Məhkəmə qərarları › İş №2-1(103)-1559/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1559/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1559/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş “Maliyyə və kredit” ixtisası üzrə ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Üniversitetinin maliyyə və kredit fakültəsində iqtisadçı ixtisası üzrə təhsil almışdır. İddiaçıya xx.xx.2011-ci il tarixli, ВСГ ******* nömrəli diplom verilmişdir. İddiaçı xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin Təhsil Nazirliyi tərəfindən diplomun tanınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (6 il) iddiaçının həmin ölkədə cəmi 3 gün olması göstərilir. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən tədris proqramının bu müddət ərzində yerinə yetirilməsinin qeyri-mümkün olduğu bildirilir. Hesab edir ki, diplomun tanınmasından imtina əsassızdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi göstərilməklə iddia tələbinin “Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən iddiaçının adına verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilməsi və cavabdehin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən istinad edilən hallar qeyd olunan Qaydaların 3.7-ci bəndində göstərilən mənfi rəyin verilməsi üçün əsaslardan heç birinə uyğun gəlmir və formal xarakter daşıyır. İddiaçının təhsil aldığı təhsil müəssisəsi “Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində” olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Lakin məhkəmə işin bu hallarına düzgün qiymət verməmiş, iddiaçının “Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində” təhsil almasını, Universitetin Bakı şəhərindəki səyyar təhsil məntəqəsində səyyar sessiyalar formasında təhsil almasını nəzərə almamış, həmin istiqamətdə araşdırma aparmamış, yanlışlıqla inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmadığı, iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri inzibati orqan tərəfindən pozulmadığı qənaətinə gələrək iddia tələbini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-719/2023 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilmiş, İddiaçı adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası İnzibati Kollegiyasının 2-1(102)-2253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-719/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “məhkəmə cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni dövrdə və eyni formada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmadığına dair araşdırma aparmamışdır. Belə ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) xx.xx.2011-cı ilədək məzun olmuş şəxslərin aldıqları xarici ali təhsil ixtisasların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikası da nəzərdən keçirilməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Rusiya Federasiyası “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ВСГ ******* nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşə-ixtisas dərəcəsi verilmişdir. Diplom xx.xx.2012-ci ildə 134138 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; - Rusiya Federasiyası “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ВСГ ******* nömrəli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsində oxuduğu müddət ərzində “Maliyyə menecmenti” ixtisaslaşması üzrə 62 fəndən 4 kafi, 22 yaxşı, 5 əla və 31 məqbul qiymətləri almışdır; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı 2005-2011-ci illər ərzində Rusiya Federasiyası istiqamətində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar belədir: xx.xx.2011-çıxış, xx.xx.2011-giriş. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində (ümumilikdə 03 gün) bakalavr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. İş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Rusiya Federasiyası “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsində “Maliyyə və kredit” ixtisası üzrə iqtisadçı Peşə-ixtisası üzrə təhsil almış və xx.xx.2011-ci il tarixdə ВСГ ******* nömrəli bakalavr diplomunun verilmişdir. Daha sonra o, müvafiq diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasını “Rusiya Dövlət Sosial Universiteti” ali peşə təhsili dövlət təhsili müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü təşkil etmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmiş 2011-ci il tarixli, № 003378 qeydiyyat nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 adına xx.xx.2011-ci ildə Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ali təhsil haqqında BCГ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınmışdır. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müvafiq sorğular ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş materiallarında olan X2 adına xx.xx.2011-ci ildə Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ali təhsil haqqında BCГ ******* saylı mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması barədə 2011-ci il tarixli, № 003378 qeydiyyat nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin (inzibati iş materiallarının) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunmasını xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-29-61/2-137/2024 saylı məktubda qeyd edilmişdir ki, “Haqqında sorğu edilən vətəndaş X2 Rusiya Dövlət Sosial Universitetindın əldə etdiyi xx.xx.2011-ci il tarixli, BCГ ******* nömrəli diplom üzrə kvalifikasiyasının tanınması üzrə icraat materialları yenidən araşdırılmışdır. Bununla bağlı qeyd etmək istərdik ki, X4 2005-2011-ci illərdə Rusiya Dövlət Sosial Universitetində təhsil almış,onun müraciəti əsasında aparılan icraat zamanı vətəndaşın tədris dövründə onun təhsil forması, Bakı filialında yaxud Rusiya Federasiyasındakı ana müəssisədə təhsil alması barədə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 332M nömrəli sorğusuna əsasən ali təhsil müəssisəsindən daxil olan cavabda (hər ikisi əlavə olunur) tələbənin filialda oxuması barədə məlumat əks olunmamış, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan sərhədkeçmə məlumatlarına(əlavə olunur) əsasən vətəndaşın qiyabi təhsilalma formasının tələblərinə uyğun olaraq tədris illəri üzrə aşağıdakı kimi Rusiya Federasiyasında olduğu təsdiqlənmişdir: 2005/2006-21 gün 2006/2007- getməyib 2007/2008-17 gün 2008/2009 -21 gün 2009/2010-21 gün 2010/2011-13 gün yarım il üzrə Qeyd olunanlara əsasən vətəndaşın Rusiya Dövlət Sosial Universitetinin Bakıdakı filialında deyil əsas müəssisəsində təhsil aldığı müəyyən edilərək ona tanınma haqqında şəhadətnamələr təqdim olunmuşdur. Məhkəmədən bu önəmli nöqtəni nəzərə alması xahiş olunur ki, Rusiya Dövlət Sosial Universiteti blankında əldə edilmiş bütün diplomlar qanunsuz Bakı filialında tədrisin nəticəsində verilmədiyi kimi, həmin təhsil sənədləri üzrə verilmiş bütün şəhadətnamələr də qanunsuz filial üzrə verilmiş kimi qiymətləndirilməməlidir. Eyni zamanda qeyd etmək istərdik ki, 2-1 (103)-1559/2024 iş üzrə İddiaçı inzibati icraatın nəticəsində tədris dili biliyinin qənaətbəxş olmaması və tədris dövründə Rusiya Federasiyası ərazisində kifayət qədər olmadığı üçün onun müraciəti haqqında imtina qərarı verilmişdir. İddiaçının tədris dövrü üzrə sərhədkeçmə müddətləri sorğu əsasında aşağıdakı kimi müəyyən olunmuşdur: İ il-getməyib İİ il-getməyib İİİ il-getməyib İV il-getməyib V il-getməyib Vİ il-2gün İnzibati icraat aparılan dövrdə iddiaçının Bakı filialında təhsil alması ilə bağlı fakt aşkarlanmamış, özü tərəfindən də bu məlumat ilk dəfə sərhədkeçmə məlumatlarına əsasən xarici ali təhsil aldığı ölkədə olmadığı müddətin əsaslandırılması kimi məhkəmə icraatı zamanı qeyd olunmuşdur. Yekun olaraq qeyd etmək istərdik ki, hazırkı iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının öz qərarında, xx.xx.2022-ci il tarixli, 2-1(102)-882/2023 nömrəli Qərarına istinadla qeyd olunmuş cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 00-05- 333/TKTA nömrəli məktubda Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən 2006-cı ilədək məzun olmuş 56 nəfərin təhsil sənədlərinin tanınması barədə məlumat Bakıdakı filial haqqında deyil, həmin müəssisəsinin Rusiya Federasiyasındakı əsas müəsissisəsindən məzun olan şəxslər haqqında olmuşdur. (məktubun elektron məhkəmə sistemindən sürəti əlavə olunur)” Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə məhkəmə təcrübəsi öyrənilərkən məlum oldu ki, əvvəllər də adı çəkilən Universitetin məzunları tərəfindən diplomun tanınması ilə bağlı iddialar məhkəmə icraatında olmuşdur. Həmin işlərdən olan 2-1(102)-882/2022 saylı və 2- 1(102)- 2346/2023 saylı inzibati işlər üzrə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlardan göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi bu iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə eynilik təşkil etmişdir Digər tərəfdən, oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin sonuncu 2-1(102)- 2253/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdu ki, “apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Rusiya Dövlət Sosial Universitetinin Bakıda yerləşən tədris-məsləhət məntəqəsində olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəni tərk etməyə zərurət olmamışdır. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır (2- 1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Belə ki, həmin işlərdən aydın olduğu kimi, iddiaçılar Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışlar, baxmayaraq ki, həmin filial ölkə ərazisində akkreditasiyadan keçməmiş və dövlət lisenziyası əldə etməmişdir, lakin yaranmış məhkəmə praktikasına əsasən qeyd edilən hallar təhsil alan tələbələrin təhsil hüquqlarının pozulmasına səbəb ola bilməz..... İş üzrə apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçı ilə eyni təhsil müəssisəsində, eyni dövrdə və eyni formada təhsil almış digər şəxslərin diplom üzrə ixtisasının ölkə ərazisində tanınıb-tanınmadığına dair araşdırma aparmamışdır. Belə ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) xx.xx.2011-ci ilədək məzun olmuş şəxslərin aldıqları xarici ali təhsil ixtisasların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqanın inzibati praktikası da nəzərdən keçirilməlidir.....Apellyasiya instansiyası məhkəməsi, həmçinin analoji iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-882/2023 saylı qərarında ifadə edilmiş hüquqi mövqe nəzərə alınmaqla araşdırma aparmamışdır. Məhkəmə kollegiyası həmin qərarında qeyd etmişdir ki, “...Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/TKTA nömrəli məktublarından görünür ki, ...Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.” Bununla yanaşı, cavabdeh qurum tərəfindən iddiaçının təhsil aldığı təhsil müəssisənin qanunsuz fəaliyyəti ilə bağlı hər hansı mötəbər sübutlar bu məhkəmə icraatında da təqdim olunmamışdır. Məhkəmə kollegiyası hazırki vəziyyətdə oxşar işlər üzrə inzibati orqanın həm inzibati praktikasını, həm də kassasiya instansiyası məhkəməsinin yuxarıda adları qeyd olunan inzibati işlərdə sərgilədiyi hüquqi mövqeyini, bunun nəticəsində də formalaşan məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddiaçı “diplomunun tanınması və ona ekvivalentlik şəhadətnaməsinin verilməsi”ni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olmadığından iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5585/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı adına Rusiya Federasiyası Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş ВСГ ******* nömrəli, xx.xx.2011-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar