Məhkəmə qərarları › İş №2-1(103)-1557/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1557/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1557/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2- 1(112)-5905/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı ildən hazırkı vaxtadək çətin işlərdə işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1973-cü il tarixdən Bərdə rayonu, o vaxtkı Moskva adına Kolxozda əmək fəaliyyətinə başlamış və 1987-ci ilədək həmin kolxozda çalışmışdır. 05.12.1988-ci il tarixdən 01.06.1995-ci il tarixədək Bərdə 50 nömrəli yanğınsöndürən idarəsində işləmişdir. Bundan sonra 24.07.2006-cı il tarixdən hazıradək isə "xxxx" QSC-nin 13 nömrəli X4 X2 çalışmışdır. Bu haqda məlumatlar ona məxsus əmək kitabçasında qeyd olunmuşdur. Şərh olunanlara əsasən hesab edir ki, onun 2006-cı il tarixdən hal-hazırkı vaxtadək çətin işlərdə işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasının təyin olunmasına dair qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-5905/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-5905/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 04.05.1977- 22.05.1979-cu illərdə hərbi xidmətdə olmuş, 1972, 1973, 1974, 1977, 1982-1987-ci illərdə kolxozda işləmişdir. İddiaçı 05.12.1988-01.06.1995-ci illərdə Bərdə 50 nömrəli peşəkar yanğın söndürmə hissəsində sıravi yanğınsöndürən işləmiş, 24.07.2006-cı ildə Yevlax yol distansiyasında yol montyoru peşəsinə qəbul edilmişdir, hazırda yol montyoru kimi işləyir. İddiaçı 21.12.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, 14.01.2021-ci il tarixli imtina məktubunda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Məktubda qeyd olunmuşdur ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20253,21 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər: 1. 60 yaşının tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İddiaçının 60 yaşı 01.07.2019-cu ildə tamam olmuş, o həmin tarixədək 28 il 5 ay 26 gün sığorta stajına malik olmuşdur. İddiaçının Bərdə rayonu M.Əsədov (Moskva) kolxozunda işlədiyi illərə gəldikdə işdə olan arxiv arayışlarına əsasən iddiaçı 1972-ci ildə 102, 1973-cü ildə 123, 1977-ci ildə 15, 1982-ci ildə 207, 1983-cü ildə 206, 1984-cü ildə 144, 1985-ci ildə 192, 1986-cı ildə 73, 1987-ci ildə 140 adam günü işləmiş, kolxozda 1980-1986-cı illərdə minimum adamgün norması 200, 1987-ci ildə isə 150 adam günü olmuşdur. Arxiv arayışında 1972-1979-cu illərdə minimum adamgün norması qeyd olunmasa da, iddiaçıya məxsus əmək kitabçasında 1973-1979-cu illərdə də minimum adamgün normasının 200 adam günü olduğu qeyd olunmuşdur. İddiaçının 1972-1987-ci illərdə kolxozda işlədiyi dövrdə 1982 və 1983-cü illər üzrə minimum adamgün normasından çox işlədiyindən həmin illər tam götürülməklə 2 il, digər illərə münasibətdə isə cəmi 5 il iş stajı olmaqla, ümumilikdə kolxozda 7 il iş stajı olmuşdur. Həmçinin iddiaçının iş yeri olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamentinin 13 nömrəli Yevlax yol sahəsi tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda (26.11.2020-ci il tarixli, 55 nömrəli) göstərilmişdir ki, iddiaçı 24.07.2006-cı il tarixli 285 saylı əmrə əsasən Yevlax yol distansiyasının 8 saylı Bərdə məntəqəsinə 3-cü dərəcəli yol montyoru qəbul edilmişdir. 10.07.2010-cu il tarixli 186 saylı əmrə əsasən "xxxx" QSC İD-nin 4 nömrəli müəssisənin X4 Bərdə yol məntəqəsinə 3-cü dərəcəli yol montyoru keçirilmişdir. 11.03.2016-cı il tarixli 184 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin “68” maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir). 11.03.2016-cı il tarixli 237 saylı əmrə əsasən "xxxx" QSC İD-nin 13 nömrəli X4 8 saylı Bərdə yol məntəqəsinə yol montyoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı göstərilən bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının XXVİİİ.Nəqliyyat bölməsində (23001000-19825), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.4-cü yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçının işlədiyi peşə həm sahə, həm də ad uyğunluğu baxımından “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşəyə aiddir. Belə olan halda aydın olur ki, iddiaçının 01.07.2019-cu il tarixə 12 il 11 ay 9 gün güzəştli iş stajı olmuşdur. İş materiallarında olan cavabdehin 05.05.2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 6506,76 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 13746,45 manat olmaqla cəmi pensiya kapitalı 20253,21 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 8 il 6 ay 14 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 6506,76 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 13746,45 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçının hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 36400,00 manat məbləğində hesablanmışdır. Göründüyü kimi, iddiaçıya 01.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı kimi 36400 manat tələb olunduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20253,21 manat olmuşdur. Birinci instansiya qeyd etmişdir ki, cavabdeh 01.01.2006-cı ilə cəmi 8 il 6 ay 14 gün iş stajını əsas götürməklə pensiya kapitalını hesablasa da, yuxarıda qeyd olunanlara əsasən iddiaçının həmin tarixə 15 il 6 ay 17 gün ümumi iş stajı olmuşdur. Lakin bu staj pensiya kapitalına çevrilsə belə, tələb olunan məbləği ödəməyəcəyi aşkardır. Göstərilən tələblərdən ilk üçü iddiaçı tərəfindən ödənilsə də, sonuncu tələb ödənilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 4 şərtin hamısı mövcud olmadığında onun hazırkı tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qanunvericiliyi şərti olaraq 3 dövrə bölmək olar: 1) 01.01.2006-cı il tarixədək olan dövr; 2) 01.07.2017-ci il tarixədək olan dövr və 3) 01.07.2017-ci ildən sonrakı dövr. Hazırkı tələb 3-cü dövrün qanunvericiliyinə uyğun yoxlanılmış və pensiya təyini üçün tələb olunan şərtlərin olmadığı müəyyən edilmişdir. Lakin iddia tələbi digər iki dövr qanunvericilik üzrə yoxlanıldıqda da həmin tələblərin ödənilmədiyi müəyyən edilir. Belə ki, iddiaçıya Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixli qanunvericiliyə uyğun olaraq pensiya təyin olunması üçün onun həmin tarixə ümumi stajı 25 ildən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nıda göstərilən işlər üzrə güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. Lakin iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 15 il 6 ay 17 gün olmuş, güzəştli iş stajı isə olmamışdır. Eyni zamanda iddiaçıya Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün həmin tarixə: 1) 57 yaşın tamam olması; 2) azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. İddiaçının 57 yaşı 01.07.2016cı il tarixdə tamam olmuş, 01.07.2017-ci il tarixə isə 26 il 5 ay 26 gün ümumi iş stajı toplamış olsa da, həmin tarixə cəmi 10 il 11 ay 9 gün güzəştli iş stajı olmuş, bununla da 01.07.2017-ci il tarixə qədər qüvvədə olan qanunvericiliyin ona tətbiq edilməsi üçün həmin tarixə tələb olunan 3-cü şərti ödəməmişdir. Buna görə də Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyası da iddiaçıya tətbiq oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-5905/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar