Məhkəmə qərarları › İş №2-1(103)-1561/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1561/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1561/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10451/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Əhmədiyyə oğluna yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan illərdə müxtəlif işlərdə çalışaraq əmək pensiyasının təyin edilməsi üçün qanunvercilikdə tələb olunan 25 il sığorta stajını toplamışdır - 18 nömrəli Tikinti İdarəsi - 1973-74, Bakı Kondisioner Zavodu -1976, Bakı Tütün Kombinatı “Qırmızı Oktyabr” -1981-1998, "xxxx" Firması -1998-2009. Bütün zəruri sənədləri toplayaraq cavabdeh təşkilatdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 30 mart 2023-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, onun ümumi sığorta stajı qanunla müəyyən edilmiş (25 il) müddətdən az olduğundan qanunvericiliyin tələbləri baxımından ona pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. Onun qanunvericilkdə tələb olunan ümumi sığorta stajı 25 illik müddəti tamamladığından ona qanuni əsaslarla yaşa görə əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-10451/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi təmin edilmiş, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmamalıdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu və ya qanunvericiliklə tələb olunan pensiya kapitalı toplanmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. İddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surəti, hərbi xidmətdə olduğu dövr, eyni zamanda əyani təhsil dövrü nəzərə alınmaqla ümumilikdə 20 il 05 ay 20 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 11 il 04 ay 19 gün, yəni xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrlər təşkil edir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" firmasında olan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə müvafiq qurumlara sorğular ünvanlanmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda "xxxx" firmasının arxiv sənədlərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda Fondun Arxiv və sosial ödəniş işlərinin çeşidlənməsi üzrə mərkəzi filiala ünvanlanmış sorğularına cavab olaraq, həmin firmanın hesabat məlumatları təqdim edilmişdir. Hazırki mübahisə predmeti müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi və əməkhaqqı alması məsələsidir. Birinci instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının həmin müəssisədə işləməsinin əmək kitabçası ilə öz təsdiqi tapdığını və mötəbərliyini şübhə altına alan hər hansı halın mövcud olmadığını göstərmişdir. Hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması onun əməkhaqqı almadığını göstərir. Belə ki, məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər məcburi dövlət sosial sığorta haqqının tutulma obyektidir. Belə olduğu təqdirdə iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" firmasında işləməsi və həmin dövrlərdə əməkhaqqı alması şübhə yaradır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Təqdim etdiyiniz əmək kitabçanızın, diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığınız illər nəzərə alınmaqla) 20 il 5 ay 20 gün təşkil edir. xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1998-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" firmasında olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının (VÖEN:**********) ləğv olunması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda qeyd edilir: İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət illəri, diplomun surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil illəri, sənədlərin surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 20 il 5 ay 20 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığı üçün onun xx.xx.1998-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməsi mümkün edilməmişdir. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 20 il 5 ay 20 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 6264,5 manat təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeyd alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sığortaedən, "xxxx" Firması tərəfindən (SUN: **********8) İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əks olunması mümkün olmamışdır. MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" Firmasının 2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları, 2009-cu il üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında hesabatda İddiaçı dair məlumat aşkar olunmamışdır. MEİS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsində İddiaçı dair sığortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın tələblərinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İddiaçının yaşa görə pensiya hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2021-ci il tarixdən (65 il), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1998-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" firmasında olan dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilməklə cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsi halına görə iddiaçı cavabdehlik daşımır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" firmasında işləmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Firması (VÖEN:**********) xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv olunması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, cavabdeh orqanın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixinədək iddiaçının 20 il 5 ay 20 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 6264,5 manat təşkil edir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sığortaedən, "xxxx" Firması tərəfindən (SUN: **********8) iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əks olunması mümkün olmamışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. Beləliklə, sadalanan qanunvericilik normalarından göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-ci il tarixinədək "xxxx" firmasında işlədiyi dövr də iddiaçının ümumi stajına daxil edilməlidir. Cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməsini əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 25 ildən çoxdur (xx.xx.1973-xx.xx.1974, xx.xx.1975-xx.xx.1975, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1978 (hərbi xidmət), xx.xx.1978-xx.xx.1980 (təhsil), xx.xx.1981-xx.xx.1989, xx.xx.1989-xx.xx.1990, xx.xx.1990-xx.xx.1998, xx.xx.1998xx.xx.2006 - cəmi 29 il 05 ay 29 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixdən (65 il) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10451/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar