Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1561/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13844/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vaxtında icra edilmədiyinə görə 8 il 7 ay ərzində ona dəymiş 150000 (yüz əlli min) manat maddi, 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-13844/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi cavabdeh "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanətini geri almaq üçün Xətai Rayon Məhkəməsinə xx.xx.2015-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Bank Technique” ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank müflis elan olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 aprel 2016-cı il tarixli qərardadı ilə "xxxx" ASC-nin Ləğvedici qismində təyin olunmuş "xxxx" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçıya 30000 (otuz min) manat, yəni 18917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. 21293 (iyirmi bir min iki yüz doxsan üç) ABŞ dolları isə bu günə qədər ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət - 8 il 7 ay keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə icra olunmamışdır. Bu müddət ərzində yalnız iddaçının təkidi ilə 3 dəfə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xəbərdarlıq etməklə vəzifəsini yerinə yetirmiş olduğunu hesab etmişdir. Borclu icra sənədini icra etmədiyi halda icra məmuru borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görməmişdir. Xəbərdarlıqdan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü, 84.1-ci, 84.2-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinin tələblərini ləğv prossesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna tətbiq etməmişdir. Göründüyü kimi, cavabdeh qurum Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı qanuni tədbirləri axıra qədər görməmişdir. Bununla da iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Bundan başqa, iddiaçı tərəfindən dəfələrlə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli məhkəmə qətnaməsinin icra olunması tələbi ilə yazılı müraciətlər olunsa da, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq həmin müraciətlərə rəsmi olaraq yazılı cavab verilməmişdir. Hesab edir ki, məhkəmə qərardad qəbul edərkən məsələyə birtərəfli yanaşılmış, qarşı tərəfin mövqeyi müdafiə edilmişdir. Göründüyü kimi, məhkəmə qərardad çıxararkən ədalətli araşdırma aparmamış, məsələyə qərəzli yanaşmışdır. Məhkəmə yanlış olaraq hesab etmişdir ki, hazırkı iddia ilə mübahisə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı olduğundan, aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin icrasının icra edilməsi ilə deyil, qanuni qüvvəyə minmiş qətnamənin icrasını vaxtında icra edilməsinə nəzarət etmədiyinə, iddiaçının müraciətlərinə cavabdeh qurum tərəfində cavab verilmədiyinə görə, 8 il 7 ay ərzində ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təhrif edərək özünə sərf edən formada şərh etmişdir. Məhkəmənin bu cür hərəkəti ciddi qanun pozuntusudur. İcra sənədinin icrası ilə bağlı cavabdeh orqan qanuni tədbirləri axıra qədər görmədiynə görə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir ki, bu da həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına, həm də İPM-nin 2.2.7-ci maddəsinə əsasən birbaşa inzibati məhkəmənin aidiyyətındədir. İş materiallarından da göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət - 8 il 7 ay keçməsinə baxmayaraq, bu günə qədər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə icra olunmamışdır. Borclu icra sənədini icra etmədiyi halda icra məmuru borclunun inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü, 84.1-ci, 84.2-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin tələblərini ləğv prossesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna tətbiq etməmişdir. Göründüyü kimi, cavabdeh qurum Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı qanuni tədbirləri axıra qədər görməmişdir. Bununla da iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə əlaqədardır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan qətnaməyə əsasən verilmiş icra sənədi icra olunması üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. Lakin iddia tələbi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı irəli sürülmüşdür. Halbuki həmin icra sənədi Xətai rayon icra şöbəsinin icraatındadır və müvafiq icra tədbirləri Xətai rayon icra şöbəsi tərəfindən həyata keçirilir. Eyni zamanda, qeyd olunmalıdır ki, icra sənədi üzrə icraatın iştirakçıları həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn istənilən məsələni icra sənədini vermiş məhkəmədə mübahisələndirmək hüququna malikdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçı icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilir: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13844/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1561/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1561/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver