Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1555/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1955-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-973/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 19.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona sığorta stajının 25 ildən çox olması və zərərli iş stajının 12 il 06 aydan çox olması nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsinin, o cümlədən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə 27.02.2020-ci il tarixində rəsmi olaraq zərərli işlərdə işlədiyi üçün güzəştli şərtlərlə pensiyasının hesablanması və ödənilməsi barədə müraciət etmişdir. Müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 16.04.2020-ci il tarixli, **********3 nömrəli məktubu ilə imtina edilmişdir. İmtinada göstərilmişdir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan az təşkil edir. İmtinanı əsassız və qeyri-qanuni hesab edir. Əlil kimi 2002-ci ildən pensiya almışdır. Həmin bazada da onun əmək stajının 25 ildən çox olması göstərilmişdir. O, 01.07.1971-ci il tarixindən 03.05.1974-cü ilə kimi Naxçıvan Muxtar Respublikasında Sərxanlı kəndindəki 8 illik məktəbdə gözətçi işləmişdir. Həmin tarixdən başlayaraq 2 il ərzində müddətli hərbi xidmətdə olmuşdur. 1978-1997-ci illərdə «Bakıtuneltikinti» idarəsində, yeraltı zərərli işlərdə işləmişdir. 1997-1998-ci illərdə isə eyni təşkilatda işinə davam etmişdir. Ümumilikdə onun zərərli işlərdə işlədiyi müddət 22 il olmuşdur. O, 57 yaşından pensiya çıxmaq huququna malikdir və ona pensiya həmin dövrdən hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-973/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsi tərəfindən 2-l(112)-973/2021 saylı iş üzrə qəbul edilmiş 17.02.2021-ci il tarixli qərarının ləğv edilməsini, ona 50 yaşının tamam olduğu 14.02.2005-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını, 14.02.2005-ci -ci il tarixdən bu günə qədər ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin "Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin 20 yanvar 2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun qeyd olunan iddia tələbinə baxılarkən, cavabdehlə eyni mövqe göstərilmiş və iddianın rədd olunması barədə 17.02.2021-ci il tarixli qərar qəbul edilmişdir. İddia ərizəsinə əlavə olunan sənədlərdən və qərarın məzmunundan da görünür ki, onun əmək fəaliyyətinə başlamazdan əvvəlki iki il müddətində hərbi xidməti də ümumi əmək stajına daxil edilməklə 01 avqust 1997-ci il tarixədək 21 ildən çox ümumi əmək stajı 19 il güzəştli əmək stajı mövcuddur. Onun 01 avqust 1997-ci il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a" bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”na müvafiq olaraq 10 ildən çox zərərli əmək sahəsində əmək stajı, 20 ildən çox ümumi stajı vardır. Hesab edir ki, “Əmək pensiyaları haqqında" Qanunun 10-cu və 27-ci maddələrinə 2010-cu ildə edilmiş dəyişiklik 2010-cu ilin yanvarın 1-dən qüvvəyə mindiyindən ona tətbiq oluna bilməz. Çünki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50 yaşının tamam olduğu 14.02.2005-ci il tarixdə yaranmışdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili X1 (Bakı şəhəri 16 saylı Vəkil Bürosu) apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)- 973/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 27.02.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 16.04.2020-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Şərur şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 03.05.1974-cü ildən 12.05.1976-cı ilə qədər (2 il 9 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. -128608 №-li, 07.03.2003-cu il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci dərəcəli əlildir. -Azərbaycan Respublikası "xxxx" QSC-nin A/70 №-li, 18.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, İddiaçı həqiqətən 05.05.1978-ci il tarixindən “Bakıtuneltikinti” idarəsinin 2 №-li Tikinti İdarəsinə yeraltı şəraiti üzrə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmişdir (Əmr №64, 10.05.1978-ci il), 26.12.1987-ci il tarixdən 3-cü dərəcəli izoləedici (yeraltı şəraiti) peşəsinə keçirilmişdir (Əmr № 245/J1C, 17.12.1987-ci il), 26.09.1988-ci il tarixdən 4-cü dərəcə ilə qazmaçı (yeraltı şəraiti) peşəsinə keçirilmişdir (Əmr № 18/İM, 10.10.1988-ci il), 02.11.1992-ci il tarixdən 5-ci dərəcə verilmişdir (Əmr № 25/ri/l, 09.11.1992-ci il), 28.08.1997-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 36/şh, 28.08.1997-ci il). 05.09.1997-ci il tarixindən Bakı Metropoliteninin Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə tunel fəhləsi (tuneldə yalnız gecə işi) peşəsinə qəbul edilmişdir (Əmr № 224/OK, 03.09.1997-ci il), maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 151/OK, 25.06.1998-ci il). işlədiyi müddət ərzində İddiaçı: 1978-ci ilin may ayından 1994-cü ilin sentyabr ayınadək əmək haqqı təşkil edirdi: Yekun: 1978-1991-ci illər üzrə 42 124,84 rubl (məzənnə - rubl), 1992-1998-ci illər üzrə 1 877 917,60 manat (məzənnə - AZM). 1993-cü ilin mart ayı, 1994-cü ilin sentyabr ayından 1998-ci ilin sentyabr ayına kimi, 1998-ci ilin oktyabr ayından sonra əmək haqqı ödənilməmişdir. Bütün məbləğlərdən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqqları ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının müvafiq maddələrinə uyğun olaraq İddiaçı əmək stajına və yaşına görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun yeraltı və zərərli iş şəraitində işlədiyi peşələr üzrə əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir. 31.07.1986-cı il tarixli 76/R saylı əmrə əsasən “Bakıtuneltikinti” idarəsinin 2 №-li TikintiQuraşdırma İdarəsi ləğv olunmuş, 3 №-li Tunel-Quraşdırma İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 saylı, 16.06.1998-ci il tarixli Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsi “Azərtunelmetrotikinti” SC adlandırılmışdır. “Azərtunelmetrotikinti” SC-nin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 №-li TunelQuraşdırma İdarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin Sərxanlı kənd orta məktəbinin 31.01.2003-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı 01.07.1971-ci il tarixdən (əmr № 97), Naxçıvan MR-nin İliç (indiki Şərur) rayonun Sərxanlı kəndindəki səkkizlik məktəbdə gözətçi işləmişdir.(imzalayan direktor Fərəcova.Ş.B) - Birinci instansiya məhkəməsinin 25.08.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən sədrlik edənin sualına cavab olaraq iddiaçı 1971-ci ildə işləmədiyini, əmək fəaliyyətinə 1978-ci ildən başladığını, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur rayon Təhsil Şöbəsinin Sərxanlı kənd orta məktəbinin 31.01.2003-cü il tarixli arayışının həqiqəti əks etdirmədiyini, həmin məktəbdə işləmədiyini qeyd etmişdir. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li, 05.05.1978-ci ildə verilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.02.1978-ci ildən 03.05.1978-ci ilə qədər peşə məktəbində təhsil almış, (03 ay 02 gün), 05.05.1978-28.08.1997-ci ilə qədər Bakmetrostroy -da qazmaçı və izoləedici (19 il 03 ay 23 gün), 05.09.1997-01.07.1998-ci il tarixə qədər Bakmetrostroy -da tünel fəhləsi (09 ay 26 gün) vəzifələrində işləmişdir. - "xxxx" QSC-nin 40N-10/3-962 №-li, 21.09.2020-ci il tarixli məktubundan görünür ki, metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən tənzimlənir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın Dağ-mədən işləri maddəsinin 1.12 bölməsinin “a” bəndinə və 21 Nəqliyyat maddəsinin 21.5-ci Metropolitenlər bölməsinə (əvvəllər qüvvədə olan 21.09.1993-cü il tarixli 320 saylı qərarın ******* və 23000000 kodları) əsasən İddiaçı əmək stajına və yaşına görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun yeraltı və zərərli iş şəraitində işlədiyi peşələr üzrə əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir. 1995-ci və 1996-cı illərdə İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olmuş (Əmr №23/KŞ, 01.04.1996-cı il), 1997-ci ildə onun əmək haqqı 1 147 628 manat, 1998-ci ildə 1 502 993 manat (məzənnə - AZM) təşkil etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 25 il ümumi iş stajı mövcud olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı iddia tələbi kimi ona sığorta stajının 25 ildən çox olmasını və zərərli iş stajının 12 il 06 aydan çox olması nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsinin, o cümlədən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin fərqinin birdəfəlik ödənilməsini xahiş etmişdir. İddiaçının ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində ona 50 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun bu tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının müraciəti 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-973/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-973/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1555/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1555/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver