Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1553/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Xumar Afət qızı Mərdanovadan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5895/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli F-257 nömrəli məktubuna əlavə edilmiş 2 №-li Zığ-zeytun sovxozu üzrə həmin sovxozun direktorunun 3 oktyabr 1988-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 2 №-!i Zığ-zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yararsız olan 6 hektar torpaq sahəsinin 100 yaşayış evinin, klubun və uşaq baxçasının tikilməsi üçün ayrılması haqqındakı 140,4 №-li 30 may 1986-ci il tarixli qərarına əsasən sovxozun komissiya heyrətinə tapşırılsın ki, fəhlə İddiaçı ev şəraitinin olmamasını nəzərə alaraq ona təsdiq edilmiş gen.plana uyğun bir tipli ev tikmək üçün 0,06 hektar torpaq sahəsi ayrılıb sərhədləri müəyyən edilsin. Torpaq sahəsi götürmüş İddiaçı tapşırılsın ki, ailə tərkibinə görə 1 mərtəbəli 2 otaqlı yaşayış sahəsi 40 kv.m. olan fərdi yaşayış evi tikdirsin. Əsas 17 nömrəli 26 sentyabr 1988-ci il tarixli protokol. Bakı şəhəri Xətai İcra Hakimiyyətinin başçısının Aparatının M-318-091 nömrəli 27 oktyabr 2022-ci il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 3 oktyabr 1988-ci il tarixli, 140,4 №li qərarı ilə iddiaçıya Abşeron rayonu, 2 №li Zığ-Zeytun sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır və mövcud vəziyyətə uyğundur. İddiaçı Abşeron rayon X9 İcraiyyə Komitəsinin 3 oktyabr 1988-ci il tarixli, 140,4 №li qərarı ilə Abşeron rayonu, 2 №li Zığ-Zeytun sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0, 06 hektar torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün müraciə etmiş, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr və 29 dekabr 2022-ci il tarixli imtina bildirişi və məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zığzeytun sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin, bir hissəsi isə qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, 2 nömrəli Zığ zeytunluq sovxozunun direktorunun torpaq ayrılması barədə xx.xx.1988-ci il tarixli, 81 saylı əmrinin əsli təqdim edilməmişdir. Həmçinin ərizəyə əlavə edilmiş M-318-091 nömrəli, xx.xx.2022-ci il tarixli Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş məktubda qeyd olunan əmrə istinad edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsindən digər fiziki şəxsin istifadə etdiyi və torpaq sahəsinin sənəd üzrə qeyd olunan ölçüdən (600 kv.m) 77,1 kv.m az olduğu məlum olmuşdur. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində səlahiyyətli şəxsin imzası və möhürü yoxdur. Həmin imtina məktubundan narazı qalan İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Abşeron rayonu, 2 №-li Zığ-Zeytun sovxozunun ərazisi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli № 140,4 saylı qərarına əsasən Bakı şəhəri, Abşeron rayonu, 2 №-li Zığ-Zeytun sovxozunun ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi onun adına ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi hasara alınaraq onun istifadəsindir. Bununla əlaqədar olaraq, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün o, ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublkası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Torpaq sahəsi elektrik və qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə əmrin əsli təqdim edilməmiş, İcra Hakimiyyəti orqanı tərəfindən verilən məktubda əmrə istinad edilməmişdir. Torpaq sahəsinin bir hissəsindən digər fiziki şəxsin istifadə etdiyi və faktiki istifadədə olan torpaq sahəsinin 77,1 kv.m az olduğu müəyyən edilmiş, yerləşmə cizgisində səlahiyyətli şəxsin imza və möhürü mövcud olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5895/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Abşeron rayonu 2 nömrəli Zığ-Zeytun Sovxozunun ərazisində (Zığ qəsəbəsi) yerləşən 522,9 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisi sovxoz tərəfindən verilməmişdir. Torpaq sahəsinin ayrılması barədə 81 saylı əmrdən çıxarış xx.xx.1988-ci il tarixli olsa da, sahəyə dair yerləşmə cizgisi xx.xx.2022-ci il tarixində tərtib edilmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi bütövlükdə yüksək gərginlikli elektrik xəttinin, bir hissəsi isə qaz xəttinin mühafizə zonasında yerləşir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayəti ilə qismən razılaşdığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə apellyasiya şikayəti cavabdeh orqan tərəfindən verildiyi üçün birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddia tələbinin təmin edilmədiyi hissədə iddiaçı apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Abşeron rayonu, 2 №-li Zığ-Zeytun sovxozunun ərazisi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən “torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsinə, 2 nömrəli Zığ zeytunluq sovxozunun direktorunun torpaq ayrılması barədə xx.xx.1988-ci il tarixli, 81 saylı əmrinin əslinin təqdim edilməməsi, ərizəyə əlavə edilmiş M-318-091 nömrəli, xx.xx.2022-ci il tarixli Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş məktubda qeyd olunan əmrə istinad edilməməsinə, torpaq sahəsinin bir hissəsindən digər fiziki şəxsin istifadə etdiyi və torpaq sahəsinin sənəd üzrə qeyd olunan ölçüdən (600 kv.m) 77,1 kv.m az olduğuna, təqdim edilmiş yerləşmə cizgisində səlahiyyətli şəxsin imzasının və möhürünün olmaması”na istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın qismən, 522.9 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması hissəsində təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh inzibati orqan imtina dəlillərindən biri kimi “2 nömrəli Zığ zeytunçuluq sovxozunun direktorunun torpaq ayrılması barədə xx.xx.1988-ci il tarixli, 81 saylı əmrinin əslinin təqdim edilməməsi”ni göstərir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, iş materiallarında olan 2 №-li Zığ-zeytun sovxozu üzrə həmin sovxozun direktorunun 3 oktyabr 1988-ci il tarixli 81 nömrəli əmrindən görünür ki, İddiaçı ev şəraitinin olmaması nəzərə alınaraq fərdi yaşayış evi tikilməsi üçün 0, 06 hektar torpaq sahəsi ayrılmışdır. Həmin əmrin həqiqiliyi Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin müdiri tərəfindən imza və möhür ilə təsdiq olunmuşdur. Cavabdehin digər dəlili ərizəyə əlavə edilmiş M-318-091 nömrəli, xx.xx.2022-ci il tarixli Xətai Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş məktubda qeyd olunan əmrə istinad edilməməsidir. Lakin həmin məktubda əmr yazılmasa da, Abşeron rayon X9 İcraiyyə Komitəsinin 3 oktyabr 1988-ci il tarixli, 140,4 №li qərarı yazılmışdır ki, bu da həmin əmrə istinad olunduğunu bir daha təsdiq edir. Cavabdehin əsas dəlillərindən biri də “iddiaçının torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin, bir hissəsinin isə qaz xəttinin mühafizə zonasında yerləşməsi” ilə bağlı olmuşdur. Bakı şəhəri Xətai İcra Hakimiyyətinin başçısının Zığ İƏD üzrə nümayəndəsinin imzası və həmin icra hakimiyyətininin Layihələr üçün Ümumi şöbəsinin möhürü ilə təsdiq olunmuş Yerləşmə cizgisi ilə həmin torpaq sahəsinin koordinasiya nöqtələri aşağıdakı kimi qeyd olunmuşdur. s KOORDİNASİYA NÖKTƏLƏRİ Sıra metr 1 X-412118.747 Y-4467432.767 1-2 8.50 2 X-412127.260 Y-4467432.778 2-3 11.40 3 X-412138.616 Y-4467433.356 3-4 23.40 4 X-412137.639 Y-4467409.991 4-5 20.40 5 X-412118.453 Y-4467403.126 5-1 29.65 Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı "xxxx" ASC tərəfindən İddiaçı verilən 05 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində aşağıda qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi 35 kvluq voltluq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmir və ASC torpağın qeydiyyata alınmasına etiraz etmir. “Azəriqaz” İB-nin birinci instansiya məhkəməsinə verdiyi məktubdan görünür ki, torpaq sahəsinin hüdudları daxilindən diametri 76 mm olan aşağı təzyiqli, yerüstü qaz xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Sözügedən normanın məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı göstərdiyi dəlil əsassızdır və bu əsas iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri təqdim etdiyi halda onun mülkiyyət hüququnun qeydə alınıb, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarışın verilməsini istisna edə bilməz. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır (2-1(102)-445/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Məhkəmə kollegiyasi, cavabdeh inzibati orqanın “torpaqdan digər fiziki şəxsin istifadə etdiyi və torpaq sahəsinin sənəd üzrə qeyd olunan ölçüdən (600 kv.m) 77,1 kv.m az olması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin nömrə ilə sənədlər digər şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, cavabdeh qurumun təqdim etdiyi müqavilədə satıcı X10, alıcı isə X5 göstərilmiş, müqavilə həmin şəxslər arasında bağlanılmış, üçüncü şəxs Mübariz Cumayev tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsi və texniki pasportda qeyd edilən inventar nömrəsi və qeyd nömrəsi fərqli ünvanda digər fiziki şəxsin- İradə Alxazovanın adına qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda da eyniliklə qeyd olunmuşdur. Müəyyən olunur ki, İradə Alxazovanın alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsi satıcı Mais Mirzəyevin adına olmuş, daha sonra həmin əmlak İradə Alxazovaya satılmışdır. Cavabdeh quruma Mübariz Cumayev tərəfindən daşınmaz əmlakın adına rəsmiləşdirilməsi ilə bağlı müraciətinə isə imtina verilmiş və bu zaman cavabdeh qurumun əsas arqumenti ondan ibarət olmuşdur ki, təqdim olunan qeydiyyat vəsiqəsi və texniki pasportda qeyd edilən inventar nömrəsi və qeyd nömrəsi fərqli ünvanda digər fiziki şəxsin adına qeydiyyata alınmış fərdi yaşayış evinə aiddir. Qeyd olunan məsələlərə aydınlıq gətirilməsi məqsdəilə apellyasiya baxışı zamanı cavabdeh quruma məhkəmə sorğusu ünvanlanmış, həmin sorğuya cavab olaraq cavabdeh qurum xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2 nömrəli Zığ Zeytunçuluq sovxozunun ərazisidir. Koordinatlarla verilmiş ərazinin 263.0 kv.m hissəsi X1 müraciəti ilə üst-üstə düşür. Həmçinin hər iki ərazi tamamilə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunanlarla yanaşı İddiaçı tərəfindən müraciət zamanı göstərilən ərazinin 15.0 kv.m hissəsi şimal tərəfdən yüksəktəzyiqli qaz xəttinin mühafizə zolağında yerləşir. Həmin məktuba əlavə olunmuş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən olunur ki, X1 adına xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alındığı göstərilən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın faktiki 523.5 kv.m. ölçüsü var. Bir tərəfi yol, bir tərəfi boşluq, digər tərəfləri qonşudur. Qeydiyyat vəsiqəsi təqdim olunmuş yaşayış evi mövcuddur, yararlıdır. Yaşayış evinin şimal tərəfdən 14. Om məsafəsindən 35KV-lıq, cənub tərəfinin 5.1 m məsafəsindən İKV-liq elektrik xətti keçir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən digər müayinə (baxış) aktından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli İddiaçı müraciətində qeyd edilən 2 nömrəli Zeytun sovxozunda yerləşən torpaq sahəsinin faktiki ölçüsü 522,9 kv.m və hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m.-dir. Torpaq sahəsi iki tərəfdən qonşu m/daşı hasar, bir tərəfdən qonşu ev digər tərəfi isə şərtidir. Şərti sərhəd ərizəçinin göstərdiyi hissəyə uyğun tərtib edildi. Torpaq sahəsi yerləşmə cizgisində göstərilən yerləşmə mövqeyinə və perimetrik ölçülərinə uyğun olsada torpaq sahəsinin bir hissəsi başqası tərəfindən abadlıq sahəsi kimi istifadə edilir və həmin hissə torpaq sahəsinin yerdə qalan hissəsindən düzülmüz m/daşı hasar ilə ayrılmışdır və həmin hissəyə qonşunun giriş çıxışı var və mübahisə predmeti mövcuddur. Həmçinin torpaq sahəsinin üzərindən və 12.6 m məsafəsindən YGEX(35kv) keçir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş ortofoto görüntüdən müəyyən olundu ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin nə Mübariz Cumayevin cavabdeh qurum qarşısında iddia etdiyi torpaq sahəsinə, nə də cavabdehin təqdim etdiyi alqı-satqı müqaviləsi üzrə alıcı İradə Alxazovanın aldığı torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur, torpaq sahələri ayrı-ayrı yerlərdə yerləşir. Bu fakt məhkəmə baxışı zamanı işdə iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. İddiaçının iddia etdiyi torpaq sahəsinin sənəd üzrə qeyd olunan 600 kv.m. ölçüdən 77,1 kv.m az olması barədə dəlilə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu məsələyə də birinci instansiya məhkəməsi düzgün qiymət verərək iddia tələbini qismən, yəni 522,9 kv.m. ölçüdə torpaq sahəsinə münasibətdə təmin etmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5895/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5895/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elnur Həsənov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(103)-1553/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1553/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver