Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1560/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “hüquqların qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhər XDS İK-nin xx xxxxxxx 1987-ci il tarixli 20/396 saylı qərarına əsasən “Qum adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli 01 saylı qərarı ilə qanuni istifadəsinə verilmiş bloq “A” 50 saylı bağ sahəsinin ünvanı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan bağ massivi, blok “A” 50 saylı bağ sahəsinə onunla bağlı nömrə uyğunsuzluğu aradan qaldırılmaqla mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və həmin sahəyə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv eidlməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilmiş ərizəyə əlavə olunmuş sənədlər surətdir və müvafiq sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir. Bundan əlavə, idarəyə təqdim olunmuş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan başqa, müvafiq bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Həmçinin, müvafiq bağ nömrəsi digər fiziki şəxs olan X1 adına qeydiyyatdan keçmişdir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya müvafiq imtina məktubu ünvanlanmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2524/18 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı bağ sahəsinin ünvanındakı uyğunsuzluğun aradan qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə iddiası təmin edilməmişdir. AR Ali Məhkəməsinin 2-1(102)-1723/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-44/19 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2479/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı bağ sahəsinin ünvanındakı uyğunsuzluğun aradan qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə iddiası təmin edilməmişdir. AR Ali Məhkəməsinin 2-1(102)-735/20 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2479/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, 3-cü şəxsin nümayəndəsi isə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, 3-cü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının, 3-cü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edənn şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Orconokidze rayonu “Qum Adası” NQÇİ rəhbərliyi tərəfindən xx xxxxxx 1985-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinın 250 üzvdən ibarət siyahısı təsdiq olunmuş, xx xxxxxxxx 1987-ci il tarixdə bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ümumi yığıncağı tərəfindən rayon rəhbərliyi qarşısında bağçılıq təsərrüfatına torpaq sahəsi ayrılmasına dair vəsatət qaldırılması barədə qərar qəbul edilmiş, Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli 10/396 saylı qərarı və Bakı Şəhər XDS İK Baş Memarlıq Planlaşdırma İdarəsinin təsdiq etdiyi 1988-ci il tarixli eskiz-layihəsinə əsasən Bakı şəhəri Orconokidze rayonu, “Qum Adası NQÇİ-yə "Azneft" İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış, "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx xxxxxxx 1994-cü il tarixli, 01 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi olan bloq “A” 50 saylı bağ sahəsi iddiaçının daimi istifadəsinə verilmiş və eyni zamanda xx.xx.1994-cü il tarixdə “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçası iddiaçıya təqdim edilmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq vətəndaşa verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçı "Qum Adası" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqi Komitəsinin Rəyasət Heyətinin birgə iclasının xx xxxxxxx 1994-cü il tarixli, 01 saylı qərarını və xx xxxxxxx 1994-cü il tarixli “Bahar” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun bağ sahəsinin qeydiyyata alınmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər surətdir, təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamış, sözügedən bağçılıqyoldaşlıqda eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir, göstərilən bağ sahəsi AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. İş materiallarında olan “X3 Limited” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0025 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən 1.200 kv. m torpaq sahəsi 1410 nömrəli quyudan 477 metr məsafədə yerləşməklə Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 256- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində, eləcə də neft və qaz boru kəmərlərinin mühafizə zonasında tikinti və sair işlərin aparılması qanunvericiliyə əsasən qadağandır. SOCAR-ın arxiv məlumat bazasında “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıqyoldaşlıq təsəttüfatının üzlərinin təsdiq edilmiş siyahısı SOCAR-da mövcud deyildir. Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X7 Ltd. ("xxxxxx") və ARDNŞ-nin X9 ("ONŞ") arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə xx xxxx 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X7 Ltd. ("xxxxxx") və ARDNŞ-nin X9 ("ONŞ") arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 5-ci maddəsinə bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 3-cü bəndinə görə torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və sair dövlət mülkiyyətində olan torpaqlara aidddir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 50-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcələllənin 86-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcələllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli Qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi sənaye təyinatlı dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aid olmaqla Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmişdir. Bundan əlavə mübahisəli torpaq sahəsi iddiaçıya xx xxxx 2001-ci il tarixli Qanundan əvvəl qəbul olunmuş inzibati akt olan Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə ayrılmışdır. Və həmin qərar qəbul edildiyi halda da, hazırki vəziyyətdə də həmin torpaq sahələri neft-qaz təyinatlı, sənaye əhəmiyyətli torpaqlar olduğundan həmin torpaq sahələrindən əvvəlki dövrdə də, hal-hazırki dövrdə də təyinatına görə istifadə edilməsi qanuni və zəruridir. Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı ilə həmin torpaq sahəsinin hər hansı digər məqsəd üçün (tikinti, mülkiyyət və s.) deyil, məhz iddiaçının bağçılıq təsərrüfatı aparması üçün istifadəsinə verilməsi həmin torpaqların sənaye təsərrüfat əhəmiyyətindən irəli gəlmişdir. Adı çəkilən inzibati akt əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasına və dövlət reyestrində qeydiyyata alınmasına əsas vermir. Müvafiq təzminat ödənilmədən ona dair hüquqların bu qaydada ləğv edilməsinin nəzərdə tutulmaması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair mövcud hüququnun ləğv edilməsinə dair aidiyyatı orqan tərəfindən hər hansı bir qərarın qəbul edilməsi iş materiallarından müəyyən olunmur. Belə bir qərar qəbul olunacağı təqdirdə isə iddiaçıya dəyəcək zərərin ödənilməsinin tələb edilməsi qanunvericiliklə nizama salınmışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (mad 67.4). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (maddə 67.8). Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir (mad 67.9). Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır(mad 67.10). Qeyd edilən normaları rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutuan Bakı Şəhər XDS İK-nın xx xxxxxxx 1987-ci il tarixli, 10/396 saylı qərarı iddiaçının məzmununa etimad göstərdiyi qanunsuz, lakin əliverişli inzibati akt kimi qiymətləndirilməlidir. Qanunsuz əliverişli inzibati akt isə ləğv olunduğu təqdirdə maraqlı şəxs olaraq iddiaçının həmin aktın məzmununa etimad göstərməsi səbəbindən düşdüyü zərərin əvəzini kompensasiya ilə ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda cavabdeh mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə istinad edərək müraciəti təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həm imtina məktubunun, həm də apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh orqana təqdim olunan sənədlərin əsllərinin özündə olduğunu, lazım gələrsə onları təqdim edə biləcəyini, eləcədə müvafiq bağ nömrəsinin İpək Süleymanlıya məxsus bağın nömrəsi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili bağçılıq-yoldaşlıq təsərrefatının üzvləri siyahısında iddiaçının adının olub-olmamasının araşdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə sorğu edərək Bakı şəhəri Orconokidze (Suraxanı) rayonu NQÇİ-yə (“Qum adası” NQÇİ) “Azneft” İB-nin ərazisində 250 üzvdən ibarət bağçılıq-yoldaşlıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmış şəxslərin siyahısının məhkəməyə təqdim olunmasını təklif etmişdir. Həmin sorğuya əsasən məhkəməyə daxil olmuş Bakı şəhər İcra Hakimiyyətinin 7-3058/17 saylı xx.xx.2020-ci il tarixli məktubunda Bakı şəhər X5 İcraiyyə Komitəsinin 1987-ci ilə dair qərarlarının və Baş Memarlıq Planlaşdırma İdarəsi tərəfindən tərtib edilən eskiz-layihələrin Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsassız, apellyasiya şikayətinin dəlilləri isə asaslıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmaqla iddia tələbi tam təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-835/2018 saylı, xx xxx 2018-ci il tarixliqərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı bağ sahəsinin ünvanındakı uyğunsuzluğun aradan qaldırılmaqla ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi barədə iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1560/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1560/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver