Məhkəmə qərarları › İş №2-1(103)-1560/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1560/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1560/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-470/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-470/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən Dövlət attestasiya komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə 01 iyul 2007-ci il tarixdə İddiaçı adına verilmiş və 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. (hakim N.Abıyev). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı 06.06.2007-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26 fevral 2020-ci il tarixli qərardadları ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilərək, Azərbaycan Respublkası Təhsil Nazirlyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialına daxil olaraq, oranı 06.06.2007-ci il tarixində müvəfəqiyətlə bitirmiş (maliyyə-kredit fakültəsini), 01.07.2007-ci il tarixində ona diplom verilmişdir. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmişdir. Ona 19.09.2016-cı il tarixdə 857/ANİ saylı məktubla imtina olunmuşdur. RF Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına yiyələnmişdir. Həmçinin diploma əlavədən də göründüyü kimi, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Hesab edir ki, imtina əsassızdır. İş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi və beləliklə də onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Nümayəndə qeyd etmişdir ki, sözügedən müəssisə lisenziyasız fəaliyyət göstərdiyi üçün Təhsil Nazirliyi həmin müəssisəsinin fəaliyyətinin dayandırılması və verilən ali təhsil haqqında diplomların etibarsız sayılması ilə bağlı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 2398/4-489-2006 saylı, 20.07.2007-ci il tarixi qətnaməsi ilə cavabdehin iddiası qismən təmin edilərək müəssisənin fəaliyyəti dayandırılmış və məzunların diplomların etibarsız sayılması hissəsində təmin edilməmişdir. Məhkəmə qətnaməni qəbul edərkən həmin dövrdə müəssisədə təhsilalanların digər ali təhsil müəssisələrinə köçürülməsini Təhsil Nazirliyinin üzərinə vəzifə olaraq qoymasına baxmayaraq, müəssisə fəaliyyətini dayandırana qədər məzun olmuş şəxslərə münasibətdə mövqe bildirməmişdir. Məhkəmənin məsələyə dair konkret mövqe bildirməməsini, təhsilalanların və məzunların müəssisəyə qanunsuz qəbul olmasını və s. nəzərə alaraq, iddaçının xarici ali təhsil ixtisasının tanınması məqsədəuyğun hesab edilmir. Bununla yanaşı, iddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil müddəti ərzində ona “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Azərbaycan ədəbiyyatı” fənləri tədris edilməmişdir. Lakin həmin dövrdə qüvvədə olan (1992-ci il) Azərbaycan Respublikasının “Təhsil qanunu”nun 6-cı maddəsinin tələblərinə əsasən həmin fənləri tədrisi məcburi olmuşdur. Qeyd olunanlar həmin təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsini sübut edir və bu səbəbdən də məhkəmənin müvafiq qətnaməsinə əsasən fəaliyyəti dayandırılmışdır. Beləliklə də qanunsuz fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu da qanuni sayıla bilməz. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. - Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən Dövlət attestasiya komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə 01 iyul 2007-ci il tarixdə verilmiş və 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “Maliyyə və kredit” istiqaməti üzrə iqtisadçı ixtisası üzrə Universitetin tam kursunu bitirmiş və qeyd olunan diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən 140140 nömrə ilə 20.05.2013-cü il tarixdə Haaqa Konvensiyasına (05.10.1961-ci il tarixli) əsaslanan “apostil” möhürü ilə leqallaşdırılmışdır. - Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən Dövlət attestasiya komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə 01 iyul 2007-ci il tarixdə verilmiş və 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diploma olan əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti”ndə “Maliyyə və kredit” istiqaməti üzrə iqtisadçı ixtisası üzrə əyani qaydada 5 il (2002-2007-ci illər) təhsil almışdır. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətinə cavab olaraq, sonuncu tərəfindən 19.09.2016-cı il tarixdə verilmiş 857/ANİ №li cavab məktubunda göstərilmişdir ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsilin məzmunu barədə müsbət ekspert rəyinin və sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlara qoyulan tələblərin uyğun olması vacibdir. Həmçinin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. Göstərilənlər nəzərə alınmaqla Qaydaların 3.7-ci bəndinə əsasən Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun adına verilmiş 06.06.2007-ci il tarixli DİS ******* nömrəli dplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab etməmiş ona görə ki, iddiaçının təhsil müddəti 5 (beş) il olmuşdur və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə uyğun olmuşdur. Həmin bəndə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavr səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. İddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina məktubunda və iddiaya dair etirazda istinad etdiyi 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci i il tarixli 2398/4489-2006 saylı qətnamədən görünür ki, qətnamə Təhsil Nazirliyinin iddiası əsasında çıxarılmışdır. Həmin iş üzrə Təhsil Nazirliyinin iddia tələbi Dağıstan Dövlət Universitetinin Bakı Filialının fəaliyyətinin dayandırılması ilə yanaşı, Filialın fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsindən ibarət olmuşdur. Qətnamədən həmçinin görünür ki, məhkəmə Filialın fəaliyyətinin dayandırılması barədə iddianı təmin etmiş, lakin iddianı qalan hissədə rədd etmiş, həmçinin cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi Təhsil Nazirliyinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Filialın fəaliyyəti 20.06.2007-ci il tarixdə dayandırıldığı halda, iddiaçı bundan əvvəl, yəni 06.06.2007-ci il tarixdən məzun olmuşdur. Bundan başqa, Filialın fəaliyyəti dayandırılarkən Filialın fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi barədə nazirliyin iddiası təmin edilməmiş, təhsil alan şəxslərin digər təhsil müəssisələrində təhsillərini davam etdirmələrinə Təhsil Nazirliyinin özü tərəfindən şərait yaradıldığı, eləcə də həmin Filialı bitirmiş bir çox şəxslərin diplomlarının cavabdeh tərəfindən tanınması nəzərə alındığında ona münasibətdə diplomun tanınmamasından imtina edilməsi əsaslı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın İddiaçı diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Hazırkı araşdırmanın aparılması iddiaçının tələbinə bərabərlik hüququnun təminatları baxımından qiymət verilməsi üçün olduqca vacibdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən məhkəmə qərarı əsasında Filialı əvvəllər bitirmiş iki məzunun diplomu tanınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşmır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müəssisə qanunsuz fəaliyyət göstərmiş və bu səbəbdən 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci i il tarixli 2398/4489-2006 saylı qətnaməsi ilə iddiaçı Təhsil Nazirliyinin iddiası qismən təmin edilmiş, cavabdeh Dağıstan Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. “Təhsil haqqında” Qanununun 16.5-ci maddəsinə əsasən Azərbayacn Respublikasında hüquqi şəxs kimi dövlt qeydiyyatına alınmış, fəaliyyətinə lisensiya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. “Lisenziyalar və icazələr haqqında” Qanununa əsasən, dövlət ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri sırasına daxildir. Həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”in 1.5-ci bəndinə əasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı haldsa, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Həmçinin, həmin dövrdə qüvvədə olmuş AR Prezidentinin 04.10.1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aid edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunsuz fəaliyyət göstərmiş təhsil müəssisənin diplomu qanuni sayıla bilməz. İddianı təmin etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır, iddiaçının ixtisasının tanınmasına dair heç bir hüquqi əsası yoxdur, ona görə apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-470/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı 06.06.2007-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar