Məhkəmə qərarları › İş №2-1(103)-1562/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1562/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1562/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Sultanlı MƏlək Rövşən qızının iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “Milli Nəqliyyat Universiteti”nin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarın ləğv edilməsi; “Milli Nəqliyyat Universiteti”nin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X2rşı “Milli Nəqliyyat Universiteti”nin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarın ləğv edilməsi; “Milli Nəqliyyat Universiteti”nin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsinə və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsinə və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “İddiaçının təhsil aldığı Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetində tədris dili rus dili olduğundan, müvafiq ekspert rəyi verilməsi üçün iddiaçı ilə müsahibə rus dilində aparılmışdır. Cavabdehin etiraza əlavə etdiyi DVD video çəkilişindən məhkəmə müəyyən etdi ki, iddiaçının rus dilini bilmə səviyyəsi onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin iddiaçıya verilməsindən imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi hesab etmişdir ki , İddiaçı cavabdeh Təhsildə X1rşı Ukrayna Respublikasının “Milli Nəqliyyat Universiteti” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, M 20 seriyalı 033770 saylı diplom üzrə “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi barədə qərarın ləğv edilməsi; “Milli Nəqliyyat Universiteti”nin “Menecment” sahəsi üzrə “Menecer” ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan M20 033770 saylı magistr diplomunun surətindən görünür ki, İddiaçı Ukraynanın Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə “Menecer” ixtisası üzrə magistr təhsili almışdır. İş materiallarında olan B18seriyalı 148324 nömrəli bakalavr diplomunun surətindən görünür ki, İddiaçı Ukraynanın Milli Nəqliyyat Universitetinin “Menecment” sahəsi üzrə “Menecer” ixtisası üzrə bakalavr təhsili almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (magistr+) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Belə ki, "Qaydaların” 3.7-ci bəndində aşağıdakılar qeyd edilir: 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya baxışı zamanı Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən iddiaçının tədris dilini ( rus dilini) bilmə səviyyəsinin Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetinin Menecment sahəsi üzrə Menecer ixtisasını mənimsəməsi üçün yetərli olub-olmamasını müəyyən etmək üçün mütəxəssis rəyi alınması ilə bağlı məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)-15462/2022 nömrəli qərardad qəbul edilmişdir. Bakı Dövlət Universiteti Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli 2-1(103)- 1562/2022 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında İddiaçı rus dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə komissiya təşkil edilmişdir. Komissiya üzvləri İddiaçı yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar. Komissiyanın qərarına əsasən İddiaçı rus dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. İddiaçı rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyindən də göründüyü kimi iddiaçının tədris bilmə səviyyəsi qənaətbəxşdir. Həmçinin aldığı ixtisas üzrə biliyə yiyələnmədə dil bilmə səviyyəsinə görə çətinlik olmamışdır. Həmçinin yuxarıda qeyd edilən qaydaların 3.7ci bəndindən də göründüyü kimi mənfi rəy vermək üçün əsas olan hallar sadalanmış və onların sırasında “tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə mənfi rəy vermək" qeyd olunmamışdır. Eyni zamanda kollegiya bildirir ki, hazırki iş üzrə iddiaçının ixtisasa yiyələnmə səviyyəsi, ixtisası üzrə bilikləri yoxlanılmalıdır. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı ekspert qrupu iddiaçının ixtisasını, biliklərə yiyələnmə səviyyəsini yoxlamaq əvəzinə dil bilmə səviyyəsini yoxlamağa üstünlük vermişdir. Beləliklə,məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı rus dili üzrə bilik səviyəsini qənaətbəxş hesab edir.cavabdeh təşkilatın imtinası əsassız hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının Ukraynanın “Millia Nəqliyyat Universitetinin” Menecer ixtisası üzrə Bakalavr dərəcəsinin əldə edilməsini təsdiq edən M20 saylı 033770 saylı Diplom2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmışdır və iddiaçıya Diplomun ekvivalentliyini təsdiq edən müvafiq şəhadətnəmə verilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçıya “Milli Nəqliyyat Universitetinin Menecment sahəsi üzrə Menecer ixtisasının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar