Məhkəmə qərarları › İş №2-1(103)-1562/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1562/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1562/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-340/2021 saylı 18 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 20 nömrəli Foto Atelyenin sənədləşdirilməsində yol verilmiş texniki səhvin düzəldilməsi, şəhadətnamənin və texniki pasportun yenidən verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən Foto Atelyeni o, alqı-satqı yolu ilə almışdır. Buna dair onda 23.09.1996-cı il tarixli, 1157 saylı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə vardır. Həmçinin qeyd edilən tikiliyə dair onda eskiz layihə vardır. Hal-hazırda o, şəhadətnamənin və texniki pasportun yenidən verilməsini istəyir. Bunun üçün o, müvafiq sənədləri toplayaraq İdarəyə müraciət etmişdir. İdarə ona 05.07.2016-cı il tarixli imtina məktubu ilə cavab vermişdir. Bildirilmişdir ki, 23 sentyabr 1996-cı ildə qanunvericiliyə müvafiq qaydada satın aldığı, ünvan 3 ünvanında yerləşən 20 nömrəli foto Atelyeyə dair verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001157 saylı şəhadətnaməyə əsasən adıçəkilən atelyenin əmlakları ona satılmış, həmin atelyenin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində saxlanılmışdır. Aparılmış yoxlama-ölçü zamanı adıçəkilən qeyri-yaşayış binasının faktiki sahəsinin 53,3 kv.m olduğu müəyyən edilmişdir. Lakin arxiv sənədlərinə əsasən qeyri-yaşayış binasının əsas göstəriciləri vərəqində özəlləşən sahənin 23,0 kv.m. olduğu göstərilmiş, ilkin özəlləşmə zamanı binanın eskiz layihəsi olmadığından özəlləşən sahənin hansı hissə olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən adıçəkilən obyektə dair texniki pasportun tərtib edilməsi barədə müraciəti icrasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 20 nömrəli Foto Atelyenin mövcud vəziyyətdə tərtib edilmiş eskiz layihəsindəki ölçülərinə uyğun şəkildə İddiaçı adına mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-340/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmamışdır. (hakim Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən məhz ümumi sahəsi 23 kv.m olan 20 saylı foto atelyeni özəlləşdirmiş lakin foto atelyeni digər sahələrini qanuni şəkildə özəlləşdirilməsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədə malik olmamışdır. Hesab edirlər ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, iş materiallarından və məhkəmə qərarından göründüyü kimi iddiaçı dövlət əmlakını özəlləşdirən zaman onun bir hissəsini deyil bütövlükdə özəlləşdirilməsini həyata keçirmişdir. (Yəni 20 saylı foto atelye) İşə baxan birinci instansiya məhkəməsi bir halı nəzərdən qaçırmışdır ki, mübahisə predmeti olan əmlak sovet dövründə inşa edilmiş və foto atelye kimi istifadə edilməsi üçün onun əsas hissədən əlavə yardımçı və köməkçi hissələrdən mövcud olmalı idi. Foto atelyenin tam sahəsi (əsas və köməkçi hissələri) barədə məlumatlar ətraflı şəkildə iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq tərtib edilən ekspert rəyində əks olunmuşdur. Eyni zamanda ekspert rəyində mübahisə predmeti olan qeyr-yaşayış sahəsində hər hansı bir əlavə tikilinin aparılmadığı müəyyən edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən mübahisə predmeti olan daşınmaz əmlakı özgəninkiləşdirən zaman kobud pozuntulara yol vermiş və mübahisə predmeti olan qeyriyaşayış sahəsinin (20 saylı foto atelyenin) ölçülərini qeyri-dəqiq şəkildə qeyd etmişdir. Bununla da onun qanunla qorunan hüquq və maraqları pozulmuşdur. Məhkəmə isə inzibati orqanın mövqeyindən də daha sərt ədalətsizlik nümayiş etdirərək onun pozulmuş hüquqlarının bərpasından imtina etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 20 nömrəli Foto Atelyenin mövcud vəziyyətdə tərtib edilmiş eskiz layihəsindəki ölçülərinə uyğun şəkildə onun adına mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, araşdırılma zamanı İddiaçı sahəsi 23,0 kvm. qeyd edilmiş dövlət əmlakını, yəni foto atelyeni qanuni əsaslarla əldə etdiyi müəyyən edilmişdir. İddiaçının mübahisəli foto atelyenin hazırda ekspert tərəfindən müəyyən edilmiş 49,4 kvm. sahəsinə dair, həmçinin 20,6 kvm. antresol sahəsinə dair 23,0 kvm. sahə istisna olmaqla qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərə («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə) malik olması isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhərində Ticarət, İctimai İaşə və Xidmət Obyektlərinin Yerləşdirilməsinin 010686 №-li, 25.06.2000-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeyri-yaşayış sahəsində yerləşən 20 №-li foto-atelyedə şəkilçəkmə və şəkil-kino laboratoriyası fəaliyyətinin saat 09.00-dan 22.00-dək iş rejiminə olaraq yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Hüquqi və Fiziki Şəxslərlə satılması haqqında 001157 №-li, 23.09.2006-cı il tarixli şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən də, ünvan 4ndə yerləşən 20 №-li Foto atelyesinin qüvvədə olan qanunvericilik əsasında satın almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş Memarlıq-Planlaşdırma həllindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən, İddiaçı məxsus qeyri-yaşayış obyektinin baş planında A-73.42 kv.m, baş fasad 5.50 və 7.40, antresolun planı isə zal 31.2 kv.m, köməkçi otaq 5.28 kv.m, anbar 11.5 kv.m, s.q 1.14 kv.m və antresol 21 kv.m qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********70 №-li, 06.11.2019-cu il tarixli məktubdan görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 nömrəli foto atelyenin faktiki ölçülərinə uyğun olaraq texniki pasportun tərtib olunmasına köməklik göstərilməsi barədə ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş eyni məzmunlu ərizəyə cavab olaraq “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə”də 20 nömrəli foto atelyenin sahəsinin qeyd edilmədiyi, lakin obyektin əsas göstəriciləri vərəqində foto atelyenin sahəsinin 23,0 kv.m göstərildiyi, həmçinin adıçəkilən obyektə mütəxəssis tərəfindən keçirilmiş təkrar texniki baxış və yoxlama-ölçü işləri zamanı obyektin faktiki sahəsinin 53,3 kv.m olduğu, əlavə olaraq 30,3 kv.m tikili və 21,5 kv.m antresol sahə inşa edildiyi və əlavə sahələrə dair tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən obyektin faktiki vəziyyətinə dair texniki pasportun tərtib edilməsinin mümkün olmadığı 04 noyabr 2019-cu il tarixli **********75 nömrəli məktubla bildirilmişdir. Təkrar olaraq nəzərinə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.03.2020-ci il tarixli, **********19 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 05.09.1996-cı il tarixli, 4 №-li auksion protokoluna və 16.09.1996-cı il tarixli, 656 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 №-li foto atelye 4.006.000 manata İddiaçı satılmışdır. 05.09.1996-cı il tarixli 4№li Auksion Protokoluna əlavə olunmuş “Obyektin əsas göstəriciləri”nə dair məlumatlarda obyektin sahəsinin 23 kv.m. olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2551 №-li, 30.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan foto atelye bir tərəfdən küçə ilə, qalan üç tərəfdən qonşu sahələrlə əhatə olunmaqla bir mərtəbəli tikili olduğu müəyyən edilmişdir. Foto atelye tikilisi köhnə təmirli vəziyyətdə olmaqla faktiki olaraq dörd tikilidən və antresoldan ibarətdir. Foto atelyenin daxilində yerləşən tikililərin sahələri aşağıdakı kimi müəyyən olunur: 1 saylı satış zalının sahəsi – 31,2 kvm., 2 saylı köməkçi otağın sahəsi 5,3 kvm., 3 saylı anbar tikilisinin sahəsi 11,7 kvm., 4 saylı ayaqyolunun sahəsi 1,2 kvm., 5 saylı antersolun sahəsi 20,6 kvm., cəmi 70,0 kvm.. Tədqiq olunan foto atelye tikilinin 31,2 kvm. sahəsinin daxilində sahəsi 20,6 kvm. antresol sahəsi quraşdırıldığını nəzərə alaraq Foto atelye tikilisinin faktiki sahəsi 49,4 kvm. (70,0-20,6) təşkil etdiyi müəyyən edilir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 nömrəli Foto Atelyenin daxilində təcrid şəklində 23.0 kv.m sahəsi olan tikilinin olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 23,0 kvm. olan 20 nömrəli Foto Atelyeni 4.006.000 manata 16.09.1996-cı il tarixli, 656 №-li müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsindən almışdır. Hazırda iddiaçı foto atelyenin faktiki vəziyyətinə uyğun texniki pasportunun tərtib olunması və ona uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh obyektin faktiki sahəsinin 53,3 kv.m olduğu, əlavə olaraq 30,3 kv.m tikili və 21,5 kv.m antresol sahə inşa edildiyi və əlavə sahələrə dair tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və buqanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından da göründüyü kimi, iddiaçıya məxsus 20 nömrəli Foto Atelyenin sahəsi hüquqmüəyyənedici sənəddə 23.0 kv.m göstərilmişdir. İş üzrə keçirilmiş ekspert rəyindən isə görünür ki, Foto atelyenin daxilində yerləşən tikililərin sahəsi cəmi 70,0 kvm., tədqiq olunan foto atelye tikilinin 31,2 kvm. sahəsinin daxilində sahəsi 20,6 kvm. antresol sahəsi quraşdırıldığı nəzərə alınaraq Foto atelye tikilisinin faktiki sahəsi 49,4 kvm. (70,0- 20,6) təşkil edir. Lakin obyektin faktiki sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd iş materialları ilə müəyyən olunmur və iddiaçı tərəfindən də buna dair hər hansı sənəd təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən 20 nömrəli foto atelyenin faktiki ölçülərinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi əsası ilə texniki pasportun tərtib olunmasından imtinası qanuni və əsaslı olmuşdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddiaçı ona məxsus Foto atelyenin daxilində yerləşən tikililərin faktiki sahəsinin 70,0 kvm olmasını hüquqmüəyyənedici sənədlərlə sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-340/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar