Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-156/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla sosial müavinətin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2520/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10-13 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2004-cü il təvəllüdlü X8 Osman oğluna sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən xx.xx.2019-cü il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladı xx.xx.2004-cü il təvəllüdlü X8 Osman oğlu “Wilyams” sindromu xəstəliyindən əziyyət çəkdiyinə görə keçən il onun Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciətlərindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti övladını müayinə etmiş, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən övladı sağlamlıq imkanları məhdud uşaq olduğuna görə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən sosial müavinət təyin edilmişdir. Onun tam olaraq xəstə olduğunu o və yoldaşı təqribən 2-3 yaşı olanda bilmişlər. Bu xəstəliklə bağlı 1960-cı illərdə uşaqlar arasında daha çox rastlanan “Williams Sindromu” xəstəliyi 10 min doğuşdan birində görülən genetik xəstəlikdir. Yəni bu xəstəlik anadangəlmə xəstəlikdir və bu səbəbdən övladı hazırda aldığı sosial müavinəti doğulduğu vaxtdan almalı olduğu halda müəyyən səbəblərdən bu baş tutmamışdır. Bu səbəblərdən ən başlıcası övladının sağlamlıq imkanları məhdud uşaq kimi tanınması və haqqı olan sosial müavinəti alması üçün o dəfələrlə müraciət etsə də müraciətlərinin nəticəsiz qalmış olmasıdır. Sağlamlıq imkanı məhdud uşaq kimi doğulduğu gündən xx.xx.2019-cu il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinət də hesablanaraq birdəfəlik ödənilməlidir. Bu səbəbdən o, xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət edərək övladına sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən xx.xx.2019-cu il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinətin də hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmiş, lakin müraciətindən bu günə kimi 2 aydan da artıq müddət keçməsinə baxmayaraq cavabdeh orqan tərəfindən ona müsbət və ya mənfi hər hansı cavab verilməmişdir. Bu səbəbdən o övladının pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmiş və övladının xəstəliyi ilə bağlı müayinə sənədlərinə, eləcə də tibbi sosial ekspert komissiyasının rəyinə əsasən hesab edir ki, tələbi tam əsaslıdır və təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2520/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2520/2021 saylı 30 mart 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2520/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı Nümayəndə və 3-cü şəxsin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı övladı xx.xx.2004-cü il təvəllüdlü X8 Osman oğluna sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən xx.xx.2019-cü il tarixə qədər qanunvericilikdə nəzərdə tutulan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, sağlamlıq imkanlarının məhdud hesab edilməsinə dair sosial müavinət məhz şəxsin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi müddətdən təyin edilir. Hazırda cavabdeh qismində çıxış edən inzibati orqan tərəfindən də uşağın sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğu (qərarın qəbul edildiyi) tarixdən sosial müavinət təyin edilmişdir. Bundan başqa, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2019-cu ildən əvvəlki dövrlər üzrə də səhiyyə müəssisələri tərəfindən göndərişin göndərilməsi sübuta yetirməmişdir. Təhlil edilmiş qanunvericilik normalarından göründüyü kimi, sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edildiyi tarixdən əvvəlki dövrlər üzrə sosial müavinətlərin ödənilməsi nəzərdə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli № 2999 saylı müayinə diaqnozundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Meral Musa Osman oğlu tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1 Nitq inkişafın spesifik pozuntusu F80.0 Wilyams sindromu Q93 diaqnozu qoyulmuşdur. AR X1 Qanuna (2.3 maddə) əsasən stasionara yerləşdirilmə əsassız hesab olunmuşdur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının № 4120003AABEE saylı 22 nömrəli Uşaq Poliklinikası tərəfindən göndərilmiş X8 Osman barəsində cavabından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 Osman xx.xx.2019-cu il tarixdə TSEK-də müayinə olunmuş. TSEK-in cavabı, diaqnozu: orta dərəcəli kəmağıllıq. Nitq artikulyasiyasının spesifik pozuntusu. Başqa rubrikalarda təsnif olunmayan monosomiyalar və autosom xromosomların bir hissəsinin itirilməsi, wilyams sindromu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemində müavinət, təqaüd və kompensasiya alan şəxs barədə məlumatdan görünür ki, X8 Osman oğluna xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq 150 manat müavinət təyin edilmişdir. İş materiallarında olan X2 xx.xx.2012-ci il tarixli X4 görünür ki, X7 sindromu diaqnozu ilə müayinə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami rayonu 19 nömrəli Uşaq poliklinikasısının xx.xx.2015-ci il tarixli Psixoloji Tibbi-Pedaqoji Komissiyasına Göndərişin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 Osman oğluna yüngül koqnitiv pozuntu, astenik sindromu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nizami rayonu 19 nömrəli Uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8 Osman oğlu, həqiqətən poliklinikada “Yüngül koqnitiv pozuntu, astenik sindromla” diaqnozu ilə dispanser qeydiyyatındadır. Səhhəti ilə əlaqədar olaraq evdə məktəb təşkil olunması məsləhətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2017-ci il tarixli 1731 nömrəli arayışın surətindən görünür ki, ərizəyə cavab olaraq bildirilir ki, X8 Osman oğlu xx.xx.2017-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş və X8 Osman oğluna Yüngül kəmağıllıq nitq və davranış pozuntusu ilə F70.0 diaqnozu qoyulmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyalar haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Əsasnamənin 4.26-cı bəndinə əsasən, Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.3-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Həmin Qanunun 7.0.4.-cü maddəsinə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının xx.xx.2004-cü il təvəllüdlü oğlu X8 Osman oğlu anadangəlmə irsi xəstəlik-Wilyams sindromu xəstəsi olmuşdur. İddiaçı izahatında bildirmişdir ki, övladının xəstə olduğunu o, və yoldaşı təqribən 2-3 yaşı olanda bilmiş və həmin vaxtdan müraciətləri olsa da nəticəsi olmamışdır. Yalnız Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının 1-ci Vitse Prezidentinə müraciətlərindən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti övladını müayinə etmiş. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli rəyinə əsasən övladı sağlamlıq imkanları məhdud uşaq olduğuna görə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən sosial müavinət təyin edilmişdir. İddiaçı müraciətlərinin əvvəldən olduğunu əsas gətirərək xx.xx.2019-cu ildə təyin edilmiş sosial müavinətin uşağın doğulduğu tarixdən ödənilməli olduğunu bildir. Məhkəmə kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq xx.xx.2021-ci il tarixdə aralıq qərardadı qəbul edərək, İddiaçı övladı sağlamlıq imkanları məhdud uşaq kimi doğulduğu gündən xx.xx.2019-cu il tarixə qədər sosial müavinətin verilməsi barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün iki aylıq müddət təyin etmişdir. Agentlik tərəfindən məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişi (Forma-088) əsasında şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlər üzərindən Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən Qiymətləndirilir. Qeyd edək ki, bu qərarın 4.26. bəndinə əsasən əlilliyin təyin olunma tarixi Tibbi-Sosial Ekspert Komissiyasının qərarının qəbul edildiyi tarixdən hesablanır. Bildirilir ki, X8 Osman oğlunun sağlamlıq imkanlarının məhdudluğu 22 nömrəli Uşaq Poliklinikasının 4120003AABEE nömrəli göndərişi əsasında ilkin qiymətləndirilmiş və xx.xx.2019-cu il tarixindən onun 3 (üç) il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi-TSEK tərəfindən ilkin müraciətdən dərhal sonra Uşaq Poliklinikasının ilkin göndərişi əsasında iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək ona xx.xx.2019-cu il tarixdən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək 150 manat məbləğində müavinət təyin edilmişdir. Uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki dövrlər üzrə də səhiyyə müəssisələri tərəfindən göndərişin göndərilməsi iş materialları ilə sübuta yetirilməmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının mənasından göründüyü kimi əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir. Yenə qanunvericiliyin tələblərinə görə əlilliklə bağlı müavinət onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Bu mənada, iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2019-cu il tarixində qəbul edilmiş TSEK qərarı ilə müəyyən olunduğundan, onun müavinət almaq hüququ da həmin andan yaranır. Odur ki, inzibati orqanın imtinası, eləcə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-2520/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-156/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-156/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver