Məhkəmə qərarları › İş №2-1(103)-1563/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1563/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1563/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının əri Cəfərov Behbud Cəfər oğlu 31 yanvar 2011ci il tarixdə vəfat etmişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı DOST Agentliyinə müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 yanvar 2023- cü il tarixli cavab məktubu ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məktubda qeyd olunur ki, təqdim edilmiş sənədlərə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən mərhum Cəfərov Behbud Cəfər oğlunun sosial sığorta stajı (xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1985-ci il tarixindən xx.xx.1987ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 9 il 1 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (9 il 4 ay) azdır. Bu səbəblə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmrləri yoxdur) Behbud Cəfərovun 24 avqust 1988-ci il tarixindən Avtobus Parkında, 4 iyul 1994- cü il tarixindən 2 №li Xüsusi Təmir-Tikinti İdarəsində olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Hesab edilir ki, imtina əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş əmək kitabçasının notarial təsdiqindən də göründüyü kimi, Behbud Cəfərov müxtəlif dövrlərdə və müxtəlif vəzifələrdə çalışmışdır. Cavabdeh təqdim etdiyi cavab məktubunda qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmrləri yoxdur) Behbud Cəfərovun xx.xx.1988-ci il tarixindən Avtobus Parkında, xx.xx.1994-cü il tarixindən 2 №li Xüsusi Təmir-Tikinti İdarəsində olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İşəgütürən tərəfindən əmək kitabçasının tam doldurulmaması və ya doldurulma qaydasının pozulması formal xətalar olmaqla yanaşı işçinin nöqsanı deyil və bu hal iddiaçının təqsiri hesab oluna bilməz. Tək qeyd edilməyən isə işdən çıxma tarixidir. Göründüyü kimi, qeyd olunan illərə dair əmək kitabçasında müvafiq qeydin düzgün aparılmaması “ailə başçısını itirməyə görə əmək pensiyası”nın təyin edilməsindən imtina olunmasına səbəb olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 14.1, 17.1-ci maddələrinə əsaslanaraq, iddiaçıya “ailə başçısını itirməyə görə əmək pensiyası”nın təyin edilməsi və 31 yanvar 2011-ci il tarixdən bü günədək hesablanmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən üç il əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin müvafiq qaydada ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, B.Cəfərova aid əmək kitabçasında xx.xx.1988-ci il tarixdən Füzuli rayonu 2 saylı Avtobus parkında və xx.xx.1994-cü il tarixdən 2 №-li Xüsusi Təmir-Tikinti İdarəsində işlədiyi dövrlərə aid qeydlər müvafiq Qaydalara uyğun aparılmamışdır. Qeyd olunan səbəblərdən B.Cəfərovun əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmış və bu səbəbdən mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, B.Cəfərovun işlədiyini iddia etdiyi Füzuli rayonu 2 saylı Avtobus Parkı və 2 saylı Xüsusi Təmir-Tikinti İdarəsinin aktiv vergi fəaliyyətinin olması və müəssisələrin dövlət qeydiyyatından keçməsinin dəqiqləşdirilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, Dövlət Vergi Xidmətindən daxil olan xx.xx.2024-cü il tarixli **********781900 nömrəli cavab məktubunda 2 saylı Xüsusi Təmir-Tikinti İdarəsinin xx.xx.1997-ci il tarixdə 11/4744 nömrə ilə dövlət qeydiyyatından keçdiyi, Füzuli rayonu 2 saylı Avtobus Parkının isə dövlət qeydiyyatından keçməsi barədə məlumat olmadığı qeyd edilmişdir. Belə ki, B.Cəfərov əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixdən Füzuli rayonu 2 saylı Avtobus Parkında, xx.xx.1994-cü il tarixdən 2 saylı Xüsusi Təmir-Tikinti İdarəsində işləmişdir. Sözügedən cavab məktubundan görünür ki, B.Cəfərovun işlədiyini iddia etdiyi müəssisələrdən biri ümumiyyətlə dövlət geydiyyatından keçməmiş, digəri isə B.Cəfərovun işlədiyi vaxt dövlət qeydiyyatında olmamışdır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının mərhum atası B.Cəfərovun əmək kitabçasındaki qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan və mübahisələndirilən dövrlər ərzində B.Cəfərovun işlədiyi müəssisələr dövlət qeydiyyatından keçmədiyindən mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməsi və beləcə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2004-cü il təvəüllüdlüdür və onun atası Cəfərov Behbud Cəfər oğlu 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət olunmuş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası Cəfərov Behbud Cəfər oğlunun sığorta stajı 9 il 1 ay olmaqla, qanunla tələb olunan müddətdən (9 il 4 ay) az təşkil edir. Cəfərov Behbud Cəfər oğlunun əmək kitabçasında 24 avqust 1988-ci il tarixdən Avtobus parkında və 4 iyul 1994-cü il tarixdən 2 №-li Xüsusi Təmir-Tikinti İdarəsində işlədiyi dövrlərə aid qeydlər əks olunsa da, Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın tələblərinə uyğun aparılmadığından, həmin dövrlər sığorta stajına daxil edilə bilməz. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31 – 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.1) 18 yaşına çatmamış; (14.1.1.2) 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; (14.1.1.3) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; (14.1.3) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını AR Nazirlər Kabineti müəyyənləşdirir. Beləliklə, qeyd olunan hüquq normalarının işə tətbiqi zamanı belə nəticəyə gəlinir ki, Cəfərov Behbud Cəfər oğlunun əmək kitabçasındakı qeydlər üzrə iş stajı sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 12 və 17-ci maddələrinin tələblərinə müvafiq 9 il 4 aydan artıq sığorta stajı toplanmış olur və bu hal iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinə əsas verir. Cavabdeh apelyasiya şikayətində Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə istinad edərək Cəfərova aid əmək kitabçasında xx.xx.1988-ci il tarixdən Füzuli rayonu 2 saylı Avtobus parkında və xx.xx.1994-cü il tarixdən 2 №-li Xüsusi Təmir-Tikinti İdarəsində işlədiyi dövrlərə aid qeydlərin müvafiq Qaydalara uyğun aparılmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlili əsassız hesab edir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» Nazirlər Kabineti tərəfindən 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarla təsdiq edilmişdir, lakin iddiaçının mərhum atasının əmək kitabçasındakı müvafiq qeydlər həmin tarixdən əvvəlki dövrə təsadüf edir və bu norma həmin qeydlərə şamil oluna bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, əmək pensiyasının təyinatında əmək kitabçasındakı əvvəlki dövrlərə (1996-cı ilədək) aid qeydlərin Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları»nın tələblərinə tam şəkildə əməl edilməklə doldurulmaması işçinin təqsiri ilə bağlı olmayan haldır və bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6467/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir (1) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar