiaçı pensiya işinin əsli məhkəmə iclasına təqdim edilmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 200 (iki yüz) manat məbləğində cərimə təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 200 manat məbləğində cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh şikayət verərək, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 16 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından işə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması ilə bağlı inzibati icraatı üzrə materiallarının, o cümlədən iddiaçının müraciət ərizəsinin, imtina məktubunda istinad edilən halların araşdırılması ilə bağlı sənədlərin, iddiaçının pensiya işinin əslinin 10 gün müddətində təqdim edilməsini tələb etmişdir. Məktuba cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 15 iyul 2022-ci il tarixli **********6 nömrəli məktubla qeyd edilən sənədlər və İddiaçı pensiya işinin təsdiq olunmuş surəti Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin 24 avqust 2022-ci il tarixli sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.1950-ci il təvəllüdlü İddiaçı pensiya işinin əslinin 04 oktyabr 2022-ci il tarixdə saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına təqdim edilməsi tələb olunmuşur. Sorğuya cavab verilmədiyi halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən cavabdehə 2000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 30 sentyabr 2022-ci il tarixli **********3 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli e-2-1(112)-8328/2022 nömrəli sorğusu icra edilmiş və sənədlər məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)-8328/2022 nömrəli qərardadı ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı pensiya işinin əslinin təqdim edilməməsi səbəbilə 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyin tələblərinə əməl olunaraq müvafiq sənədlər məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən əsassız olaraq cərimə tətbiq edilməsi barədə qərardad qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi 16 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq baxılması ilə bağlı inzibati icraatı üzrə materiallarının, o cümlədən iddiaçının müraciət ərizəsi, imtina məktubunda istinad edilən halların araşdırılması ilə bağlı sənədlər, iddiaçının pensiya işinin əslinin 10 gün müddətində təqdim edilməsini tələb etmişdir. Məhkəmənin 24 avqust 2022-ci il tarixli sorğusu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından xx.xx.1950-ci il təvəllüdlü İddiaçı pensiya işinin əslinin 04 oktyabr 2022-ci il tarixində saat 15:15-ə təyin edilmiş məhkəmə iclasına təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab verilmədiyi halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən cavabdehə 2000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, məhkəmə pensiya işinin əslinə baxış keçirilməsini işin araşdırılması üçün zəruri hesab etmiş, bununla əlaqədar məhkəmə tərəfindən cavabdehə sorğular göndərilərək pensiya işinin əsli tələb edilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan həmin sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, araşdırma zərurəti ilə əlaqədar məhkəmə tərəfindən tələb olunan sənədlərin əsli məhkəməyə təqdim edilməlidir. İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Tələb olunan sənədlərin təqdim edilməməsi məhkəmə araşdırmasının tam və hərtərəfli aparılmasına mane olur, işin araşdırılmasının heç bir əsas olmadan uzadılmasına səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmənin tələb etdiyi sənədlər dövlət orqanı olaraq məhz cavabdehin sərəncamındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 12.4-cü maddəsinə əsasən proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. Həmin Məcəllənin 78.5-ci maddəsinə əsasən cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Göründüyü kimi, məhkəmənin tələb etdiyi sübutun əslinin onda olmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan həmin sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1553/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1553/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver