Məhkəmə qərarları › İş №2-1(103)-1563/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1563/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1563/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-4461/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 07.08.1980-ci ildən 14.11.1980-ci ilədək xxxx “N.Nərimanov” adına elektrik deposunda 3-cü dərəcəli baxıcı çilingər, 14.11.1980-ci ildən 18.07.2014-cü ilədək “N.Nərimanov” adına elektrik deposunun istismar sexində hərəkət qatarlarının maşinist köməkçisi, 18.07.2014-cü ildən 01.11.2017-ci ilədək “xxxx” QSC-nin Depolar üzrə Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti, 01.11.2017-ci ildən hal-hazırki dövrə qədər X1 üzrə Departamentində qatar maşinist peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və götəricilərin Siyahısı” ilə güzəştli iş stajı kimi nəzərə alınmaqla 01.01.2016-cı il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 01.01.2016-cı il tarixdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməli məbləğin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07.08.1980-ci ildən 14.11.1980-ci ilədək xxxx “N.Nərimanov” adına elektrik deposunda 3-cü dərəcəli baxıcı çilingər, 14.11.1980-ci ildən 18.07.2014-cü ilədək “N.Nərimanov” adına elektrik deposunun istismar sexində hərəkət qatarlarının maşinist köməkçisi, 18.07.2014-cü ildən 01.11.2017-ci ilədək “xxxx” QSC-nin Depolar üzrə Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti, 01.11.2017-ci ildən hal-hazırki dövrə qədər X1 üzrə Departamentində qatar maşinist peşəsində işləyir. Yeraltı, ağır zərərli iş şəraitində əmək stajı 38 il 09 ay 26 gün təşkil edir. Yuxarıda göstərilən iş şəraitinə uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizəsinin cavabdeh tərəfindən təmin olunmamasını əsassız və qanunsuz hesab edir. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsussatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını və “xxxx” QSC tərəfindən verilmiş arayışı təqdim etmişdir. Lakin həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. Qeyd edilən arayışda iddiaçının yeraltı, ağır zərərli iş şəraitində əmək stajının 38 il 09 ay 26 gün olması qeyd edilsə də, onun işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda hansı bəndlərdə qeyd edilməsi göstərilməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən peşələr (3-cü dərəcəli baxıcı çilingər, hərəkət qatarlarının maşinisti, 10-cu dərəcəli qatar maşinisti) ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin nə hal-hazırda qüvvədən düşən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı, nə də ki, hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahılarda qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər- 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, istinad edilən normaları nəzərə almaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənə, yəni 01.08.1997-ci il tarixədək həm 12 il 06 ayını 2 nömrəli siyahı üzrə güzəştli işlərdə çalışmalı, həmçinin ən azı 25 il ümumi iş stajına malik olmalıdır. Lakin iddiaçının özünün təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, 01.08.1997-ci il tarixədək iddiaçının 2 saylı siyahı üzrə güzəştli iş stajı olmamış. Həmçinin onun ümumi stajı 25 ildən az, yəni 21 il olmuşdur. Həmçinin iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ hal-hazırda qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunla yaranmır. Belə ki iddiaçının işlədiyi peşələr ona güzəştli şərtlərlə pensiya hüququ vermədiyindən ona qeyd edilən Qanun tətbiq edilə bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4461/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.03.2020-ci il tarixli, 2- 1(103)-686/2020 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2-1(81)-4461/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1309/2020 saylı 14 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.03.2020-ci il tarixli, 2-1(103)-686/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədilə əmək kitabçası və “xxxx” QSC tərəfindən verilmiş arayışı təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissəsi xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. Qeyd edilən arayışda iddiaçının yeraltı, ağır zərərli iş şəraitində əmək stajının 38 il 09 ay 26 gün olması qeyd edilsə də onun işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda hansı bəndlərdə qeyd edilmələri göstərilməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən peşələr (3-cü dərəcəli baxıcı çilingər, hərəkət qatarlarının maşinisti, 10-cu dərəcəli qatarmaşinisti) ona güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin nə qüvvədən düşən Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı, Qərarı, nə də ki, hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahılarda qeyd edilməmişlər. Əmək kitabçasından görünür ki, 01.08.1997-ci il tarixədək iddiaçının 2 saylı siyahı üzrə güzəştli iş stajı olmamış, həmçinin, onun ümumi stajı 25 ildən az, yəni, 21 il olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 14 iyul 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələbinə dair işlərə baxarkən məhkəmələr ilk növbədə iddiaçının çalışdığı peşələrin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” müvafiq Siyahılarına uyğun olub-olmadığını müəyyən etməlidirlər. İddiaçı çalışdığı qatarlarının maşinist köməkçisi, qatar maşinisti, hərəkət qatarlarının maşinisti peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli, həmçinin 23.01.2007-ci il tarixli 12 saylı Siyahılarında qeyd olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasını qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, hansı səbəbdən iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edildiyini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin müvafiq Siyahının hansı bəndinə uyğun olduğunu dəqiq göstərməli idi. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv ediməli, iş təkrar baxılması həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Siyahısına uyğun olduğunu əsaslandırmalıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı 07.08.1980-ci ildən 14.11.1980-ci ilədək elektrik deposunda 3-cü dərəcəli baxıcı çilingər, 14.11.1980-ci ildən 18.07.2014-cü ilədək “N.Nərimanov” adına elektrik deposunun istismar sexində hərəkət qatarlarının maşinist köməkçisi, 18.07.2014- cü ildən 01.11.2017ci ilədək “xxxx” QSC-nin Depolar üzrə Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 21-ci bölməsinə əsasən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və elektrik qatalarının (seksiyalarının) maşinist köməkçilərinə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilmişdir. İddiaçı çalışdığı qatarlarının maşinist köməkçisi, qatar maşinisti, hərəkət qatarlarının maşinisti peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli, həmçinin 23.01.2007-ci il tarixli 12 saylı Siyahılarında qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən bunu nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ olmasını qeyd etsə də, bu mövqeyini əsaslandırmamış, hansı səbəbdən iddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edildiyini göstərməmişdir. Apelyasiya baxışı zamanı “xxxx” QSC-yə iddiaçının güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verən peşələrdə işləməsinə dair ətraflı arayışın (kod göstərilməklə) təqdim edilməsi üçün sorğu göndərilmiş, sorğunuza cavab olaraq bildirilmişdir ki, metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan 21.06.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları: 23000000 XXVİİİ. Nəqliyyat - 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri: - 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; - 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda əksini tapmışdır. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. İddiaçı metropoliten sahəsində çalışmışdır. Siyahıda “Dəmiryolu nəqliyyatı” və “Metropoliten” bir-birindən ayrı qeyd edilmiş, elektrik qatarlarının maşinisti peşəsi 21.4-cü bölmədə nəzərdə tutulsa da, 21.5-ci bölmədə nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi maşinist peşəsi Siyahıda nəzərdə tutulan Metropoliten yarımbölməsində əksini tapmadığından güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququna çıxmaq üçün 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajını toplasa da, güzəştli stajı toplaya bilməmişdir. Bu səbəbdən cavabdeh haqlı olaraq ona 57 yaşdan pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 57 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)-4461/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)- 4461/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar