Məhkəmə qərarları › İş №2-1(103)-1554/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1554/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1554/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı Əlihadi oğlu, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əlihadi oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı-İnzibati Məhkəməsinin 2-1(112)-8815/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əlihadi oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilsə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının pensiyasından tutulmalar edilməsinin dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh tərəfindən pensiya məbləğindən tutulmaların dayandırılması və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Daha sonradan iddiaçı iddia tələbinə təkrarən dəqiqləşmə verərək, cavabdehin qəbul etdiyi 14392 saylı 18 noyabr 2020-ci il tarixli inzibati aktın etibarsız hesab edilməsi və iddiaçının pesiyasından tutulmaların dayandırılaraq tutulan məbləğin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmuş, inzibati icraat məlumatlandırma ilə bağlı tələblərə riayət edilmədən aparılmışdır. Eyni zamanda əmək pensiyasına əlavənin tutulması məhkəmə qaydasından kənar olaraq razılıq əsasında həyata keçirilməli olmasına baxmayaraq iddiaçı tərəfindən belə razılıq verilmədən, cavabdeh səlahiyyətindən kənar olaraq pulu tutmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8815/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 18 noyabr 2020-ci il tarixli 14392 nömrəli qərar – xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 7.894,35 manat hər ay iddiaçının əmək pensiyasından tutulması hissəsində etibarsız hesab edilməsi, İddiaçı Əlihadi oğluna elmlər doktoru elmi dərəcəsinə görə ümumilikdə 7.894,35 manat əlavə ödənilmiş pensiya məbləğinin tutulmasının dayandırılması və həmin məbləğin, yəni 7.894,35 manat pulun ödənilməsi ilə bağlı İddiaçı Əlihadi oğlunun əmək pensiyasından hər ay tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8815/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 25 ildən çox iş stajına malikdir və hər ay yaşa görə əmək pensiyası alır. İnzibati orqanın hazırki iş üzrə əmək pensiyasını yenidən hesablamaq hüququ olsa idi, "İnzibati icraat haqqında" Qanunun qanunsuz inzibati aktın ləğv edilməsi ilə bağlı müddəaları tətbiq olunmalı idi. Belə ki, sözügedən Qanun qanunsuz olaraq qəbul edilmiş inzibati aktın ləğvini həmin aktın qəbul edilməsinin maraqlı şəxsə təsiri baxımından fərqli qaydada tənzimləmişdir. Qanunun 67.5ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun tələblərini nəzərə alsaq, iddiaçının qəbul edilmiş inzibati akta etimad göstərməsi faktı həmin aktın sonradan qanunsuz olduğu aşkar olunsa belə, ləğvini istisna edir. Cavabdehin iddiaçının elmlər doktoru elmi dərəcəsinə görə pensiyasına əlavənin təyin olunması barədə qərarı sadəcə aktın sonradan qanunsuz olduğunun məlum olması əsasında ləğv edilə bilməz. Qanunverici bu norma vasitəsilə inzibati orqana etimad göstərmiş maraqlı şəxsin hüquqlarını qorumaq, eyni zamanda qanunsuz yollarla inzibati aktın qəbul edilməsinə nail olmuş maraqlı şəxsin hərəkətlərindən isə inzibati orqanı müdafiə edərək balanslaşdırmaya nail olmaq məqsədi güdmüşdür. Hazırki iş üzrə inzibati aktın qəbul edilməsində 67.6-cı maddəsində sadalanan hallar mövcud olmadığı üçün iddiaçının etimad hüququ qorunmalıdır. Digər tərəfdən, cavabdeh "İnzibati icraat haqqında" Qanunun 67.13-cü maddəsinin tələblərinə də məhəl qoymamışdır. Belə ki, Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62- ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunun 62-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin birinci instansiya məhkəməsində araşdırma zamanı da məlum olmuşdur ki, iddiaçıya onun pensiyasına əlavənin təyin edilməsi haqqında qərarın ləğv edilməsi və artıq ödənilmiş pensiya məbləğinin qaytarılması haqqında qərarın qəbul edilməsi barədə rəsmi məlumat verilməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Fondun Bakı şəhər Binəqədi rayon şöbəsində (xidmət nümayəndəliyində) audit araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı elmi tədqiqat və ya təhsil müəssisələrində 25 il sığorta stajı olmadığı halda yanlışlıqla xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək onun əmək pensiyasının sığorta hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat məbləğində əlavə hesablanmışdır. Bununla da, İddiaçı pensiyası qanunvericiliklə müəyyən olunandan artıq məbləğdə hesablanmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Həmçinin, 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hər iki apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilən normadan göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə müvafiq olaraq inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. -57.1-ci maddəsinə görə, Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.1-ci maddəsinə uyğun olaraq İnzibati akt - Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən, İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə müvafiq olaraq İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -64.1-ci maddəsinə görə, İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2-ci maddəsinə uyğun olaraq İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3-cü maddəsinə əsasən, İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4-cü maddəsinə müvafiq olaraq Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Lakin, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərar isə inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Hazırkı iş üzrə də mübahisələndirilən qərarın bir hissəsi ilə bağlı cavabdehin səlahiyyətə malik olmasından söhbət gedə bilməz. Bu zaman isə cavabdehin artıq ödəmənin geri qaytarılması barədə qərar qəbul edib-etməməsində səlahiyyəti barədə qiymətləndirmə yox, iddiaçının razılığı olmadan pul məbləğinin geri qaytarılmasına münasibətdə etibarsızlıq əlamətlərinin mövcud olub-olmamağı yoxlanılmalıdır. Təbii haldır ki, vətəndaşın razılığı olacağı təqdirdə həmin qərarın qəbulunda cavabdeh tam səlahiyyət daşıyan inzibati orqan qismində çıxış edir. Lakin, razılıq olmadan həmin formada qərarın qəbulu isə ümumiyyətlə qanunvericiliklə qadağan edilmişdir. Bununla bağlı qərarı ləğvi ilə etibarsızlığı anlayışları arasında mühüm fərqləndirmənin mövcudluğuna qiymət verilməsi zərurəti müəyyən edilir ki, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ümumiyyətlə nəzəri olaraq inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi əsası ilə etibarsız hesab edilməsinə münasibətdə inzibati akt qəbul edilməsinə səlahiyyəti olmama bir neçə aspektdən qiymətləndirilməlidir. İlkin olaraq qeyd olunur ki, ümumiyyətlə inzibati akt qəbul etmək səlahiyyətinə malik olmama mahiyyəti etibarı ilə inzibati aktın qəbulunda səlahiyyətli hesab edilməmə anlamına gəlir ki, qeyd olunan hal inzibati aktın etibarsızlığı deməkdir. Belə ki, hər nə qədər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində inzibati aktın inzibati orqan kimi dövlət qurumları ilə yanaşı hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilməsi müəyyən edilmiş olsa da, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə uyğun olaraq fiziki şəxslərin və hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməsə də, burada hər hansı fiziki və hüquqi şəxsdən yox, məhz inzibati akt qəbul etmək səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş fiziki və hüquqi şəxsin inzibati akt qəbul etmək səlahiyyətindən gedir. Bu səbəbdəndir ki, həmin səlahiyyətə malik olmayan hər hansı kommersiya qurumunun, sahibkarlıq fəaliyyətini həyata keçirən və keçirməyən fiziki şəxsin inzibati akt qəbul etməsindən söhbət gedə bilməz, həmin şəxslər tərəfindən verilmiş akt isə ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməyə yönəlmiş olsa da ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmağa çalışılmışsa da hüquqi nəticəyə malik olmayacaqdır ki, qeyd olunan hal da həmin aktın mütləq mənada etibarsızlığı deməkdir. Göründüyü kimi səlahiyyəti olmama dedikdə aşağıda göstəriləcək digər meyarlarla yanaşı şəxsin ümumiyyətlə inzibati akt qəbul etmə səlahiyyətinin olmamasını da özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsində səlahiyyətin olmaması ilə bağlı, həmçinin onun da qeyd edilməsi zəruridir ki, işin hallarından asılı olaraq inzibati akt qəbul etmə səlahiyyətinə malik olub, ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olmama da qəbul edilmiş akta münasibətdə etibarsızlıq əsası qismində çıxış edir. Belə ki, yuxarıda adıçəkilən misaldan fərqli olaraq inzibati orqan ümumilikdə öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul edə bilir, lakin səlahiyyətləri çərçivəsindən kənara çıxan konkret halda inzibati akt formasında qərar və s qəbul etmişsə, qəbul edilən həmin akt da etibarsızdır. Buna misal olaraq təyinatı daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən orqanın vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etməsi, pensiya təyin edən orqanın torpaq sahəsinin ayrılması barədə sərəncam verməsi, torpaq ayırmaq səlahiyyəti olan qurumun pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi göstərilə bilər. Həmin hallardan da göründüyü kimi həmin qurumların öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul etmək səlahiyyəti olsa da, öz səlahiyyətlərindən kənara çıxan məsələlərdə inzibati akt formasında olsa da qəbul etdiyi qərar və hakimiyyət tədbiri xarakteri olan hər hansı sənəd etibarlılıq əlaməti daşımır və etibarsızdır. İnzibati akt qəbul etmə səlahiyyətinə malik olmamanın digər meyarı isə məhkəmə qeyd edir ki, həmin inzibati orqanın ümumilikdə ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olması, lakin həmin səlahiyyətin yalnız müəyyən şərtlərdən asılı olaraq qəbul edilə bilməsi ilə bağlıdır. Həmin şərtin pozulması etibarsızlığına səbəb ola bilər. Hazırkı iş üzrə də cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın 7.894,35 manat hər ay əmək pensiyasından tutulması hissəsində qəbulu ilə qanunvericiliklə müəyyən edilmiş şərt pozulmuş, inzibati aktın qeyd olunan hissədə etibarsız hesab edilməsi üçün əsas yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi konkret olaraq artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin əmək pensiyaçısının razılığı olmadıqda məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir ki, belə razılığın mövcud olmamasına baxmayaraq inzibati orqan tərəfindən qəbulu həmin inzibati aktın ləğvi yox, məhz etibarsızlığı üçün əsas yaradır. Belə ki, həmin şərt yoxdursa ümumiyyətlə inzibati aktın qəbulundan söhbət gedə bilməz. Doğrudur ki, qanunvericiliyin tələblərinin pozulması ilə (misal müddətlə bağlı şərt yerinə yetirilmədən, məlumatlandırma aparılmadan, araşdırma aparılmadan və s) inzibati aktın qəbul edilməsi hallarında həmin hallar inzibati aktın ləğvi əsası kimi çıxış edə bilsə də, qanunvericiliklə dairəsi müəyyən edilmiş elə şərtlər mövcuddur ki, həmin şərtin pozulması inzibati aktın ləğvinə yox, etibarsızlığına səbəb olur. Qanunvericiliklə dairəsi müəyyən edilmiş şərtlər isə konkret olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqədardır. Belə ki, digər hallardan fərqli olaraq əgər inzibati akt qəbul etmək səlahiyyətinə malik olan qurum tərəfindən qəbul edilmiş olsa belə 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozularsa etibarsızdır və hazırkı iş üzrə qəbul edilmiş qərarda isə ümumiyyətlə inzibati orqanın səlahiyyətli olması şübhə yaradır. Beləliklə, adıçəkilən Qanunun 39.1-ci maddəsində inzibati orqan tərəfindən şəxsin razılığı alınmadan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərar qəbul edildiyindən inzibati aktın həmin hissədə etibarlılığından söhbət gedə bilməz. Həmin orqanın razılıq mövcud olduğu təqdirdə həmin qərarı qəbul etmək səlahiyyəti mövcud olsa belə, razılıq olmadığı təqdirdə digər maddi və prosessual hüquq normalarının tələbləri yerinə yetirilməsinə baxmayaraq (misal araşdırma aparılmış, məlumatlandırma həyata keçirilmiş, inzibati araşdırma ilə bağlı müddətlərə riayət olunmuş) hər bir halda etibarsızdır. Beləliklə, hazırkı vəziyyətdə yuxarıda adıçəkilən Qanunun 39.1-ci maddəsinin tətbiqi zamanı qərarın ləğv edilməsinə münasibət bildirilməsi mübahisələndirmə növündə iddiaya baxılması məqsədləri ilə uyğunluq təşkil etmir. Belə ki, AR İPM-nin 2.2-ci, 2.2.1-ci və 32.1ci maddələri ilə müəyyən edilmiş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına dair mübahisələndirmə növündə iddia “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67 maddəsinin tələbləri nəzərə alınmaqla inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın ləğvi ilə bağlıdır. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə yanaşı ümumilikdə inzibati icraat haqqında hüquq normalarının, o cümlədən özündə prosessual normaları da ehtiva edən inzibati icraat haqqında hüquq normalarının tələblərinə əməl olunmaması da mübahiləndirmə iddiası nəticəsində qərarın ləğv edilməsinə əsas müəyyən edir. Lakin prosessual hüquq normalarının pozulmasının hansı hallarda inzibati aktın ləğvi, hansı hallarda inzibati aktın etibarsızlığına səbəb olması ilə bağlı ciddi fərq mövcuddur. Həmin fərqləndirmənin nəticəsidir ki, inzibati aktın ləğvi ilə, inzibati aktın etibarsızlığının hüquqi nəticələri də bir birindən ciddi şəkildə fərqlənir. Belə ki, inzibati aktın ləğvindən fərqli olaraq inzibati aktın etibarsızlığı zamanı hər bir halda adıçəkilən Qanunun 65.2-ci maddəsi ilə öz hüquqi nəticələrini qüvvədən salır. Adıçəkilən maddədən də müəyyən edilir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bundan başqa məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin digər gəldiyi nəticə ilə də razılaşır, belə ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ik, iddiaçının ona cavabdeh tərəfindən səhvən ödənilən 200 manat əlavənin ödənilməsinin davam etdirilməsi haqqında iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Belə ki, iddiaçı qanunla həmin məbləğin ünvanladığı elmlər doktoru olmamışdır və azı 25 il elmi və təhsil müəssisə və təşkilatlarında işləməmişdir (bu şərtlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixədək redaksiyada olan 19.2-ci maddəsində öz əksini tapmışdır). Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8815/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar