Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1554/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu 01 sentyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Hovuslu kəndində anadan olmuşdur. 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu Kirov adına kolxozda sürücü işləmişdir. 11 mart 2008-ci ildə Azərdövlətlahiyə Dövlət Baş X2 geoloji axtarış şöbəsinə geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsinə qəbul olunmuşdur və hazırda da işləyir. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan ona rəsmi cavab verilmişdir ki, sığorta stajı 25 il müddət tamamlanmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınin təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Belə ki, 01 oktyabr 1982-ci ildən 18 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu Kirov adına kolxozda sürücü işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsassən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sğorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvəyə mindiyi günədək sğortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqə, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-10492/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1993-cü il tarixli əmək kitabçasında xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul oiduğu qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçasında qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövrlər üzrə “il ərzində işlədiyi adam günləri miqdarı” və “müəyyən edilmiş əmək günləri minimumu” haqqında məlumatlar göstərilməmişdir. Cəbrayıl Rayon Dövlət Arxivinin məhkəmə sorğusuna cavab məktubundan aydın olur ki, Kirov adına kolxozun arxiv sənədləri mövcud deyildir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və əsassız yerə başqa kolxozlarda olan əmək günləri minimumuna istinad etmişdir. Halbuki həmin nümunələrdən də görünür ki, hər kolxozda əmək günləri minimumu fərqli olmuşdur. Birinci instansiya məhkəməsi il ərzində işlədiyi adam günləri miqdarına isə ümumiyyətlə toxunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. İş materiallarından görünür ki, iddiaçıya məxsus əmək kitabçası kolxozçunun əmək kitabçası deyil, adi əmək kitabçasıdır. Bundan başqa, iddiaçının güzəştli stajının olması da sübut olunmamışdır. Belə ki, iddiaçının güzəştli arayışı yoxdur. Tam əksinə, “Azərdövlətlayihə” İnstitutu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərdövlətlayihə” İnstitutunda mühəndis-geoloji axtarış işlərində çalışan işçilərin, o cümlədən qazma ustası-sürücü işlərində çalışanların vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda yer almamışdır. Lakin birinci instansiya məhkəməsi bunu da nəzərə almamış və absurd bir şəkildə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz 18 avqust 1993-cü il tarixli əmək kitabçanızda xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən əmək kitabçanızda qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan dövrlər üzrə «il ərzində işlədiyi adam günləri miqdarı» və «müəyyən edilmiş əmək günləri minimumu» haqqında məlumatlar göstərilməmişdir. Bu səbəbdən də həmin dövrü Sizin əmək stajınıza daxil etmək mümkün deyil. Buna görə də Sizin ümumi iş stajınız 25 ildən az (15 il 5 ay (xx.xx.1981-xx.xx.1981ci il və xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2020-ci il tarixli 252 saylı arayışdan görünür ki, 1962-ci il təvəllüdlü, Cəbrayıl rayon sakini İddiaçı həqiqətən xx.xx.1981-ci il tarixdən 11.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2012-ci il tarixdə hərbi qeydiyyatda olmağın son yaş həddinə çatdığına görə (50 yaş) hərbi qeydiyyatdan silinmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır və Kirov (Q.Namazəliyev) adına kolxozun fəaliyyəti haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Odur ki, İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. İş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022ci il tarixli arayışından görünür ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası sürücü vəzifəsində işləyir. İş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası-sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir. İş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən hal-hazıradək Mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində qazma ustası-sürücüsü vəzifəsində çalışır. İş materiallarında olan Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəbrayıl rayon Dövlət Arxivində mövcud olan kolxozçuların əmək stajı və qazancının uçot kitabında ayrı-ayrılıqda hər bir kolxoz üçün minimum iş günü göstərilmişdir. Nümunə üçün: 1. M.Ə.Rəsulzadə adına kolxozda qadınlar üçün minumum iş günü 200, kişilər üçün 220; 2. K.Məmmədli adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230; 3. Araz adına kolxozda qadınlar üçün minumum iş günü 180, kişilər üçün 230; 4. M.Hüseynzadə adına kolxozda qadınlar üçün minumum iş günü 160, kişilər üçün 200; 5. Sabir adına kolxozda qadınlar üçün minumum iş günü 140, kişilər üçün 160. Qeyd olunan kolxozların mühasibat sənədləri, kolxozçunun ümumi yığıncağın protokolları, qərarları işğal zonasında qaldığı üçün dəqiq məlumat verə bilmirlər. Qeyd: Kolxozda işləyən sürücü, mexanizator və inzibati işçilərin də minimum əmək günləri və iş günü eynidir. İş materiallarında olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası – sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir. İş materiallarında olan Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun Aqrar İslahatı Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli, 05 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı 01 oktyabr 1982-ci ildən Cəbrayıl rayonu Kirov (Q.Namazəliyev) adına kolxozda sürücü işləməklə QAZ-52 markalı 75-39 AKO nömrəli yük avtomobilini idarə etmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə ərizəsinə əsasən kolxoza sürücü qəbul edilmişdir, xx.xx.1993-cü ildə kolxoz üzvlüyündən azad edilmişdir, xx.xx.2008-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis geoloji axtarış şöbəsinə qazma ustası-sürücü vəzifəsinə işə qəbul edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1981xx.xx.1981 (hərbi xidmət), xx.xx.1982-xx.xx.1993, xx.xx.2008-xx.xx.2022 - cəmi 25 il 10 ay 24 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cəbrayıl rayonu Q.Namazəliyev adına kolxozun Aqrar İslahatı Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.2001-ci il tarixli, 05 saylı Arayışda İddiaçı 01 oktyabr 1982-ci ildən Cəbrayıl rayonu Kirov (Q.Namazəliyev) adına kolxozda sürücü işləməklə QAZ-52 markalı 75-39 AKO nömrəli yük avtomobilini idarə etdiyi qeyd edilmişdir. Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda isə Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədlərinin işğal zonasında qalması və Kirov (Q.Namazəliyev) adına kolxozun fəaliyyəti haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumatın olmaması, odur ki, İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozunda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumatın olmaması qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Cəbrayıl rayonu işğal olunan zaman Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozun arxiv sənədlərinin işğal zonasında qalması ilə əlaqədar İddiaçı Kirov (Q.Namazəliyev) adına kolxozda işləməsi haqqında Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat olmamasına görə iddiaçı cavabdehlik daşımır. İddiaçı iş stajını sübut edən zəruri faktiki şərtin mövcudluğunu, yəni kolxozda işləməsinə dair müvafiq qeyd olan əmək kitabçasını təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kolxoz barədə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən minimum əmək iştirakı norması kolxoz üzvlərinə (kolxozçulara) şamil edilmişdir. İddiaçı isə həmin kolxozda sürücü işləmişdir, yəni kənd təsərrüfatı məhsulu istehsalını və dövlətə satışını təmin edən şəxs olmamışdır. Odur ki, iddiaçının əmək kitabçasında müvafiq olaraq xx.xx.1982-xx.xx.1993-cü il tarixlərində Kirov adına kolxozda sürücü kimi əmək fəaliyyəti ilə məşğul olduğu dövr onun iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 11 mart 2008-ci il tarixdən hal-hazıradək “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mühəndisi geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində yer səthində geoloji məqsədlərlə buruq qazma ustası – sürücüsü vəzifəsində işləyir. Onun əmək funksiyası Bakı şəhəri və Respublikanın müxtəlif rayon və qəsəbələrində inşa olunacaq obyektlərin layihələndirilməsi ilə əlaqədar geoloji qazma işlərinin yerinə yetirilməsidir. Həmin sahə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarının 1.3-cü bəndində aşkar şəkildə çöl geoloji axtarış işlərində çalışan işçilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu müəyyən edilir, iddiaçı isə geoloji axtarış şöbəsinin geoloji qazma bölməsində çöl işlərində qazma ustası-sürücü vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.2008-xx.xx.2022 - cəmi 14 il 05 ay 22 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixdən qeyd olunan maddə yeni redaksiyada verilmiş və həmin maddədən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı tələb çıxarılmışdır. Göründüyü kimi, xx.xx.2022-ci ildən qüvvədə olan qanunvericilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə əlaqədar tələb mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1554/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1554/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver