Məhkəmə qərarları › İş №2-1(103)-1562/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1562/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1562/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X2 iştirakı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 1976-1981-ci illərdə aldığı təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının 10 illik xüsusi sığorta stajı tamamlanmamışdır, çünki, çalışmış olduğu “sahə rəisi” və “baş mühəndis” vəzifələri “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda göstərilməmişdir. İddiaçının əmək fəaliyyətinə görə hesablanan sığorta stajının güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajına daxil olduğu nə iddiaçının əmək kitabçasında, nə də “SOCAR” tərəfindən verilən xx.xx.2018 və xx.xx.2018-ci il tarixli arayışlarda göstərilməmişdir. Aşağıda iddiaçının hansı dövrlərdəki sığorta stajının xüsusi sığorta stajına aid olduğu araşdırılmışdır: İddiaçının təqdim etdiyi, “Sığortaolunanın ümumi iş stajı barədə Məlumat” vərəqəsindən görünür ki, iddiaçının “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi üzrə xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci tarixədək olmaqla 8 ay 10 gün; “usta” peşəsi üzrə xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək olmaqla 2 il 10 ay; iş icraçısı vəzifəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək olmaqla 4 il 3 ay 10 gün, cəmi 7 il 9 ay 20 gün xiisusi sığorta stajı vardır. İddiaçı daha sonra, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “sahə rəisi” vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək isə “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən X1 10 il müddətində “baş mühəndis” vəzifəsində işləmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən “baş mühəndis” vəzifəsində çalışan şəxslərin sığorta stajı yalnızca “Dağ-mədən işləri” bölməsi üzrə bu sahədə çalışan şəxslərə aiddir. İddiaçının çalışdığı X3 uyğun olan 29-cu - “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “Baş mühəndis” və “sahə rəisi” vəzifələri yer almamışdır. Deməli, bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil deyil. Buna görə də, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək olan sığorta stajı xüsusi sığorta stajına daxil deyil. Həmçinin, təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2001-ci ildən sonrakı əmək fəaliyyəti dövründə “rəis” və “baş mühəndis” vəzifələrində işləmişdir. Bu vəzifələrin isə heç biri iddiaçının çalışdığı kateqoriya üzrə Siyahıda göstərilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-174/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1458/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, maddi-hüquqi cəhətdən yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və məhz bundan sonra həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” AR Qanununun 30-cu maddəsi). Bu mənada, sözügedən inzibati akt qəbul edilmədiyi müddətdə əmək pensiyası hüququnun realizə edilməsi mümkün olmur. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən, o cümlədən apellyasiya şikayətindən məlum olur ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmiş, bu sənəd Məhkəməyə də təqdim olunmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi SOCAR “Neftqaztikinti” trestinin xx.xx.2018-ci il tarixli SOCAR **********30020123X00036 nömrəli, xx.xx.2018-ci il tarixli SOCAR **********80020123X00047 nömrəli və xx.xx.2018-ci il tarixli SOCAR **********80020123X00074 nömrəli arayışlar Qaydaların tələb etdiyi Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı kimi qəbul edilə bilməz. Çünki, həmin arayışlarda iddiaçının ümumi stajı göstərilmiş və işlədiyi vəzifələr sadalanmış, lakin onun çalışmış olduğu peşələrin 1 nömrəli Siyahının hansı koduna uyğun olması öz əksini tapmamışdır. Bundan əlavə, SOCAR “Neftqaztikinti” trestinin və trestin həmkarlar ittifaqı komitəsinin vəzifəli şəxslərinin imzaları və möhürləri ilə təsdiq olunan Sığortaolunanın ümumi iş (sosial sığorta stajı) barədə xx.xx.2018-ci il tarixli Məlumatda da iddiaçının 36 il 5 ay 4 gün ümumi iş stajına malik olduğu qeyd edilmiş, amma həmin sənəddə də xüsusi iş stajına dair hər hansı qeydiyyat aparılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməməsi birmənalı şəkildə iddianın əsassızlığına, o da öz növbəsində cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən arayış təqdim olunmadan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. Odur ki, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını SOCAR “Neftqaztikinti” trestindən alıb, cavabdehə təqdim etmək iddiaçının vəzifəsi idi və onun üçün heç bir çətinlik törətməyən bu vəzifəni yerinə yetirməməsinin səbəbləri Məhkəməya aydın deyil. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. İPM-in qeyd olunan maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İddia mahiyyəti üzrə digər əsaslarla da sübuta yetmir və bu mənada apellyasiya şikayətinin iddiaçının güzəştli staj illərinin 10 ildən az təşkil etməsi barədə dəlili əsaslıdır. Belə ki, işdə olan iddiaçıya məxsus İT ******* nömrəli əmək kitabçasının təsdiqli surətinə, eləcə də SOCAR “Neftqaztikinti” trestinin arayışlarına əsasən onun həmin trestin tərkibindəki “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı X1 işlədiyi peşə və vəzifələr aşağıdakı kimidir: xx.xx.1981-xx.xx.1982 (4 ay 24 gün) - dəmir-beton konstruksiyaların quraşdırıcısı; xx.xx.1982-xx.xx.1984 (2 il 10 ay) - usta; xx.xx.1984-xx.xx.1989 (4 il 3 ay 10 gün) - iş icraçısı; xx.xx.1989-xx.xx.1991 (2 il 5 ay 7 gün) - sahə rəisi; xx.xx.1991-xx.xx.2001 (9 il 9 ay 18 gün) - baş mühəndis; xx.xx.2001-xx.xx.2003 (2 il 1 ay 10gün) - baş mühəndis; xx.xx.2003-xx.xx.2006 (2 il 6 ay 20 gün) - filial rəisi. İddiaçının qeyd olunan əmək fəaliyyətini 1 nömrəli Siyahıda nəzərdə tutulan göstəricilərlə müqayisə etdikdə, onun xx.xx.1997-ci il tarixə həmin Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə 10 il iş stajı tamam olmur. Onun xx.xx.1981-xx.xx.1982-ci illər üzrə yalnız dəmir-beton konstruksiyaların quraşdırıcısı kimi çalışdığı müddət, yəni 4 ay 24 gün 1 nömrəli Siyahıda 110000a-18496 şifrinə (dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingərlər) uyğun gəlir. İddiaçının “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı X1 4 il 3 ay 10 gün iş icraçısı və 2 il 5 ay 7 gün sahə rəisi kimi çalışdığı mütəxəssis və rəhbər vəzifələr isə 2 nömrəli Siyahıda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) təsbit olunmuşdur ki, sözügedən Siyahı 50 yaşdan deyil, 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölməsinin b bəndində “quyularda geofiziki tədqiqatlar aparan mədəngeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” (kod: 1100000b-17541); “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” (kod: 1100000b-22247); “dərin qazma (struktur- axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri” (kod: 1100000b-23886); “buruq qurğularının rəisləri və onların müavinləri” (kod: 1100000b-24094); “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri” (kod: 1100000b-24125); “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” (kod: 1100000b-24125) peşələri öz əksini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamış, iddiaçının “baş mühəndis” və “rəis” kimi çalışdığı peşələrin 1 nömrəli Siyahıda təsbit olunan və yuxarıda qeyd edilmiş “mühəndis” və “rəis” peşələrindən hansına uyğun olub-olmadığını araşdırmamışdır.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, iddianın əsaslı sayılması, yəni iddiaçıya 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması üçün hər bir halda iddiaçının yalnız xx.xx.1997-ci il tarixədək işlədiyi peşələr nəzərə alına bilər. Bu məqsədlə, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi vəzifələrə yuxarıda müvafiq qiymət verilmişdir. Onun xx.xx.1991xx.xx.1997-ci illərdə işlədiyi 6 il 12 gün baş mühəndis vəzifəsi isə yenə eyni iş yeri, yəni “Azərdənizneftinşaat” trestinin Neft Daşlarında yerləşən 3 saylı X4 ilə bağlı olduğu üçün 1 nömrəli Siyahının təsirinə düşmür. Həmçinin, işdə olan JV 048145 nömrəli ali təhsil haqqında diploma əsasən ixtisasca inşaat mühəndisi olan iddiaçı 1 nömrəli Siyahının X bölməsinin b bəndində nəzərdə tutulan vəzifələrdən heç birində, o cümlədən mədəngeofiziki partiyaların rəisi, mühəndisi, geofiziki, geoloqu, texniki, ustası (1100000b-17541), bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndisi (1100000b-22247), dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisi (1100000b-23886), buruq qurğularının rəisi və müavini (1100000b-24094), qüllə quraşdırma sexlərinin rəisi və müavini (1100000b-24125), quyuların sınaqdan keçirilməsi üzrə sexin rəisi və müavini (1100000b-24125) peşələrində işləməmişdir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu normativ hüquqi aktlara əsaslandığı üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. İddianın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasına dair ilk tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə ikinci tələb, belə bir hüquqi zərurət olmadığı üçün, müzakirə edilmədən təmin olunmamalıdır. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən əmək kitabçası və iş yerinin arayışı ilə təsdiq edilməli olan xüsusi iş stajı belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ iş materialları ilə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3469/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı 1976- 1981-ci illərdə aldığı təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar