Məhkəmə qərarları › İş №2-1(103)-1560/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1560/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1560/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “3-cü şəxs X3 onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9188/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ÖM seriyalı 223210 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilərək, X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzilə istifadə hüququnun olmaması müəyyən edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(001)-2885/2021 saylı məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2885/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi 07.06.2021-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 01.09.2021-ci il tarixli məktubundan görünür ki, 31.03.1986-cı il təvəllüdlü Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızı 09.09.2014-cü il tarixdə ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 08.09.2021-ci il tarixli məktubundan görünür ki, X8 09.09.2014-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı ona məxsus mənzildən keçmiş gəlini X3 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 059-25792Q saylı 23 yul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Jalə Qəhrəmanovanın sözügedən mənzildən qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “keçmiş gəlini X3 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9 ünvanda yerləşən 13 saylı mənzildən qeydiyyatdan çıxarılması i” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzil 223210 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X5 iddiaçının gəlini olmuşdur. Belə ki, J.Qəhrəmanova iddiaçının oğlu E.Qəhrəmanovla 07 noyabr 2007-ci ildə rəsmi nikaha daxil olmaqla xüsusi mülkiyyətində olan evinə gəlin köçmüş və sonradan 2014-cü il tarixdə həmin mənzilə iddiaçının razılığı ilə qeydiyyata alınmışdır. Onların nikahları Binəqədi rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Hələ nikahları pozulmamışdan əvvəl, 2015-ci ildə cavabdeh uşağını da götürüb atası evinə getmiş və həmin vaxtdan orada yaşamışdır. Bundan bir müddət sonra gəlib özünə məxsus cehiz əşyalarını da özü ilə atası evinə aparmışdır. 2015-ci ildən iddiaçının mənzilində yaşamır və cehiz əşyalarının da heç biri mənzildə qalmamışdır. X5 təxminən 2 ay əvvəl başqa şəxslə rəsmi nikaha daxil olmaqla, “Mirzəyeva” soyadını götürmüş və ərinə məxsus evdə yaşayır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(001)-2885/2021 saylı qətnaməsi ilə vətəndaş X1 Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 9 saylı evin 13 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş və iddia ərizəsinə əlavə edilmiş məhkəmənin 17 iyun 2021-ci il tarixli məktubundan göründüyü kimi, qətnamə 07.06.2021- ci il tarixdə qanuni qüvvəyə minmişdir. Hazırda üçüncü şəxsin iddiaçıya məxsus evdə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik, istifadə etmək, barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu səbəbdən, üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9188/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzildən Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızının qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və onun sözügedən ünvanda qeydiyyatda saxlanılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən onun mübahisəli mənzildən öz iradəsi və istəyi əsasında könüllü çıxması barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, onun tərəfindən bu iddia etdiyi hadisə sübut edilə bilməzdi. Çünki iddiaçı, onun sabiq ərinin narkomaniyanın fəal üzvlərindən biri olmasını, onun narkotik vasitələrdən aktiv istifadə etməsini, ailənin bu səbəbdən dağılmasını, onun oğlunun bu “qəhrəmanlıqlarına” görə onu təsir altına salmasını, ən əsası isə 11.05.2015-ci il tarixdə iddiaçının oğlunun onu bıçaqla öldürməyə cəhd etməsini, onun əvvəllərdə bu niyyətinə çatması üçün çalışması, ona və körpəsinə xəsarət yetirməyə cəhd etməsini, hətta keçmiş ərinin bundan sonra dəfələrlə telefon vasitəsilə və üz-üzə onu güdərək ölümlə hədələməsi, artıq sonuncu ciddi hadisədən dərhal sonra qaynanası və qaynatasının araya girərək onu otağa salmaqları və həmin an evdən özünü və balasını qorumaq üçün çıxaraq saatlarla qonşu blokda gizlənməyini, həmin gün baş verən bu hadisəyə görə evə girə bilmədiyini, valideyninə zəng edərək həmin gün bir körpəsiylə küçədə qalmamaq üçün məcbur şəkildə anasına zəng edərək onlara getdiyini, bundan bir neçə gün sonra isə onun dəfələrlə anası X4 ilə birlikdə həmin evə qayıdaraq yaşamağa davam etmək tələblərini və bu zaman iddiaçının “qoy oğlumu narkologiyada müalicə etdirək, sakitləşdirək sonra evə qayıt, yoxsa səni və uşağı öldürə bilər" hədə-qorxusu ilə bağlı həyatının təhlükə altında olmasını, bir azyaşlı körpəylə birlikdə evdən məcburi şəkildə “iradələri əleyhinə olaraq" küçəyə atılmasını gizlətməsi və onun mənzildən guya öz iradəsiylə çıxması yalanını uyduraraq məhkəməni də aldatmış və öz yalanına məhkəməni qanunsuz şəkildə inandırmışdır. Məhz qeyd etdiyi bu hadisələrə və iddiaçı tərəfin yaratdığı maneələrə görə o, həmin mənzildə yaşaya bilməmişdir. Lakin iddiaçı məhkəmədən bu faktları gizlədərək əsassız və qanunsuz qətnamə çıxarmağa nail olmuşdur. O, keçirilmiş məhkəmə iclasları barədə hər hansı bir şifahi və ya yazılı qaydada məlumatı olmamış, buna görə də o, heç bir məhkəmə iclasında iştirak etməmişdir. Bu kobud hüquq pozuntusudur və onun hüquqlarının pozulmasına səbəb olan qərarın çıxarmasının səbəblərindən biri olmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən 28.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X1 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, 3-cü şəxsin öz razılığı ilə mənzildən ayrıldığını, 7 ildən artıq həmin mənzildə yaşamadığını, ikinci dəfə nikaha girdiyini, soyadını dəyişdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı tələbi, “keçmiş gəlini X3 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9 ünvanda yerləşən 13 saylı mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə 3-cü şəxsin mübahisəli ünvanda qeydiyyatda olsa da, həmin ünvanda faktiki olaraq yaşamamasına, onun mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamasına, iddiaçının 3-cü şəxsi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmasına, cavabdeh inzibati orqanın 3-cü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsinin iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 9 saylı evin, 13 saylı mənzili Bağırova (Qəhrəmanova) Gülayə Əşrəf qızına məxsusdur və sonuncu keçmiş gəlini olan 3-cü şəxs Jalə Qəhrəmanovanın ona məxsus mənzildə yaşamadığına, formal qeydiyyatda qalmasına və bunun onun mülkiyyətindən istifadəsinə maneə yaratdığına istinad edərək həmin şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. Həmçinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2885/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, X1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 9, 13 saylı mənzilə istifadə hüququnun olmaması müəyyən edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Hazırda iddiaçı göstərir ki, keçmiş gəlini Jalə Qəhramanova sözügedən mənzildə yaşamır. Həmçinin 3-cü şəxsin orada yaşamaması onun tərəfindən verilmiş apellyasiya şikayətində də özü tərəfindən etiraf edilmişdir. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Binəqədi rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin İddiaçı məxsus mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. O ki qaldı “iş üzrə icraatın dayandırılması barədə” 3-cü şəxs tərəfindən 10.05.2022ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətə, məhkəmə kollegiyası həmin vəsatəti əsassız olduğu üçün rədd etmişdir. Belə ki, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 2885/2021 saylı 16.03.2021-ci il tarixli qərardadından görünür ki, məhkəmənin 26.04.2021-ci il tarixli qətnaməsindən X5 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Məhkəmənin 11.05.2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, 2(001)-2885/2021 saylı 16.03.2021-ci il tarixli qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda hazırki iş üzrə icraatın dayandırılması üçün hər hansı əsas mövcud deyildir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Nəzərə alınmaladır ki, apelyant özü də apellyasiya şikayətində iddiaçıya məxsus evdə yaşamadağını bildirir ki, bu da hazırki qərarın yuxarıda göstərilən əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün birbaşa əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəsxin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9188/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9188/2021 saylı 24 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar