Məhkəmə qərarları › İş №2-1(103)-1559/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1559/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1559/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-305/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını, hesablanmış faizlərin silinməməsi nəzərə alınaraq, əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783,33 manat qalıq borcunun azaldılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu yaxınlarda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onun kredit borcunun restrukturizasiya olunmamasını, hesablanmış faizlərin silinməməsi nəzərə alınaraq, əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783,33 manat qalıq borcunun azaldılmasının cavabdeh "xxxx" Açıq Səhmdarı Cəmiyyətinə və ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi varisi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(005)-1163/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə onun cavabdeh Mərkəzi Banka qarşı “kompensasiyanın ödənilməsinə dair” tələbinə dair mülki işin icraatına xitam verilmiş, həmin məhkəmənin 2(005)-1163/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası rədd edilmişdir. Məhkəmənin qeyd olunan qərardadında göstərilmişdir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati orqan çıxış edir və inzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 2.1-ci maddəsinə görə Mərkəzi Bank publik hüquqi şəxsdir. Həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsində isə göstərilmişdir ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləğinin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Mərkəzi Bank tərəfindən həyata keçirilir. İşin faktiki halları ilə diqqətə çatdırır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 28%-lə 48 ay müddətinə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəfindən xx.xx.2016-cı il tarixədək banka 2511 ABŞ dolları və 1670 manat ödəmişdir. Lakin sonralar devalvasiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Cavabdeh bank tərəfindən barəsində məhkəmə əmrinin verilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə ondan "xxxx" ASC-nin xeyrinə 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz, cəmi 11237,56 ABŞ dolları məbləğində pul vəsaitinin alınması qət edilmişdir. Həmin qətnamənin əsasında verilmiş icra sənədi əsasında xx.xx.2017-ci il tarixindən etibarən “problemli kreditlərlə bağlı kompensasiyanın verilməsi ilə bağlı” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının qəbul edilməsinə əsas kimi onun təqaüdündən 6374 manat məcburi qaydada tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından sonra kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə edərkən ona məlum olmuşdur ki, xx.xx.2019cu il tarixinə kimi guya onun cavabdeh banka manat ekvivalentində 12641,56 manat əsas kredit borcu olmuş, hesablanmış kompensasiya məbləği 4858,23 manat təşkil etmiş və borcun azaldılmasına yönəldilməsi nəticəsində qalıq borc 7783,33 manat təşkil etmişdir. Məlum Fərmandan sonra cavabdeh bank tərəfindən borcun restrukturizasiya ilə bağlı heç bir tədbir görülməmiş, vaxtilə hesablanmış faiz borcu və cərimələr silinməmişdir. Palataya təqdim edilən məlumatda onun 8097,05 ABŞ dolları məbləğində əsas kredit borcunun olduğu göstərilir. Halbuki, vaxtilə 2016-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə onun 7811,47 ABŞ dolları əsas, 3426,09 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra təqaüdündən tutulan məbləğlərin ilk növbədə faiz borcun ödənilməsinə yönəldiyini, həmçinin əsas kredit borcunun azalma ehtimalı da, nəzərə alınsa, onun banka əsas kredit borcu heç bir halda arta bilməzdi. Maliyyə Bazarlarına Nəzarət Palatasına etdiyi müraciət cavabdehə yönləndirilmişdir. Bank tərəfindən bildirilmişdir ki, guya istər borc məbləği, istərsə də, kompensasiya məbləği düzgün hesablanmışdır. Halbuki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli idi. Həmin Fərmanla banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmək; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bankların bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi tövsiyə edilmişdir. Həmin Fərmanda göstərilmişdir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Həmin Fərmanla bağlı qəbul edilmiş Qaydaların 5.2.2ci maddəsinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatlarının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; 5.2.3-cü bəndinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatlarının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə - faiz kompensasiya əsas kredit borcunun qalığının 30%-dən çox olduqda tam şəkildə silinir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs – İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi kompensasiyanın hesablanması hissəsində Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə qalıq qalan 8.097,05 ABŞ dolları məbləğində əsas kredit borcuna münasibətdə Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla 4.858,23 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcu mövcud olduğundan yuxarıda qeyd edilmiş kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə uyğun olaraq həmin kredit borcunun ödənilməsinə yönəldilmişdir. Beləliklə Fərmanın qüvvəyə mindiyi günə qalıq qalan 7.436,21 ABŞ dolları (12.641,56 manat ekvivalentində) 4.858,23 manat azaldılaraq 7.783,33 manat təşkil etmişdir. Fərman çərçivəsində iddiaçının kredit borcunun restrukturizasiya edilməsinə gəlincə isə bu hissədə sözügedən kredit borcu müvafiq tələblərə cavab vermədiyindən siyahıya daxil edilməmişdir. Belə ki, Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə bankın təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcu cəmi 7.436,21 ABŞ dolları təşkil etsə də, həmin borcun ödənilməsi yalnız 219 gün gecikdirilmişdir. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına əlavə edilməklə və ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-305/2022 nömrəli qərarının “ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması” hissəsində qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin araşdırılması düzgün şəkildə aparılsa da, sonda gəlinmiş nəticədə qismən səhvə yol verildiyindən aşağıdakılara əsasən qərarın nəticə hissəsində dəyişiklik edilməlidir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) ilə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuş, müvafiq siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanması banklar və bank olmayan kredit təşkilatlarına tövsiyyə edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) 6.1-ci bəndində Fərmana əsasən restrukturizasiya olunacaq əsas kredit borclarının hansı tələblərə cavab verməli olduğu göstərilmişdir. İddiaçı onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Fərman çərçivəsində restrukturizasiya ediləcək borclar siyahısına daxil edilməməsinin əsassız olduğunu bildirmiş və sözügedən borcun da həmin siyahıya əlavə edilməsini, habelə əsas kredit borcu məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının göstərdiyi kredit müqaviləsi Qaydanın 6.1.3-cü yarımbəndinin tələbinə cavab vermədiyindən, yəni Mərkəzləşdirilmiş Kredit Reyestrinə "xxxx" ASC tərəfindən daxil edilmiş qeydlərə görə kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə əsas məbləğin və faiz borclarının ödənilməsi 360 gündən az gecikdirildiyindən (219 gün) həmin müqavilə restrukturizasiya ediləcək borclar siyahısına daxil edilməmişdir. Məhkəmə icraatı zamanı verilmiş sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, xx.xx.2019-cu il tarixinə iddiaçının sözügedən müqavilə üzrə kredit borcu 360 gündən çox gecikdirilmişdir. Yuxarda qeyd edilən hissədə məhkəmə əsaslı olaraq iddianı təmin etmişdir. Lakin digər hissədə, yəni kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin Mərkəzi Bankın üzərinə vəzifə kimi qoymaqla düzgün qərar qəbul etməmişdir. Belə ki, Qaydanın 5.1-ci bəndinə görə kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Qaydanın 2.1.1-ci yarımbəndinə görə kredit təşkilatı dedikdə - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla) başa düşülür. Göründüyü kimi, Qaydaya görə kompensasiya hesablanmış kredit borcu üzrə xx.xx.2019cu il tarixə mövcud borcların müəyyən edilməsi öhdəliyi kredit təşkilatlarına həvalə edilmişdir. Başqa sözlə, məhkəmə Qayda üzrə ona həvalə edilməmiş öhdəliyin icrasını xx.xx.2022-ci il tarixli qərarı ilə Mərkəzi Bankın üzərinə vəzifə kimi qoymuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni “ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması” hissəsində ləğv edilməli, iddia həmin hissədə mümkün hesab təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi iki hissədən, yəni kredit borcunun restrukturizasiya olunmasından və əsas kredit borcunun yenidən hesablanaraq kompensasiya məbləği hesablanmaqla 7783,33 manat qalıq borcunun azaldılmasının cavabdehə həvalə edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanın müddəalarına uyğun olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə əlaqadar aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarının düzgün tətbiq edilməsi halının müəyyən edilməməsinə, bununla da, iddiaçının hazırki tələbinin əsaslı olmasına istinad edərək iddianın təmin edilməli olması barədə nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə yalnız kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin Mərkəzi Bankın üzərinə vəzifə kimi qoyulması mübahisələndirilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin Mərkəzi Bankın üzərinə vəzifə kimi qoyulmamalı olması barədə dəlilləri ilə razılşaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) ilə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuş, müvafiq siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanması banklar və bank olmayan kredit təşkilatlarına tövsiyyə edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (Qayda) 6.1-ci bəndinə görə Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17.000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10.000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Qaydanın 5.1-ci bəndinə görə kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Qaydanın 2.1.1-ci yarımbəndinə görə kredit təşkilatı dedikdə - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla) başa düşülür. Göründüyü kimi, Qaydaya əsasən kompensasiya hesablanmış kredit borcu üzrə xx.xx.2019-cu il tarixə mövcud borcların müəyyən edilməsi öhdəliyi kredit təşkilatlarına həvalə edilmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi Qayda üzrə ona həvalə edilməmiş öhdəliyin icrasını Mərkəzi Bankın üzərinə vəzifə kimi qoymuşdur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-305/2022 saylı qərarı “ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” hissəsində ləğv edilməli, iddiaçının həmin hissədə iddia tələbi mümkün hesab edilməməli, qalan hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-305/2022 saylı qərarı “ödənilmiş kompensasiya məbləği nəzərə alınmaqla əsas kredit borcu məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi mümkün hesab edilməsin. Qalan hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar