Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1561/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndələri Vəkil, X3 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-4949/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən 2011ci il tarixdə dövlət büdcəsinə dəymiş ziyan adı altında DSMF-nin Suraxanı rayon şöbəsinə “xxxx” ASC vasitəsi ilə ödənilmiş 153.000 manat məbləğində pulun cavabdeh DSMF-dən alınaraq iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-4949/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkünlüyü barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının ölmüş əri X6 11.01.2008-ci ildən 2011-ci ilə qədər keçmiş DSMF-nin Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Göründüyü kimi cavabdeh İnzibati orqan ilə iddiaçının ölmüş əri arasında əmək münasibətləri mövcud olmuş və dolayısı ilə də tərəflər arasındakı məsələlər inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olmuş xidməti hüquq münasibətlərinə söykənir. İş materiallarından göründüyü kimi iddiaçının ölmüş əri barəsində vaxtı ilə cinayət işi açılmış və həmin cinayət işinə məhkəmələr tərəfindən baxılan zaman məhz DSMF-nin rəhbərliyinin şifahi təkidi əsasında Səfər Hüseynovun ailəsi tərəfindən 153.000 manat məbləğində pul vəsaiti dəymiş ziyan adı altında DSMF-nin Suraxanı rayon şöbəsinin Kapital Bank ASC-dəki hesabına köçürülmüşdür. X13 tərəfindən dövlət büdcəsinə hər hansı bir ziyanın vurulması halı məhkəmə tərəfindən sübuta yetirilmədiyindən hazırda iddiaçı həmin pulun geri ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında məhkəmənin gəldiyi mövqenin əksi olaraq qeyd etməliyik ki, mülki hüquq münasibətləri (öhdəlik) yaranmamışdır. Bu mübahisə inzibati orqan ilə əvvəllər xidməti hüquq münasibətində olduğu dövlət qulluqçusu (dövlət qulluqçusunun varisləri) arasında yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Hüseynov Səfər təcridxanada olmuş, oğlu balaca olmuşdur. Qardaşı bu ailənin pulunu götürüb ödəmişdir. İşə baxılanda qardaşını da iclasa dəvət edəcəyik ki, gəlib desin ki, pul onun olmayıb, Hüseynov Səfərin olub. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə cavabdeh inzibati orqan DSMF-yə qarşı iddia irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia ərizəsində qeyd edilən pul məbləği cavabdeh inzibati orqana hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyil, cinayət işi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi adı altında verilmişdir. Başqa sözlə, hazırkı işdə cavabdeh orqan özünün publik funksiyası çərçivəsində deyil, xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etmişdir. Tərəflər arasındakı münasibət mülki hüquq xarakterli, daha dəqiq, öhdəlik hüquq münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 2ci maddəsi ilə müəyyən edilsə də, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi İPM-in 8-ci maddəsində nəzərdə tutulmuşdur. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normasından da göründüyü kimi, İPM inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılmasını nəzərdə tutmuşdur. Hazırkı işin hallarından da göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşı X6 dövlət qulluqçusu olmaqla DSMF-nin Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə cinayət əməli törətməkdə təqsirləndirilərək həbs edilmiş, elə həmin müddətdə də onun qardaşı X4 tərəfindən DSMF-nin Suraxanı rayon şöbəsinə artıq ödənilmiş pensiyanın bərpası təyinatı ilə 153.000 manat pul ödənilmişdir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, hazırda iddiaçının tələb etdiyi dövlət qulluqçusu olmuş mərhum həyat yoldaşı X6 tərəfindən ödənildiyini iddia etdiyi pul məbləğinin geri qaytarılmasıdır ki, bu da keçmiş dövlət qulluqçusu ilə inzibati orqan arasında yaranan münasibət hesab edilir. Bundan əlavə kollegiya həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı həmin məbləğin mərhum həyat yoldaşı tərəfindən ödənilməsini təsdiq edən sənəd kimi DSMF tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanan 18.01.2012ci il tarixli 03/13/228 saylı məktubu təqdim edir. Həmin məktubda qeyd edilir ki, X2 oğlu Tural Hüseynov ailələri adından 2012-ci ilin 17 yanvar tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə fonduna müraciət etmişdir. O, dövlət Sosial Müdafiə Fonduna vurulmuş zərərin ödənilməsi ilə əlaqədar X6 tərəfindən 153.000 manat ödənildiyini bildirmiş və bu barədə qəbz əlavə etmişdir. X1 Fondun heç bir şikayəti yoxdur və onun yaşlı, ağır xəstə olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün seçilməsini xahiş edirik. Kollegiya qeyd edir ki, ödənilmiş 153.000 manat məbləğin iddiaçının mərhum həyat yoldaşı üçün ödənilməsi öz təsdiqini tapsa da həmin məbləğin X6 tərəfindən ödənilməsi öz təsdiqini tapmadığından, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəsinin hüquqi qiymətləndirməsi qismən əsassız olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(112)-4949/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1561/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1561/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver