Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1557/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5 işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X6 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Abşeron rayon X4 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən torpaq sahəsinin yerləşmə sxemi verilmişdir
2. Abşeron rayon X4 25 dekabr 1998-ci il tarixli 25 nömrəli əmrinə əsasən 3-cü şəxs X3 fərdi yaşayış evi tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmışdır. Sonradan V.Cəfərov tərəfindən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə müraciət edilərək xx.xx.2019-cu ildə həmin torpaq sahəsinə dair yerləşmə cizgisi əldə edilmişdir. Həmin əmr və cizgi əsasında 3-cü şəxs tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir.
3. İddiaçı və 3-cü şəxs arasında “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” barədə mülki məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-146/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X7nda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa səasən X3 məxsus olan) İddiaçı çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, X7 ərazisində yerləşən və iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi X3 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilərək iddiaçının adına yeni çıxarışın və texniki pasportun verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon X4 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrinə əsasən ona fərdi yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən əmr əsasında sxem verilmiş və baş plana daxil edilmişdir. Eyni zamanda Abşeron rayon X4 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrindən çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən iddiaçıya verilmiş xəritə onun adına 0.08 ha torpaq sahəsi ayrılmasını təsdiq edir. Göstərilən əmrdən çıxarış və xəritə əsasında ona məxsus fərdi yaşayış evinin layihəsi tikilmişdir. O, ona məxsus fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətiin təmin edilməsindən “Asan xidmət” Mərkəzinə müraciət etməli olması əsası ilə imtina edilmişdir. Lakin, ondan fərqli olaraq saxta sənədlər əsasında Abşeron rayon X4 28 saylı 25 dekabr 1998-ci il tarixli əmri ilə Binə qəsəbəsində fərdi ev tikmək üçün X3 0.12 ha torpaq sahəsi ayrılmışdır. Müraciəti əsasında Xəzər rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilən cizgi-plan və xəritədən çıxarışda verilmişdir. Torpaq sahəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. Torpaq sahəsinə dair cavabdeh tərəfindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. O, V.Cəfərova məxsus məxsus çıxarışın ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilərək mübahisənin məhkəmə qaydasında həll edilə bilməsi olduğu bildirilmişdir. Bundan başqa, 3-cü şəxsin adına verilmiş çıxarışın ünvanı Binə qəsəbəsidirsə, onun adına verilmiş sənədlərdə Qala qəsəbəsi göstərilir. Eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin ölçüsü 0.8 ha olduğu halda, V.Cəfərovun adına verilmiş çıxarışda isə torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı hazırki iddia tələbi ilə bağlı ********** nömrəli xx.xx.2023-ü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, **********39 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X7 ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində V.Cəfərovun mülkiyyət hüququ Abşeron rayon X4 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarış əsasında xx.xx.2020-ci il tarixində **********91 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. Həmin Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
7. 3-cü şəxsin nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X7nda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa əsasən X3 məxsus olan) İddiaçı çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-727/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X7 ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində X9 ooğlunun mülkiyyət hüququ Abşeron rayon X4 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmrindən çıxarış əsasında xx.xx.2020-ci il tarixində **********91 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Qətnamə icraya göndərilmiş və icra vərəqəsi əsasında icra olunmuşdur. Ekspert rəyləri və mütəxəssis rəylərindən də, görünür ki, 3-cü şəxs tam mülkiyət hüququ əsasında subyektiv hüququ ilə vaxtilə məhkəməyə müraicət etmiş, lakin, hazırki işdə İddiaçı subyektiv hüququnu təsdiq edəcək hər hansı bir sübut yoxdur. Onun hazırki iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi bacardığı qədər ərazini zəbt etməkdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçının mövcud vəziyyətdə öz hüquqlarının bərpası üçün əlverişli iddia olaraq mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı deyil, 3-cü şəxsin adına olan hüquqmüəyyənedici sənəd və onun əsasında sonradan rayon icra hakimiyyəti tərəfindən verilmiş cizginin başqa inzibati məhkəmə icraatında mübahisələndirilməsi barədə iddia ilə məhkəməyə müraciət etməsi daha məqsədəmüvafiqdir.
10. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.4. 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı tam olaraq yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
27. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X2 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilərək iddiaçının adına yeni çıxarışın və texniki pasportun verilməsidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 15.5-ci bəndinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr iddianı mümkün saymamalıdır.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialında olan İddiaçı və 3cü şəxs arasında “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” barədə mülki məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(003)-146/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X2 iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X7nda yerləşən torpaq sahəsindən (**********91 reyestr nömrəli çıxarışa səasən X3 məxsus olan) İddiaçı çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, X7 ərazisində yerləşən və iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi X3 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir.
31. Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə 3-cü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi qanuni qüvvəsini almış məhkəmə qərarında araşdırılmış sübutlara əsasən üst-üstə düşür.
32. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hal-hazırda X2 hüquqları qeydiyyata alınmış, iddiaçının isə torpağa və fərdi yaşayış evinə dair hər hansı mötəbər hüquq müəyyənedici sənədi mövcud deyildir.
33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair X3 verilmiş çıxarışı yox, daşınmaz əmlakın reystrində aparılmış qeydiyyatın ləğvini tələb etməlidi, ondan əvvəl isə həmin qeydiyyatın aparılmsına əsas olmuş sənədləri mübahisələndirməlidir.
35. Belə ki, çıxarışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə müvafiq sənədlərin verilməsini tələb edə bilər.
36. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.