Məhkəmə qərarları › İş №2-1(103)-1560/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1560/2025

06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1560/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10795/2024 nömrəli 18 oktyabr .2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********632600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********632600 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 1874,45 manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2024-cü il tarixində 2022-ci il üzrə Gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 11996,60 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışmışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və gəlir vergisini 2274,34 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa təqribən 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2022-ci il üzrə gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : (100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: Mı = Gı : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır (20%). 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 11996,60 : (100 + 20) * 20 = 1999,43 manat Gəlir vergisi: 1999,43 * 20% = 399,89 manat. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğum mənfəət vergisi 2022-ci il üzrə 399,89 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 1874,45 manat vergi məbləği hesablanmışdır. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, məlum olduğu kimi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3- cü və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********766000 nömrəli “Təqdim edilmiş Gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 1874.45 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********632600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın: bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1 ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10795/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qərarı (hakim:A.Almazova) ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ödəməli olduğu mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq çəkilmiş xərclərə dair təsdiqedici sənədlər təqdim edə bilmədiyindən vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş bəyənnamədə mənfəətini 20 faiz şərti rentabellik norması tətbiqi ilə hesablamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının 11996,60 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Həmçinin, məhkəmə kameral vergi yoxlamasını səhvən inzibati icraat kimi dəyərləndirirərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun prosedur xarakterli normalarını Vergi Məcəlləsinin xüsusi normaları ilə tənzimlənən münasibətlərə tətbiq edilməmə əsası ilə qərarın ləğv edilməsi tələbi əsasız və qanunsuzdur. Çünki həyata keçirilmiş icraat inzibati icraat deyil, vergi qanunvericiliyi ilə tənzimlənən kameral vergi yoxlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuşmüddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Belə ki, kameral vergi yoxlamasının həyata keçirilməsi qaydası və nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.Odur ki, məhkəmənin iddiaçının müvafiq hesablamanı Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən hesablamaq “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından imtina oluna bilməz ilə bağlı yanaşması qanunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh hazırki iddiaya cavab verməli orqandır. xx.xx.2024cü il tarixli inzibati akt iddiaçı tərəfindən məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırılmaqla mübahisələndirilmişdir. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən riskli vergi ödəyicisi –müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1.1. Vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir - 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.14. Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 83.9 Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9 Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına əsasən əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 30 iyul 2024-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallardamənfəətin(gəlirin)hesablanmasıQaydaları- na əsasən: Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. - 6.1. vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” (2022-ci il, Gəlir vergisi) xx.xx.2024-cü il tarixli **********632600 nömrəli qərarına əsasən Nümayəndə1 1874,45 manat əlavə vergi (və ya sığorta haqqı) (təqdim edilmiş bəyənnamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya siğorta haqqı 399,89 manat) hesablanmışdır. İddiaçının 2022-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 11996,60 manat gəliri, 9997,17 manat gəlirdən çıxılan xərc olduğu, 399,89 manat gəlir vergisi müəyyən edilir. Mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı vergi ödəyicisi tərəfindən əldə edilmiş malların xərc sənədlərinin olmasını müəyyən etməmişdir. İddiaçı ödəməli olduğu mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq çəkilmiş xərclərə dair təsdiqedici sənədlər təqdim edə bilmədiyindən vergi orqanına təqdim etdyi dəqiqləşdirilmiş bəyənnamədə mənfəətini 20 faiz şərti rentabellik norması tətbiqi ilə hesablamışdır Belə ki, iddiaçının 2022-ci il ərzində müəyyən edilmiş gəliri (təqdim etdiyi bəyannaməyə əsasən) 11996,60 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmışdır: 11996,60 manat : (100+20) x 20 = 1999,43 Gəlir vergisi - 1999,43 x 20% = 399,89 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********632600 qərarında göstərilmişdir: “Aparılmış araşdırma nəticəsində tərəfinizdən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, tərəfinizdən 2022-ci il mənfəət (gəlir) bəyənnaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən olunmuşdur”. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Birinci instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçı 2022-ci il üzrə elektron qaimə fakturalar ilə ümumilikdə 11996,60 manat məbləğində mal təqdim etmişdir. Alınmış mal-materialın bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədlər mövcud olmamışdır. İnzibati orqan çəkilən 9997,17 manat xərcləri sənədlərlə təsdiq olunmadığına görə qəbul etməmişdir. Cavabdeh xərcləri təsdiq edən sənədlərin olmadığına istinadən, xərcləri nəzərə almadan qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə 1874,45 manat vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Yəni, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-943/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 51 və 52-ci bəndlərində qeyd edilmişdir ki, - “Kassasiya instansiyası məhkəməsinin analoji işlər üzrə qərarlarında əks olunmuş vahid mövqeyə əsasən qeyd edilməlidir ki, iddiaçının mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Bundan başqa, iddiaçının mal aldığı şəxsin də gəlirləri azaldılmalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının və iddiaçıya mal satan şəxsin gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir(Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2208/2023, 2- 1(102)-10/2024, 21(102)-92/2024 nömrəli işlər üzrə qərarları). Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar”. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə gəlir vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” (2022-ci il, Gəlir vergisi) xx.xx.2024-cü il tarixli **********632600 nömrəli qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10795/2024 nömrəli 18 oktyabr .2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar