Məhkəmə qərarları › İş №2-1(103)-1558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1558/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1558/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 üçüncü şəxs qismində işə cəlb olunmaqla “Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar sahəsindəki 89 saylı BTK-nın 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 - 13 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 dekabr 2019-cu il tarixli 246-112 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən arxiv arayışından göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamından çıxarışla “bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-cı il 195 nömrəli qətnaməsinə əsasən iddiaçıya bağ tikinti kooperativinin tərkibində Göradil BTK №89 384p nömrəli bağ sahəsi ayrılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 17 avqust 2017-ci ıl tarixli, 2-1(81)-3849/2017 saylı qərardadından görünür ki, iddiaçı qonşuları ilə bərabər "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən, Bilgəh, Nardaran Kürdəxanı, Pirşağı, Fatmayi, Göradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində Corat Göradil hissəsində avtomobil yolunun tikintisi altına düşən iddiaçılara məxsus torpaqların dövlət ehtiyacları üçün alındığına görə onlara vurulmuş maddi və mənəvi ziyanın əllərindən alınmış torpaqların hər bir 100 kvadrat metrə görə 6000 manat, uçurulmuş hasarların hər bir kvadrat metrinə görə 20 manat, darvazaların hər birinə görə 1000 manat mənəvi ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı 27 fevral 2020-cı il tarixdə ünvan 2i ünvanında yerləşən 384p saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-5037/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X2 inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019-cu il tarixdə idarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir, (qonşu bağ nömrələri 450ç, 447Ş, 448e) Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına (X1) təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. Sərəncam və arxiv siyahısında bağ sahəsinin nömrəsi 384p kimi qeyd olunsa da, vətəndaş tərəfindən təqdim edilmiş ərizə və arxiv cizgisində 384n kimi yazılmışdır. Habelə, təqdim edilmiş orderdə bağ sahəsinin nömrəsində düzəliş edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə 3iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019cu il tarixli, N-246-112 nömrəli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamdan çıxarışa əsasən “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan cavabdehin İddiaçı ünvanladığı xx.xx.2014-cü il tarixli, **********57 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 384n saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair 1780 nömrəli, xx.xx.2014-cü il tarixli ərizəyə və əlavə edilmiş sənədlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılmış və yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin nömrəsi Göradil bağlar massivinə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bakı şəhər ərazi idarəsinin arxiv məlumatlarına əsasən sərəncamda bağ sahəsinin nömrəsi 384p qeyd olunmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə’’ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə Yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin 68 nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı qərarına əsasən İddiaçı Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativdə, 384p nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25 dekabr 2021-ci il tarixli, **********23 nömrəli bildirişində qeyd olunmuşdur ki, sözügedən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəsində öz əksini tapmayıb və bağ sahəsinin yerləşməsi qonşu bağ nömrələrinin ardıcıllığına uyğun gəlmir. Həmçinin eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına da təkrarlanır. Bundan əlavə, təqdim edilmiş etibarnamədə yalnız 600.0 kv.m torpaq sahəsi üzərində əməliyyat aparılması qeyd olunmuşdur. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bağ sahələrinin ayrılması, bölünməsi və ada keirilməsinə dair xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncama əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyul 1988-ci il, 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Göradil BTK № 89 bağ № 384p ünvanında bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 16 oktyabr 2020-ci il tarixli, **********08 nömrəli məktubunda bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1463 nömrəli “bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsi”nə dair sərəncamın İdarənin arxivində mövcud olan nüsxəsində 384p saylı bağ sahəsi göstərilmişdir. İddiaçı həmin sərəncam əsasında Göradil qəsəbəsində 384p saylı bağ sahəsinin ayrılmasına dair orderin arxiv nüxəsi İdarənin arxivində aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adına 89 nömrəli BTK nəzdində Göradil qəsəbəsində 384N saylı bağ sahəsinin ayrılmasına dair 98 nömrəli orderin yalnız surəti mövcuddur. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********17 nömrəli məktubda bildirilmişdir ki, kadastr baza məlumatlarına əsasən 89 nömrəli BTK-nın sxematik xəritəsi mövcud deyil. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 89 nömrəli BTK nəzdində olan 384p nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Bu səbəbdən sənəd surətinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri 11 saylı notariat ofisinin 13 aprel 2021-ci il tarixli, XK-442 nömrəli məktuba əlavə edilmiş ilə xx.xx.2019-cu il tarixli 1M/1704 reyestr nömrəli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, İddiaçı ilə digər tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflər xx.xx.2049-cu il tarixə kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsinin Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ, 68 nömrəli orderə əsasən İddiaçı 384p nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra ikinci tərəflərə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı 19 mart 2020-ci il tarixli, **********59 nömrəli imtina məktubunda bildirilir ki, ünvan 1i ünvanında yerləşən 269j saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizəyə baxılmış və bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, sözügedən sahəyə digər fiziki şəxs tərəfindən müraciət edilmişdir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə mövcud deyildir. Bundan əlavə 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 269j saylı bağ nömrəsi digər fiziki şəxsin adına təkrarlanır və bağ sahəsinə dair iddiaçı tərəfindən təqdim edilmiş “Order”in arxiv nüsxəsi aşkar edilməmişdir. İşdən görünür ki, iddiaçı ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən ünvan 1i ünvanında yerləşən 384p saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin sərəncamı cavabdehə təqdim edərək sərəncamda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmiş, imtinanın əsası kimi sözügedən bağ sahəsinin nömrəsi Göradil bağlar massivinə dair sxematik xəritədə öz əksini tapmaması, bağ sahəsinin nömrəsi 384p qeyd edilməsi, eyni nömrəli bağ sahəsi eyni BTK-nın nəzdində digər şəxsin adına təkrarlanması göstərilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərilənlərə bağlı ilkin olaraq qeyd etmişdir ki, sözügedən bağ sahəsinin iddiaçıya ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamı mövcuddur. Sözügedən bağ sahəsinin nömrəsində olan hərflə bağlı uyğunsuzluq bağ sahəsinə dair sərəncamın verildiyi 1994-cü ildə ölkə ərazisində istifadə edilmiş kiril qrafikalı azərbaycan əlifbası ilə hal-hazırda istifadə olunan latin qrafikalı əlifbası arasında olan fərqdən irəli gəlir. Belə ki, kiril qrafikalı azərbaycan əlifbasında “n” hərfi latin qrafikalı əlifbasında “p” hərfinə uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada, eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qanununvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamı) mövcud olduğundan, iddiaçıya həmin əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarış verilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində “iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması” barədə dəlilinə münasibətdə isə qeyd edir ki, Görədil bağlar sahəsinin yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması kimi texniki səbəbdən mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Buna görə də iddiaçının tələb etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar