Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1563/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı « maddi və mənəvi ziyana görə pul vəsaitinin ödənilməsi» tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq cavabdehdən qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya vurduğu 45.800 manat maddi və 15.000 manat mənəvi ziyana görə ümumiikdə 60.800 manat pul vəsaitinin tutularaq kompensasiya qismində ona ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahş etmişdir. İddianın əsaslarına görə iddiaçının ailəsi 1992-ci ildə məcburi köçkün düşmüş, ünvan 1 ünvanında yerləşən, bacısı oğlu X5 məxsus mənzildə ailəliklə məskunlaşmışlar. E.Əliyev 2008-ci ildə ağır yol-nəqliyyat qəzası keçirmiş və müalicəsi üçün pul tələb olunduğundan, iddiaçının məskunlaşdığı həmin ev satılmışdır. Həmin vaxtdan iddiaçı ailəsi ilə birlikdə kirayədə qalmışdır. 2008-ci ildən Komitəyə yaşayış yeri ilə təmin olunma ilə bağlı müraciətləri müvafiq icra hakimiyyətlərinə yönəldilmiş, bu sonuncular da mənzil fondu və ya yataqxanalarda yer olmadığını əsaslandıraraq imtinalar vermişlər. Sonradan ölkə başçısının qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət proqramını imzaladığını bildikdən sonra 2013-cü ildən mütəmadi olaraq mənzillə təmin olunma ilə bağlı Komitəyə ünvanladığı müraciətləri də nəticə verməmişdir. Bundan sonra “Şuşa şəhərciyi”ndə yaşayan qohumlardan məlumat alınmışdır ki, şəhərcikdə köçkünlərə böyük torpaqlar paylanıb. İddiaçının ailəsi həmin ərazidə 248 saylı evin sahibi X3 ona verilmiş 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini almış, həmin sahədə onlar ev tikmiş və orada yaşamağa başlamışlar. Onların həmin ünvana qeydiyyata düşməsi və kommunal xidmətlər üzrə hesabların öz adlarına açılacağı söz verilsə də, buna əməl olunmadı. Ev üzərində hüququ müəyyən edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildi. “ASAN kommunal”dan bildirilmişdir ki, yaşayış yerindən arayış və ya Komitədən iddiaçının adına bağlanmış müqavilə təqdim edilməlidir. İddiaçı Komitənin tabeliyindəki ərazi MKİS-ə müraciət etmiş, qərəzli şəkildə qeyri-qanuni hesab edərək, arayış verməkdən imtina olunmuşdur. Aidiyyəti üzrə Komitəyə müraciət olunmuş, Komitədən də iddiaçının orada məskunlaşması qeyri-qanuni hesab edilmiş və qanunsuz tikili aparıldığı əsas göstərilərək tikilən kiçik evin sökülməsi, ərazinin boşaldılması tələb olunmuşdur. Komitə dövlət proqramına əsasən evsiz məcburi köçkünləri evlə təmin etmək istiqamətində məsuliyyət və səlahiyyət sahibidir, evsiz qalmış köçkünü yaşayış yeri ilə təmin etsin, mənzil fondu olmadıqda isə kompensasiya ilə əvəzləşdirsin. İddiaçının ailəsi məcburi köçkündür. Ancaq Komitə iddiaçının ailəsini heç bir zaman təmin etməyi özünə vəzifə hesab etməyib. İddiaçı cavabdeh tərəfindən pozulmuş konstitusion hüquqları bərpa edilməli, cavabdehin ona və ailəsinə vurduğu maddi və mənəvi ziyan kompensasiya məbləği kimi tutularaq ödənilməlidir. Komitə qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya əzab, iztirab yaşatmış, evsizliklə imtahan edərək ailəsini mənzil hüququndan, yaşamaq hüququndan qanunsuz olaraq məhrum etmiş, iddiaçıya və onun ailəsinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, 2008-ci ildən başlayaraq kommunal ödənişlərin müvafiq karta köçürülməsi ilə bağlı müvafiq fərmana qədər büdcədən iddiaçının ailəsinin kommunal ödənişlərinə yardım edilməsi məqsədi ilə ayrılan pul, təqribən 2.000 manat məbləğində Komitə tərəfindən verilməmişdir. Torpaq alıb ev tikməyə 35.300 manat xərc çıxmışdır ki, həmin pulun böyük bir hissəsi banklardan borc olaraq alınıb yüksək faizlər ödənilmişdir. Bundan əlavə, iddiaçı 8.500 manatda torpaq satan Qüdrət Eyvazova borclu qalmışdır. O, isə borcu tələb edir. Qohumlardan və bankdan götürülən borc pullar ilə evi tikib təmir işləri həyata keçirilmişdir. Hal-hazırkı vəziyyətinə gətirənədək ümumi olaraq 35.300 manat xərc çıxmışdır. 2013-cü ildən indiyədək Komitənin bu qanunsuz hərəkətlərinə görə ondan doğan mübahisə və digər problemlərə görə iddiaçının oğlu X4 ailəsi evsizlik ucbatından dağılmışdır. Bütün ailə üzvləri şəraitsiz yerlərdə yaşayaraq müxtəlif xəstəliklər tapmışdır. Buna görə məsuliyyət birbaşa Komitənin üzərindədir. Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Komitəyə qarşı eyni predmet və eyni əsaslarla iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2940/2022 saylı iş üzrə 15 fevral 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1683/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, lakin iddiaçı yenidən eyni tələb və əsasla Komitəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı dolayı əsaslandırılmış, qeyri-obyektiv qərardır. Belə ki, ilkin tələb müqavilənin bağlanması idi.Cavabdehin bundan kəskin imtina etməsi, cənab prezidentin daxili göstərişi ilə əsaslandırması və məhkəmənin bu məsələyə heç bir təsir edə bilməyəcəyi barədə onlara şifahi xəbərdarlıq etməsi əsassızdır. Lakin bu məsələ və məhkəmə dövründəki gedişat bizim müqaviləyə olan ümidlərini qırdı.Belə olan halda, məhkəmədən sonra evilərinin sökülməsi və sözügedən torpağın onlardan alınması zərurəti yaranacaq ki, bu da, onlara külli miqdarda maddi və mənəvi ziyan vurulmasıdır. Məhkəmə isə indiki halda ev üzərində hər hansı bir hüququ müəyyən etməkdən uzaq durmağa çalışır. Məhz, bu səbəbdən iddiaçınbir ailə başçısı olaraq fundamental hüquqlarımın və qanunla nəzərdə tutulmuş hüquqlarının qorunmasının kompensasiya ilə əvəzlənərək təmin olunması yolunu seçdi və iddia tələbimi dəyişdirmək məcburiyyətində qalmışdır. Hətta o, əmin idi ki, məhkəmənin göstərdiyi çatışmazlığı aradan qaldırmaq üçün xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etdiyi kirayə pulu əlavə olunaraq edilən pul tələbi ilə bağlı ərizəyə cavabdeh müvafiq cavabı verməyəcək, necə ki, cavab verildi və aidiyyatı üzrə pul tələbinə heç bir münasibət bildirilmədi. 16 dekabr 2022-ci il tarixli cavabı Qaçqınkomun binasına gedib tələb edərək aldı. Orada tikdikləri evin qanunsuz olduğu izah edilir və pul tələbinə dair heç bir münasibət bildirilmir (əlavə olunur). İddiaçı, eyni zamanda, xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı problemləri ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermə müddətini ötürdüyünü bildirərək, həmin müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İş Bakı apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra, iddiaçının müddətin bərpası barədə ərizəsinə və apellyasiyanın mümkünlük məsələsinə baxılması üzrə 13 aprel 2023-cü il tarixinə məhkəmə iclası təyin olunmuşdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi oğlu) C.Musazadə də həmçinin ərizə ilə məhkəməyə müravciət edərək xəstələnməsi ilə əlaqədar müddətin ötürüldüyünü bildirmiş və müddətin bərpa edilməsini və apellyasiyanın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunmalı və apellyasiya mümkün sayılmamalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə görə Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İş materiallarına əlavə olunmuş, xəbərnaməli poçt qəbzinə əsasən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadını iddiaçı xx.xx.2022-ci il tarixində rəsmi qaydada almış, lakin həmin qərardaddan apellyasiya şikayətini məhkəməyə xx.xx.2023-cü il tarixində təqdim etmiş, bununla da Məcəllənin qeyd olunan norması ilə müəyyən olunan 10 günlük apellyasiya şikayəti vermə müddətini 10 gün ötürmüşdür. İPM-in qeyd olunan 24.1-ci maddsinin məzmunundan isə göründüyü kimi, məhkəmə, o halda, şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edir ki, həmin müddət proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. İddiaçı və onun nümayəndəsi konkret halda, buraxılmış prosessual müddətin bərpası barədə vəsatət və ərizəsində, həmin müddətin xəstəliklə əlaqədar buraxıldığını bildirsələr də, istinad olunan etdikləri bu hallar sübutlarla əsaslandırılmamışdır.Yəni, müddətin onların təqsiri üzündən buraxılmadığı sübuta yetirilmir. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Məcəllənin və Konstitusiya Məhkəməsinin qərarından irəli gələn göstərişləri nəzərə alan məhkəmə kollegiyası, konkret halda, iddiaçının birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verilməsinə maneçilik törədə bilən inkar olunmaz səbəblərinin mövcudluğu sübuta yetirilmədiyi halda, həmin qərardaddan şikayət vermə müddətinin 10 gün buraxılmasının səbəbi üzrlü hesab edilə bilməz. Belə olan təqdirdə, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü istisna olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məgəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10092/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunsun. Apellyasiya mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1563/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1563/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver