Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1559/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı ildə Qazax rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatda olan) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illəri ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. O, 1977ci ildən hazırkı vaxta qədər əmək fəaliyyəti ilə məşğul olur. O, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. Lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işinin materiallarına əmək kitabçası və AR X9 QSC tərəfindən verilmiş arayışı əlavə etmişdir. Arayışda qeyd edilir ki, iddiaçı “matros”, “kapitanın 3-cü, 2-ci, baş köməkçisi” və “kapitan” vəzifələrində çalışmışdır. Halbuki, iddiaçının əmək kitabçası oxumaq və başa düşmək üçün yararsız vəziyyətdə olduğundan kitabçadan bunu müəyyənləşdirmək demək olar mümkünsüzdür. Bu o deməkdir ki, əmək kitabçasının surəti iş üzrə mötəbər sübut hesab oluna bilməz. Ən əsası, əmək kitabçasında qeyd olunan məlumatların demək olar ki, əksəriyyəti xarici dildə göstərilmişdir. Halbuki, bu peşələrin və vəzifələrin adları terminoloji ifadələr olduğu üçün onların rəsmi şəkildə təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə ehtiyac vardır. Yəni nə məhkəmə, nə də iddiaçı həmin peşə, vəzifə adlarını öz mülahizəsinə və ümumi dil biliklərinə əsaslanaraq tərcümə edə bilməz. Rəsmi şəkildə tərcümə olmadan bu sənəd mötəbər sübut deyildir və işin halları üzrə nəzərə alına bilməz. İddiaçınin işlədiyi, arayışda qeyd edilən peşələr nə AR NK-nin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında, (bundan sonra Yeni Siyahı) nə də xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2-ci Siyahıların (bundan sonra Əvvəlki Siyahı) heç birində yoxdur. Belə ki, X8 qeyd edildiyi kimi “Nəqliyyat” adlanan bölməsində və əvvəlki Siyahının eyni adlı bölməsində qeyd olunmuş, peşələrin və müxtəlif vəzifələrinin arasında iddiaçının qeyd etdiyi “matros”, “kapitanın 3-cü, 2-ci, baş köməkçisi” və “kapitan” vəzifələrinin heç biri qeyd olunmamışdır. Bu peşələrin adları Siyahıda göstərilmədiyi üçün iddiaçının onlarda çalışdığı müddət xüsusi sığorta stajına əlavə oluna bilməz. Bununla əlaqədar məhkəmə təcrübəsi də vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. İddiaçının qanunla müəyyənləşdirilmiş yaşı tamamlanmadığı üçün onun pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçı xx.xx.1960-cı il doğumlu olduğuna görə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən onun güzəştli şərtlərlə pensiya hüququ yalnız 60 yaşını tamamladığı vaxtdan yarana bilər. Yəni, əgər iddiaçının güzəştli şərtlərlə pensiya əldə etmək üçün xüsusi sığorta stajı olsaydı belə ona hal-hazırda yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilə bilməzdi, çünki 60 yaşını tamamlamayıb. “ƏPQ”-nin 7-ci maddəsinə əsasən, ümumi şərtlərlə yaşa görə pensiya yaşı isə 63-dür (01,07.2017-ci ildən 2021-ci ilədək hər il 6 ay artırılmaqla). İddiaçı həmin yaşı tamamladıqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1144/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: -İddiaçı xx.xx.1960-cı ildə Qazax rayonunda doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). -İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil almış və həmin təhsil dövrü həqiqi hərbi xidmət dövrü kimi də götürülmüşdür (DT 068621 №-li Diplom, VU 073816 №-li Hərbi Bilet və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsininxx.xx.2019-cu il tarixli 202 №-li Arayışı). İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər «Astanak» Sovxozunda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.2011-ci il tarixə qədər Azərbaycan Dövlət X6 üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü, 2- ci, baş köməkçisi və kapitan vəzifələrində işləmişdir (əmək kitabçası). -İddiaçının güzəştli əmək pensiyasına çıxması üçün stajı 28 il 3 ay olmaqla, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımbəndinə əlavə edilən peşələrə görə güzəştli əmək pensiyasına çıxmağa əsas verir. İddiaçının işlədiyi matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələri üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir (Azərbaycan X9 QSC X4 AM03/02-195 №-li, xx.xx.2019-cu il tarixli Arayışı). -İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********1 №-li məktub). İmtinaya səbəb kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən az ümumi iş stajının olması qeyd olunmuşdur. Hazırda iddiaçı ona xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illəri ümumi iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 28 il 0 ay 13 gün ümumi və 22 il 11 ay 0 gün güzəştli iş stajı mövcuddur. İddiaçının işlədiyi matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələri«Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımbəndində qeyd olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1559/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1559/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver