Məhkəmə qərarları › İş №2-1(103)-1558/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1558/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1558/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda yerləşən və iddiaçının istifadəsinə ayrılmış 0,072 ha ölçüdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin 06 iyun 2005-ci il tarixli, 1/223 saylı sərəncamına əsasən sahə 5, yer 227 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Respublikada bələdiyyə orqanlarının təşkil olunduğu dövrdə Nardaran qəsəbəsində müəyyən səbəblərdən bələdiyyə seçkilərinin keçirilməsi mümkün olmamaqla bələdiyyə yaradılmadığndan və qəsəbənin ərazisində yerləşən torpaq sahələri bələdiyyənin mülkiyyətinə keçmədiyindən göstərilən torpaq sahəsi üzərində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran Qəsəbəsi üzrə nümayəndəsi tərəfindən sərəncam verilmişdir. Həmin torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə sərəncam verilərkən Bakı şəhər XDS İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarı (fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara torpaq sahəsinin ayrılması barədə), “Yerli icra hakimiyyətləri haqqında“ Əsasnamənin və “Torpaq İslahatı haqqında“ Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli qanununun müvafiq müddəaları əsas götürülmüşdür. Qəsəbə nümayəndəsinin 06 oktyabr 2005-ci il tarixli sərəncamı ilə bir çox şəxslərə eyni qaydada torpaq sahələri ayrılmış və iddiaçı da onlardan biridir. 2010-cu ildə Nardaran qəsəbəsində bələdiyyə təşkil olunduqdan sonra iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədləri ərizə ilə müraciət etməklə rəsmi qaydada bələdiyyəyə təqdim etmiş və həmin torpaq sahəsinin iddiaçının istifadəsində olan sahə kimi qeydiyyata alınmışdır. Həmin vaxtdan başlayaraq istifadədə olan torpaq sahəsinə görə torpaq vergilərini bələdiyyəyə ödəmişdir. 2010-cu ildə Bakı Dairəvi Yolunun tikintisi ilə əlaqədar istifadəsində olan 1200 kv.metr torpaq sahəsinin 480 kv.metr hissəsi alınmış və bununla əlaqədar dövlət tərəfindən iddiaçıya kompensasiya ödənilmişdir. Hazırda iddiaçının istifadəsində 0,072 ha ölçüdə torpaq sahəsi qalmaqla həmin sahə Nardaran Bələdiyyəsinin qeydiyyatındadır və bu hal bələdiyyənin 10 iyun 2022-ci il tarixli arayışı ilə təsdiq olunur. Torpaq sahəsinin iddiaçının istifadəsinə ayrıldığı vaxtdan artıq 17 il keçmiş, lakin bu müddət ərzində barəsində olan sərəncam heç kim tərəfindən mübahisələndirilməmiş və indiyə kimi qüvvədədir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına dəfələrlə cəhd göstərsə də, heç bir nəticə əldə etməmişdir. Cavabdeh tərəfindən verilən 16 iyun 2022-ci il tarixli imtina məktubunda “Daşınmaz Əmlakın dövlət reyestri haqqında “ Azərbaycan Respublikası qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci ilin yanvarın 1-dək verilmiş qərarlarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə 3 ay müddətinə yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra iddiaçının ərizəsinə qanunamüvafiq qaydada baxılacağı barədə cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2001-ci ilin yanvar ayından respublikada bələdiyyə orqanları fəaliyyətə başlayarkən Nardaran qəsəbəsində bələdiyyə seçkilərinin keçirilməsi müəyyən səbəblərdən mümkün olmamış və həmin qəsəbədə bələdiyyə yaranmamaqla fəaliyyət göstərməmişdir. Qəsəbədə bələdiyyə 2010-cu ilin yanvar ayında təşkil olunmuş və həmin vaxtdan fəaliyyətə başlamışdır. Həmin vaxta qədər onun istifadəsinə ayrılmış torpaq sahəsi dövlətin mülküyyətində olmuş və icra nümayəndəsi həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququna malik olmuşdur. Sərəncamın verilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş və icra hakimiyyəti qanunla ona verilmiş səlahiyyət çərçivəsində hərəkət etmişdir. Göstərilən sərəncam mülküyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas verdiyindən, məhkəmənin sərəncamın 2005-ci ildə qəbul edilməsinə əsaslanaraq onu qanunvericiliyin tələbinə uyğun hesab etməməsi qanuni və əsaslı sayıla bilməz Sərəncamın verildiyi vaxtdan 17 ildən artıq müddət keçmiş,lakin bu müddət ərzində onun qanuniliyi heç bir orqan tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmiş və bu günə kimi sərəncam qüvvədə olmaqla torpaq sahəsi onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022ci il tarixli 1655 nömrəli fərmanında yerli icra hakimiyyəti orqanlarının 2001-ci ilin yanvarın 1-dək verilmiş qərarlarına baxılması barədə olan göstəriş mülküyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Fərman, onin məzmunundan göründüyü kimi, bələdiyyələr yararana qədər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların icrasına, yəni həmin qərarlar əsasında ayrılmış torpaq sahələri üzərində mülküyyət hüququnun qeydiyyata alınması imkanının təmin edilməsinə yönəlmişdir. Həmin dövrdə Nardaran qəsəbəsində bələdiyyə təşkil olunmadığından yerli icra hakimiyyəti orqanı əvvəlki səlahiyyətlərini davam etdirməklə onun istifadəsinə torpaq sahəsi ayırmışdır. Bu səbəbdən də 06 iyun 2005-ci il tarixli sərəncam 2001-ci ilin yanvarın 1-dək verilmiş qərar və sərəncamlara bərabər tutulmaqla onlarla birlikdə icrası təmin olunmalıdır. 2000-ci ildə keçirilən ümumi bələdiyyə seçkiləri zamanı Nardaran qəsəbəsində seçkilərin baş tutmaması və orada bələdiyyə orqanının yaranmaması respublikada baş verən yeganə hadisə olmaqla bunun fərmanda ayrıca nəzərə alınmaması tələbinin təmin edilməsinə heç bir maneə yaratmır. Əks halda, belə bir vəziyyət yarana bilər ki,mübahisəli torpaq sahəsi nə ondan alınıb başqasına verilə və nə də heş vaxt qeydiyyata alına bilməz. Məhkəmə mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində olmaması barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, yerli icra hakimiyyəti orqanı həmin torpaq sahəsi üzərində sərəncam verərkən torpaq sahəsi bələdiyyənin deyil, icra hakimiyyətinin mülkiyyətində olmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda yerləşən 0,072 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022ci il tarixli Fərmanının 2.7-ci bəndinə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İş materiallarında olan : - “Ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Sabunçu Rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 1/223 saylı Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri XDS İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarına istinad olunaraq iddiaçıya Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, sahə 5, yer 227 ünvanda 1200 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi 06 oktyabr 2005-ci il tarixli Aktla rəsmiləşdirilmiş, torpaq sahəsinin yerləşmə sxemi tərtib olunaraq rayon icra hakimiyyəti Nardaran Qəsəbə üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. - İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən Nardaran Bələdiyyəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Nardaran qəsəbəsində bələdiyyə orqanının 2010-cu ilin yanvar ayından etibarən fəaliyyətə başladığı bildirilmişdir. - xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, əraziyə baxış keçirilmiş və yuxarıda qeyd olunan ünvanda torpaq sahəsinin sərhədlərinin mişar daşı ilə hasarlandığı qeyd olunmuşdur. Tətbiq edilən hüquq : Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar da daxil edilmişdir (2.7). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinəəsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (...) Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Kollegiya qeyd edir ki, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi sənədləri iddiaçının həmin torpaq sahəsinə dair hüquqlarının qeydə alınmasına əsas deyil. Belə ki, yuxarda qeyd edilən normalarda daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçının hüquqmüəyyənedici sənəd olaraq təqdim etdiyi Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı isə xx.xx.2005-ci il tarixdə qəbul edildiyindən,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlər sırasına daxil edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd edilən Fərmandan da göründüyü kimi, vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsinin şərti onunla müəyyən edilmişdir ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Birinci instansiya məhkəməsi isə haqlı olaraq vurğulamışdır ki, “qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilməmişdir”. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin 06 iyun 2005-ci il tarixli, 1/223 saylı sərəncamının 17 ildən artıdqır ki mübahisələndirilmədiyini, ləğv edilmədiyini və qüvvədə olduğunu bildirmişdir. İddiaçının apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin sərəncamın mübahisələndirilməməsi, həmin sərəncamın hüquqmüəyyənedici sənəd kimi qəbul edilməli olduğu anlamını vermir. Belə ki, hazırkı iş üzrə hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həmin dövrdə torpaq ayrılması ilə bağlı Sərəncam vermə hüququnun olması müəyyən edilmir. İPM-nin : 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apellyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10938/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar