Məhkəmə qərarları › İş №2-1(103)-1556/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1556/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1556/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, iddiaçının, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməs” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-507/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 (bundan sonra – DSMF) Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx xxxx 1950-ci il tarixdə doğulmuşdur, hazırda Bakı şəhərinin Xəzər rayonunda yaşayır. O, xx xxxx 1967-ci il tarixdən xx xxxxxx 2012-ci il tarixədək işləməklə 45 ildən artıq ümumi staja malikdir. Həmin stajın xx xxxxxxx 1974-cü il tarixdən xx xxxxxx 2012-ci il tarixədək olan hissəsini o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X2”nda neftin hazırlanması və vurulması üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə ağır və zərərli iş olmuşdur. Lakin ona xx xxxx 2013-cü il tarixdə 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o (iddiaçı), xx xxxx 2005-ci il tarixdən, yəni 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmuşdur. O, xx xxxxxx 1997-ci il tarixədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay güzəştli iş stajı toplamışdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Xİİ. Qazma, neftin, qazın və qaz kondensantının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuş “neft və qaz hasilatı üzrə operatorlar” peşəsində 12 il 6 aydan artıq işləmişdir. O, ərizə ilə hazırkı cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət edərək, ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, 149-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci, 5-ci, 9.8-ci, 21-ci, 30-cu, 31-ci, 32-ci, 37.7-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü, 17-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci, 24-cü, 45-ci, 52-ci, 61-ci maddələrinə, İPM-in 4.1-ci, 14.3- cü, 73-cü maddələrinə əsaslanaraq, ona (iddiaçıya) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı 55 yaşdan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən təyin olunması və həmin tarixdən hal-hazıradək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-507/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, şöbədən 272,32 manat məbləğində yaşa görə əmək pensiyası alır. İddiaçı 2013-cü ildə ona yaşa görə əmək pensiyası təyin edilərkən güzəştli işdə işləməsi barədə müvafiq arayış təqdim etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2456/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-507/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiyanın ödənilməsində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi xx xxxxxx 2006-cı il tarixdən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 930/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 6 noyabr tarixli 2-1(103)-2456/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı isə arxiv arayışını təqdim edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı Əmrəli oğlu AR Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsində xx.xx.1971-ci il tarixdən xx.xx.2012-ci il tarixinə kimi əmtəə operatoru peşəsində işləmişdir. Göründüyü kimi iddiaçı xx xxxxxx 1997-ci il tarixədək 12 il 6 aydan artıq işləmişdir və həmin tarixədək onun 25 ildən artıq iş stajı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahıda İddiaçı işlədiyi “neft və qaz hasilatı üzrə operatorlar” peşəsi “Xİİ. Qazma, neftin, qazın və qaz kondensantının hasilatı və emalı” bölməsinin 2-ci bəndində (Neft-qaz və qaz kondensatının hasilatı) 2130200a – 15824 kodu ilə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 1950-ci il tarixdə doğulmuş İddiaçı «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq x xxxxxx 1997-ci il tarixədək əmək şəraiti zərərli və ağır olan peşələrdə 12 il 6 aydan artıq müddət iş stajı və 25 ildən artıq (təhsil müddəti də daxil olmaqla) ümumi iş stajı olduğundan, onun həmin Qanunun 13-cü və 17-ci maddələrinin və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, işçinin (İddiaçı) çalışdığı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən istehsalat sahəsinin və işin, peşənin və ya vəzifənin adı əmək kitabçasında aşkar olaraq (birmənalı) göstərilmişdirsə, həmin məzmunda əmək kitabçası cavabdehin də qeyd etdiyi “sənəd”lərə aiddir. Lakin hazırkı halda, iddiaçının çalışdığı istehsalat sahəsi və işlədiyi peşənin adı “Siyahı”da göstərilən peşənin adı ilə tam uzlaşmadığından, cavabdehin “arayış”la bağlı tələbi əsaslı olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası tərəfindən iddiaçıya arayışın təqdim edilməsi təklif edilmiş, yuxarıda istinad edilən xx xxxxxxxx 2020-ci il tarixli Arxiv arayışı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-507/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-507/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar