Məhkəmə qərarları › İş №2-1(103)-1558/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1558/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1558/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı X3, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hakim kimi pensiyanın təyin olunması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-827/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-827/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qətrara alınmışdır hakim (E.Əliyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya 12 il hakim stajına görə müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 23.11.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 22.02.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 65 faizi miqdarında əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.07.2007-ci il tarixli Sərəncamı ilə Kürdəmir rayon məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 12 il həmin vəzifədə işləmişdir. Hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatdığına görə 2019-cu ilin sonlarında səlahiyyələrinə xitam verilmişdir. 2020-ci ilin fevral ayında müvafiq sənədləri təqdim etməklə cavabdehə müraciət edərək hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla mənə təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə işlədiyi 12 il hakim stajına görə pensiyaya müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 06.03.2020-ci il tarixli, **********3 saylı məktubla ona hakim kimi əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili və nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, I. izahatında bildirmişdir ki, iddiaçının əsaslandırılmasına görə 28.07.2007-ci il tarixdən 2019-cu ilin sonralarına kimi, 12 il müddətində hakim vəzifəsində çalışmış,65 yaşına çatdığına görə səlahiyyətlərinə xitam verilmiş, 25 mart 2018-ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçı iddia ərizəsinə əlavədə, daha sonra isə birinci instansiya məhkəməsi öz qərarında bir sıra normativ hüququ aktlara istinad etsə də onların iddiaçıya münasibətdə tədbiq edilməsi qanunsuzdur. iddiaçı həmin iddia ərizəsinə əlavəsində və məhkəmə öz qərarında göstərmişdir ki, ona münasibətdə hal-hazırda qüvvədə olan yox, “Əmək pensiyalarıl haqqında” Qanunun 01.07.2017-ci il tarixədək güvvədə olmuş 20.7.1 və 20.1.4-cü maddəsinin mətinləri şamil edilməlidi. Beləliklə, Qanundan göründüyü kimi, Qanunun 20-ci maddəsinin hakim peşəsində işləmiş şəxslərə şamil edilməsi həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən hakimlər əmək pensiya yaşına çatmalı idilər. Yəni, qeyd edilən qanunun həmin dövr olan mətni, ancaq həmin mətin qüvvədə olarkən pensiya yaşına çatmış hakimlərə şamil edilə bilər. Göründüyü kimi, iddiaçının qeyd etdiyi maddələrin 01.07.2017- ci il tarixədək qüvvədə olan mətinlərinin ona şamil edilməsi üçün onun həmin tarixədək 63 yaşının tamam olması vacib şərt idi. Lakin, iddiaçı xx.xx.1954-cü il təvəllüdü olmaqla qeyd edilən tarixdə onun 63 yaşı tamam olmamışdı və məhz bu səbəbdən iddiaçı öz ərizəsinə əsasən ona 25 mart 2018-ci il tarixdən ona “Əmək pensiyaları haqqında“ Qanunun 7-ci maddəsinə və öz ərizəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir və o həmin pensiyasını həm hakim işlədiyi dövrdə həmdə halhazırda da alır. İddiaçı heç vaxt Konstitusiya Məhkəməsinin hakimi işləməmiş, birinci instansiya məhkəməsinin hakimi kimi də ancaq, 28.07.2007-ci il tarixdə təyin edilmişdir. Belə ki, iddiaçıya özünün müraciəti əsasında ona 25 mart 2018-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş və o hal-hazırda da həmin pensiyasını alır. İddiaçı iddia tələbinə müəyyən əlavələr etmişdir. Bununla əlaqədar onu xüsusilə qeyd etmək istərdik ki, iddiaçı iddia tələbinə etdiyi əlavələr ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. İddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, o, hakim kimi, 12 il müddətində işləmişdir. Qanunlardan göründüyü kimi, hal-hazırda qüvvədə olan qanunvericiliyə görə hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxslərə şamil edilir. İddiaçının özünün də etiraf etdiyi kimi, o hakim vəzifəsində 12 il ərzində işləmişdir. Məhz bu səbəbdən də iddiaçı özü hələ hakim işlədiyi müddət ərzində özünə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə ərizə ilə müraciət etmiş və ona “Əmək pensiyasları haqqında “ Qanunun 7-ci maddəsinə əsasən 25 mart 2018-Cİ ildən əmək pensiyası təyin edilmiş və hal-hazırda da ödənilir. Yuxarıda qeyd etdiyimiz kimi, 01.07.2017-ci il tarixədək iddiaçının pensiya yaşı tamam olmadığından ona həmin vaxt qüvvədə olan maddi normaya əsasən hakim kimi pensiya təyin edilə bilməz. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh apellyasiya şikayətinə dəqiqləşmə verərək, bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin verdiyi 22.02.2021-ci il tarixli 2-1(112)-827/2021 saylı qərarından 19.04.2021-ci il tarixdə apellyasiya şikayəti verilmiş, bu zaman apellyasiya şikayətində müəyyən texniki səhvlər olmuşdur. Belə ki, qeyd edilən qərarın nömrəsi 2-1(112)-827/2021 olduğu halda nömrə 2-1(112)-827/2020 kimi qeyd edilmişdir. Həmçinin apelyasiya şikayətinin sonunda, iddiaçının adı səhvən X1, qeyd edilmişdir. Odur ki, qeyd edilən apelyasiya şikayətində yazılmış 2-1(112)-827/2020 nömrəsini 2-1(112)-827/2021 kimi, X4 adını İddiaçı kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada tərcümə və təsdiq edilmiş 10.05.1972-ci il tarixli Əmək Kitabçasına əsasən İddiaçı 10.05.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və vəzifələrdə işləmişdir, həmçinin 28.07.2007ci il tarixdən 25.09.2019-cu il tarixədək Kürdəmir Rayon məhkəməsinin hakimi vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək 06.03.2020-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.7.1-ci, 20.7.2-ci maddələrinə və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci abzasına əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, hakim kimi iş stajınız 15 ildən az (12 il, 1 ay, 27 gün) olduğundan sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur, cavabdehin yuxarıda göstərilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının hakim kimi iş stajı 15 ildən az (12 il, 1 ay, 27 gün) olduğundan ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, etirazda iddiaçının 01.07.2017-ci il tarixədək 63 yaşının tamam olmaması da qeyd edilmişdir. İddiaçı 28.07.2007-ci il tarixdə hakim təyin edilən dövrdə mövcud qanunvericiliyin tələblərinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış şəxslərin pensiya hüququ yaranmış olurdu. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1.5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2.5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 10.03.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.7.1-ci və 20.7.2-ci maddələr yeni redaksiyada verilmişdir: “20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”; 1.63. 20.7.3-cü maddə ləğv edilsin...”. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinə (06.03.2018-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 06.03.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmişdir. Beləliklə, göründüyü kimi, 01.07.2017-ci il tarixədək, iddiaçının artıq 9 il 11 ay hakim kimi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, analogiya olaraq yuxarı instansiya məhkəmələri tərəfindən təhsil dövrünün iş stajına hesablanmasına dair formalaşmış hüquqi mövqe (məhkəmə təcrübəsinə) nəzərə alınmalıdır. Belə ki, təhsil dövrlərinin iş stajına hesablanması ilə bağlı yuxarı instansiya məhkəmələrinin formalaşdırdığı mövqedə də, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməsi müəyyən edilmişdir. Yəni hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmasıdır. Həmçinin yuxarı instansiya məhkəmləri tərəfindən təhsil dövrlərinin iş stajına daxil edilməsi mübahisəli hüquq münasibəti kimi, onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinin nəzərə alınmalı olduğu qiyməti verilmişdir. Müvafiq mübahisələr üzrə formalaşmış məhkəmə mövqelərində də pensiya hüququ verən dövrlərin hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bildiyi, həmçinin belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməli olduğu təsbit edilmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı hakim vəzifəsinə təyin edilərkən və müvafiq qanunvericilik aktları dəyişdirilənədək (01.07.2017-ci ilədək) pensiya çıxmaq üçün tələb olunan iş stajını (5 il) toplamışdır, yəni həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquq münasibətinin yaranması işin mübahisəsiz halıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.0.10-cu maddəsinə əsasən qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər (13.1). Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir (13.2). Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (13.3). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1.4-cü maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında əlavə ödənilir. (01 iyul 2017-ci il tarixədək olan redaksiyasına görə); - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə ödənilir. (01 iyul 2017-ci il tarixdən sonra olan redaksiyasına görə) - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən (onun orta aylıq məbləğindən) asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının (orta aylıq) məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan başqa, məhkəmə “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). Bununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15.05.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.” Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.” “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi təminatı ilə bağlı məsələlər aşağıdakı kimi tənzimlənmişdir: - 106-cı maddəsinə əsasən, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); - 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. (2019-cu il sentyabrın 1- dən qüvvəyə minmiş); - 109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Maddələrin tələblərindən göründüyü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və aylıq pul təminatına görə əlavə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-cu maddəsin əsasən (01.07.2017-ci il tarixdən sonra dəyişilik edilmiş redaksiyası-hazırda qüvvədə olan) bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmçinin, iddiaçı tələbində pensiya fərqinin birdəfəlik ödənilməsini tələb etmişdir. Lakin, ona pensiya təyin edilərkən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır, odur ki, pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində, iddia tələbi təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin qənaətinə görə, İddiaçı hakim kimi pensiyaya çıxmaq hüququ yarandığından, həmçinin iddiaçının hakimlər üçün nəzərdə tutulmuş əlavələri, yəni hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının müvafiq miqdarda aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hsab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(112)-827/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar