Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1553/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8936/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) rəhbərlər və mütəxəssislər bəndində (1100000b) 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları, 1100000a— 23362 kodu üzrə isə avadanlığın təmiri üzrə ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş, SOCAR “Geofizika və Geologiya İdarəsi”nin sizə dair xx.xx.2023-cü il tarixli 14-2-4/2-M-xx-xx/2023-95 nömrəli arayışında xx.xx.1989xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində mühəndis, “Baker Hughes” şirkətinin ona dair arayışında xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis, “BP Exploration” LTD şirkətinin ona dair arayışında isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi mühəndis və avadanlığın təmiri üzrə mühəndis vəzifələri sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə aid deyil. İşlədiyi əməliyyatlar üzrə supervayzer vəzifəsi isə sözügedən Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (22 il 8 ay 10 gün (xx.xx.1982xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2002-ci il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 3 ay (xx.xx.1990- xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iş yerindən təqdim edilmiş arayışlarda onun işlədiyi sahələrin zərərli peşələrə aid olması müəyyən edilmişdir. O, xx.xx.2023-cü ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. Daha sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 52 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli cavab qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi onun işlədiyi vəzifələrin bəzilərinin zərərli iş stajının təyin edilməsinə imkan vermədiyi və onun xx.xx.2006-cı ilə qədər 25 il ümumi, 12 il 06 ay zərərli iş stajının kifayət etmədiyi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, iş yerindən verilmiş arayışlardan, hərbi biletin surətindən və təhsil barədə arayışdan görünür ki, iddiaçının 01.01,2006-cı ilə qədər 22 il 09 ay 12 gün ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumilikdə 12 il 11 zərərli iş stajı mövcuddur. Cavabdeh iddiaya yazılı münasibətində imtina məktubunda qeyd olunanlara istinad etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində və xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində “Baker Hughes" şirkətində, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “BP Exploration" LTD şirkətində əmək fəaliyyəti dövrlərinin güzəştli staj olmasına dair əsaslı şübhələr mövcuddur. Belə ki, SOCAR “Geofizika və Geologiya ldarəsi"nin xx.xx.2023-cü il tarixli 14-2-4/2- M-xx-xx/2023-95 nömrəli arayışında xx.xx.1989- xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Dəniz mədən X2 xidmətində mühəndis, “Baker Hughes" şirkətinin iddiaçıya dair arayışında xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005- xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis vəzifələrində çalışdığı göstərilmişdir. Qeyd edilən vəzifələr müvafiq qərarla təsdiq olunan 1 №-li siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) rəhbərlər və mütəxəssislər bəndində (1100000b) 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən- geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofıziki partiyaların rəisləri, mühəndisləri, geofızikləri, geoloqları, texnikləri, ustaları, 1100000a— 23362 kodu üzrə isə avadanlığın təmiri üzrə ustalar vəzifələri ilə eynilik təşkil etmir. Bundan başqa, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “BP Exploration" LTD şirkətinin arayışında isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifəsində işlədiyi qeyd edilsə də, həmin vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının arayışda istinad edilən bölməsində - “rəhbərlər və mütəxəssislər" bölməsində nəzərdə tutulmamışdır. Beləliklə, qeyd olunan dövrlərin İddiaçı güzəştli iş stajı kimi nəzərə alınması qanunveriliklə mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8936/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, SOCAR“Geofizika və Geologiya İdarəsi”nin xx.xx.2023-cü il tarixli 14-2-4/2-M-xx-xx/2023- 95 nömrəli arayışında xx.xx.1989-xx.xx.1990-cı il tarixlərində Dəniz mədən X2 xidmətində mühəndis vəzifəsində çalışdığı göstərilmişdir. Sözügedən vəzifə müvafiq qərarla təsdiq olunan 1 №-li siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) rəhbərlər və mütəxəssislər bəndində (1100000b) 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi ilə eynilik təşkil etmir. İddiaçı “Baker Hughes” şirkətinin xx.xx.1998-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində avadanlığın təmiri üzrə mühəndis vəzifəsində çalışdığı dövrə münasibətdə isə qeyd edirik ki, “mühəndis” və “usta” peşələri fərqli xüsusiyyətləri əhatə etdiyindən və müvafiq siyahının sair bəndlərində fərqli peşələr kimi nəzərdə tutulduğundan (misal üçün siyahıda 1100000b—17541 kodu üzrə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) həmin vəzifənin siyahının 1100000a—23362 kodu üzrə avadanlığın təmiri üzrə ustalar vəzifəsi ilə eyniləşdirilməsi qanunvericiliyə ziddir. Bundan başqa, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi“BP Exploration” LTD şirkətinin arayışında isə xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməliyyatlar üzrə supervayzer vəzifəsində işlədiyi qeyd edilsə də, həmin vəzifə Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının arayışda istinad edilən bölməsində - “rəhbərlər və mütəxəssislər” bölməsində nəzərdə tutulmadığından həmin dövrün də eyniləşdirilmə aparılaraq güzəştli iş stajı kimi qəbul edilməsi mümkün deyildir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan dövrlərdə işlədiyi vəzifələrin Nazirlər Kabinetinin müvafiq qərarına uyğunluğunu kifayət qədər əsaslandırmadan, sadəcə təqdim edilən arayışda qeyd olunanlara əsasən həmin illərin onun güzəştli sosial sığorta stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və tələb olunan ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının ı xx.xx.2017-ci il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçıya məxsus ПВ №010316 nömrəli, xx.xx.1989-cu il tarixli diplomdan görünür ki, iddiaçı 1982-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1989- cu ildə həmin İnstitutda “Radiotexnika” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Azərbaycan Texniki Universitetinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 141-U (p) nömrəli xx.xx.1982-ci il tarixli əmrə əsasən, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırki Azərbaycan Texniki Universiteti) “Radiotexnika” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№ 302r), 178-U(p) nömrəli xx.xx.1983-cü il tarixli əmrə əsasən, hərbi xidmətə çağırışla əlaqədar İnstitutun tələbələri sırasından xaric edilmiş, 228-U(p) nömrəli xx.xx.1985-ci il tarixli əmrə əsasən, hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar İnstitutun tələbələri sırasına (əyani; qr.№304r; 3 kurs) bərpa olmuş, 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, İddiaçı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani şöbəsini “Radiotexnika” ixtisası üzrə bitirmiş və ona ПВ № 010316 nömrəli radio-mühəndisi diplomu verilmişdir (qeydiyyat nömrəsi 0742). xx.xx.1991-ci il tarixli, ГР seriyalı 041183 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilə qədər ’'X17 Geofizika” Trestində avadanlıq və cihaz təmiri üzrə çilingər-elektrik quraşdırıcı, 4-cü dərəcəli elektrik mexaniki, 5-ci dərəcəli çilingər elektrik mexaniki, 26 Bakı Kommisarları adına X12 Ekspedisiyasının mühəndis xidmətində mühəndis, Bahar MPQA X6 rəisi, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər "xxxx" MMC-də elektrik mexaniki, xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilə qədər “X15 İnternəşnl İnk.” Şirkətində avadanlıqlara xidmət üzrə mühəndis, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər ”BP Exploration Ltd.” Şirkətində Təşkilatın texniki inkişafı şöbəsində əməliyyatlar üzrə texnik, həmin şöbədə səriştə rəhbərliyinin təminat sistemi üzrə texniki köməkçisi, əməliyyatlar ixtisaslar üzrə məsləhətçi, “Şah Dəniz Layihəsinə” Əməliyyatlar üzrə Supervayzer, xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilə qədər “X16 İnt. İnk” Şirkətində avadanlığın təmiri üzrə mühəndis, keyfiyyət üzrə mütəxəssis, keyfiyyət üzrə baş mütəxəssis, Əməliyyatlar dəstəyi üzrə mütəxəssis vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının ali təhsil, hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə tələb olunan 20 ildən artıq-28 il 8 ay 18 gün ümumi iş stajı mövcud olmuşdur. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İşdə olan Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsinin 14-2- 4/2-498/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, “İddiaçı “Xəzərdənizneftgeofizika” Trestinin (indiki X3) arxiv sənədlərində onun Aparat və cihazların təmir sahəsində elektromontajçı-çilingər, “26 Bakı Komissarları” adına Dəniz Mədən X2 xidmətində mühəndis, “26 Bakı Komissarları” adına X13 Ekspedisiyasının 20 saylı X7 rəis vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1988cı il tarixli 117-k nömrəli əmrə əsasən xx.xx.1988-ci il tarixdən Aparat və cihazların təmir sahəsinə 3-cü dərəcəli elektromontajçı-çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1989-cu il tarixli 63-k nömrəli əmrə əsasən xx.xx.1989-cu il tarixdən “26 Bakı Komissarları” adına Dəniz Mədən X2 xidmətinə mühəndis vəzifəsinə keçirilmişdir. Qeyd: X13 X1 quyularda mədən geofiziki işləri yerinə yetirirdilər. Həmin ekspedisiyada mühəndis xidmətində çalışan mühəndislər bu qurğularda mədən geofiziki işləri yerinə yetirirdilər. xx.xx.1990-cı il tarixli 26-k nömrəli əmrə əsasən xx.xx.1990-cı il tarixdən “26 Bakı Komissarları” adına X13 Ekspedisiyasının 20 saylı X8 rəis vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1997-ci il tarixli 51-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cəmi iş stajı: xx.xx.1988-ci il tarixdən - xx.xx.1997-ci ilə qədər 8 il 7 aydır. İddiaçı çalışdığı mühəndis, partiya rəisi vəzifələrində çalışanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1100000b b) Rəhbərlər və mütəxəssislər yarımbəndindəki 17541 kodunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda isə 10.1. kodunun b) Rəhbərlər və mütəxəssislər bəndində göstərilmişdir.” “BP Exploration” LTD-nin arayışından görünür ki, “İddiaçı Nəcəfqulu oğlu 17 fevral 2003-cü il tarixdən 18 avqust 2005-ci il tarixinədək BP Eksploreyşn (Kaspian Si) limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyib və Şirkətdə onun son vəzifəsi Şah Dəniz layihəsində əməliyyatlar üzrə supervayzer olmuşdur. xx.xx.2004 xx.xx.2005 - Əməliyyatlar üzrə supervayzer (indiki Hasilat üzrə qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) vəzifə adına uyğundur). Qeyd: bu müddət ərzində ancaq 77 gün dənizdə işləyib. Bu peşənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000b-24125 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Bu peşənin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (b) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin HR002/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “İddiaçı Nümayəndəlikdə 1 noyabr 1998-ci ildən 12 avqust 2014-cü il tarixinə qədər, müvafiq olaraq Avadınlığın Təmiri üzrə Mühəndis, Keyfiyyət üzrə Mütəxəssis, Keyfiyyət üzrə Baş Mütəxəssis və Əməliyyatlara Dəstək üzrə Mütəxəssis vəzifələrində çalışmış və həmin vəzifələr üzrə əmək funksiyalarını icra etmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmışdır. Onun tutduğu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 saylı qərarındakı 1100000b—17541 kodu ilə (“Quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”) nəzərdə tutulan vəzifələr siyahısına daxil olmuşdur. Göstərilmiş kod orada müəyyən edilmiş işlərin, peşələrin vəzifələrin həcmi dəyişdirilmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında 10.1.b kodu üzrə nəzərdə tutulmuşdur. İddiaçı Nümayəndəlikdə 1 noyabr 1998-ci ildən 8 yanvar 2008ci ilə qədər Avadanlığın Təmiri üzrə Mühəndis (dəniz platformalarında və qazma qurğularında karotaj/geofizik avadanlıqların quraşdırılması və təmir işləri; partiya rəhbərlərinə texniki dəstəyin göstərilməsi), 8 yanvar 2008-ci ildən 1 aprel 2008-ci ilə qədər Keyfiyyət üzrə Mütəxəssis, 1 aprel 2008-ci ildən 2 noyabr 2009-cu ilə qədər Keyfiyyət üzrə Baş Mütəxəssis və 2 noyabr 2009-cu ildən 12 avqust 2014-cu il tarixinə qədər isə Əməliyyatlara Dəstək üzrə Mütəxəssis vəzifələri üzrə əmək funksiyalarını icra etmişdir. İddiaçı icra etdiyi əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarındakı 1100000b—17541 kodu ilə nəzərdə tutulan vəzifələr siyahısına daxil olmuşdur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000b—1100000b—17541- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma, b) Rəhbərlər və mütəxəssislər - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Qeyd olunan arayışlardakı məlumatlar və 1 nömrəli Siyahıdakı müvafiq kodlar nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 13 il 9 ay 5 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən vəzifələrə uyğun gəlmədiyini müəyyən edərkən, yalnız ad uyğunsuzluğuna istinad etmiş, iddiaçının işlədiyi vəzifə üzrə əmək funksiyasının arayışda qeyd edilən kodlar üzrə vəzifələrin əmək funksiyası ilə eyni olub olmamasını heç araşdırmamış, həmin peşələrə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmişdir. Halbuki yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış mövqeyə görə şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi isə işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir, hansı ki, işdə olan həmin arayışlarda işəgötürən tərəfindən iddiaçının yerinə yetirdiyi əmək funksiyaları ətraflı qeyd edilmişdir. Cavabdeh tərəfindən arayışlarda qeyd edilən məlumatların həqiqətə uyğun olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, Siyahıda qeyd olunan vəzifənin əmək funksiyasının nədən ibarət olduğunu, iddiaçının tutduğu vəzifə üzrə həmin funksiyalardan hansını yerinə yetirmədiyini əsaslandırmamışdır Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçası və arayışlardan müəyyən edilir ki, iddiaçıya münasibətdə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 10 ildən artıq xüsusi iş stajı mövcud olmuşdur. Odur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8936/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1553/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1553/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver