Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1558/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 2- 1(112)-7075/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və s qarşı “əlilliyin təyin edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdeh qismində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin göstərilməsi və əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi formasında iddia tələbinin dəqiqləşdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 24 avqust 2023-cü il tarixli cavabdehin qərarının ləğv edilməsi, 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlillik müddəti 06 oktyabr 2021-ci il tarixədək olduğundan, yeni göndəriş tərtib edilərək cavabdehə göndərilmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən imtina etmişdir. Halbuki, ona əlilliyin təyini üçün əsas olan xəstəliklər mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, göndərişlər əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və göndərişin natamam doldurulması müəyyən edilmişdir. Hal-hazırda iddiaçıya əlilliyin təyinatına əsas mövcud olmadığından, əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda yenidən müraciət etməsi tövsiyə olunur. İddia tələbinin rədd edilməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 2-1(112)-7075/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan 09 fevral 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlilik vəziyyəti tibb müəssisənin göndərişi əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması müəyyən edilmişdir. 12 may 2022-ci il tarixli məktubundan görünür ki, əlillik vəziyyəti qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olmasına əsaslanaraq müraciətin təminindən imtina edilmişdir. Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya 03 iyul 2008-ci il tarixdən sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ defekti mahiyyətli xəstəliklə ümumi səbəblərdən əlillik təyin edilmişdir. Eyni növ xəstəlik davam etmiş, 23 iyul 2016-cı il tarixdən əlillik müddəti 23 iyul 2021-ci il tarixədək uzadılmışdır.Sonradan isə 06 oktyabr 2016-cı il tarixdə sonradan yoxlama aparılmış və əvvəlki xəstəliklərlə yanaşı, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labilik, vestibülyar pozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri və s xəstəliklər nəzərə alınmaqla əlillik dərəcəsinin ağırlaşması əsası ilə ona 5 il müddətinə, yəni 06 oktyabr 2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti göndərişlərə dair cavabdehin müayinə nəticələrindən görünür ki, əliliyin təyinatından göndərişin natamam doldurulması və əlavə müalicəyə ehtiyac olması əsasları ilə imtina edilmişdir. Məhkəmənin qərardadı ilə ekspertiza təyin edilərək göndərişlərdə olan xəstəliklərin iddiaçıda mövcud olub-olmaması soruşulmuş, ekspertin rəyi ilə həmin xəstəliklərin iddiaçıda mövcud olması öz təsdiqini tapmışdır. AR Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışlarından görünür ki, iddiaçı əlilliyin təyinatına əsas olmuş sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı və s xəstəliklərdən əziyyət çəkir. Məhkəmənin təkrar inzibati araşdırmanın aparılmasına dair qərardadına (aralıq inzibati aktına) cavab olaraq təqdim edilən məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlilliyin təyin edilməsinə əsas olmadığı barədə qərar qəbul edilmişdir. 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Hazırki tələbində iddiaçı cavabdeh inzibati orqanın 24 avqust 2023-cü il tarixli qərarını mübahisələndirərək, ona 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək ilk növbədə qeyd edir ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana əlilliyin müddəti bitdikdən sonra ilkin müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. İddiaçının 06 oktyabr 2016-cı il tarixli ikinci qrup əlilliyinə əsas olmuş xəstəliklər qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labilik, vestibülyar pozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri və s. ilə bağlı olsa da, iddiaçıya 3 iyul 2008-ci il tarixdən sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ defekti mahiyyətli xəstəliklə ümumi səbəblərdən üçüncü qrup əlillik təyin edilmişdir ki, hazırda təyinatına əsas olmadığı göstərilən göndərişlər də məhz həmin xəstəliklərlə bağlıdır. Belə ki, ilkin və təyinatına natamam doldurulması və əlavə müalicəyə ehtiyac duyulması əsasları ilə əlilliyin təyinatına cavabdehin mövqeyinə görə əsas olmayan göndərişlərdən görünür ki, iddiaçının əsas diaqnozu bud sümüyünün cizminin sınığı, sol bud sümüyünün yuxarı 1/3-nün qeyri-düzgün bitişmiş sınığı (S72.3) ilə bağlıdır. Ağırlaşmalar isə aşağıdakılardır: M84.0 Sümük sınığının pis bitişməsi, sol bud sümüyünün yuxarı 1/3-nün qeyridüzgün bitişmiş sınığı; M16.5 Digər posttravmatik koksartrozlar, sol bud çanaq oynağının koksartrozu; M24.5 Oynaqların kontrakturası, sol bud-çanaq oynağının açıcı-bükücü yaxınlaşdırıcı kəskin kontrakturası açna 10 dərəcə, bükmə 145 dərəcə açma 20 dərəcə; M62.5 Əzələnin başqa rubrikalarında təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası; M17.5 Digər ikincili qonartrozlar, sol diz oynağının artrozu, açıcı bükücü kəskin konktrakturası, simfiz oynağının artrozu M21.1. Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün 1/3-nun qeyri-düzgün bitişmiş varus deformasiyası M25.7 Osteofit, sol diz oynaq ostefitləri M19.1 Digər oynaqların posttravmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu Yanaşı xəstəliklər isə R26.8, R.52.2, H26.2, D50, F45.3 kodları ilə göstərilmişdir. Birinci instansiya məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, AR SN “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X4 T 336/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş sonuncu göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “S72.3-bud sümüyü cisminin (diafızinin) sınığı, sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, M62.5əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, əzələ atrofıyası. M 17.5 Digər ikincili qonartrozlar, Sol diz oynağının İİİ dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165dər., bükmə 155dər.) M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7- osteofıt, sol diz oynaqətrafı osteofitləri, M 19.1digər oynaqların posttravmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu” diaqnozu onun xx.xx.2023-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim komissiyasının müayinəsi zamanı müəyyən etdikləri diaqnozla eynilik təşkil edir, yəni o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Adıçəkilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında öz əksini tapmışdır. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2008-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2008-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 2-1(112)-7075/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 2-1(112)-7075/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1558/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1558/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver