Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1563/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müharibə başlanmamışdan əvvəl könüllü olaraq xidmətə çağırılmağı üçün müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə sms bildiriş gəlmişdir ki, qeydiyyatda olduğu ərazi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yaxınlaşsın. Dərhal yaxınlaşmışdır. Sənədləri araşdırdıqdan sonra bildirilmişdir ki, xəbər gözləsin, lazım olsa əlavə zəng edəcək. xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yaxınlaşmışdır. 20 nəfər olmaqla 4 maşın yola düşdükdən sonra bildirilmişdir ki, qalanlar qalsın, lazım olduqda çağıracaq. N oktyabrda zəng vasitəsi ilə bildirilmişdir ki, COVİD testi verilməlidir. Test mənfi olduğu üçün xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissədə yerləşdirilmişdir. Qeyd edilən hərbi hissə təlim və komplektləşmə üçün nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixə kimi həmin hərbi hissədə, xx.xx.2020-ci il tarixdə düşmən təslim olan günü Laçın istiqamətinə yola salınmışdır. Laçın xx.xx.2020-ci il tarixdə təhvil verilməli olduğundan və baxmayaraq ki, razılaşmaya əsasən atəşkəs elan olunmuşdu. Artilleriya bölmələri atəş açmasa da, düşmənin ayrıayrı bölmələri Laçın istiqamətində döyüşü davam etdirdiyindən bir neçə gün lokal döyüş əməliyyatlarından bölmələrin tərkibində iştirak etmişdir. Beləliklə, 27 dekabra kimi Qubadlı və Laçın ərazisində bölmələrlə döyüş tapşırıqları icra etmişdir. Minaların təmizlənməsində, minalı ərazilərdə qalan şəhidlərin çıxarılmasında və razılaşmaya əsasən Şuşanın azad edilməyən bir neçə kəndinin boşaldılması və Laçın koridorunun nəzarətə götürülməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə hərbi hissədən təxris olunmuşdur. xx.xx.2020-ci il tarixdə X5 Əliyev tərəfındən “Laçının azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur. Sonradan müharibə veteranı adının verilməsi ilə əlqədar cavabdehə müraciət etsə də xx.xx.2023-cü il tarixdə bundan imtina barədə cavab verilmiş, səbəb kimi isə hərbi hissəyə daxil olmağının döyüş əməliyyatlarının dayandırıldığı günə təsadüf etməsi ilə əlaqələndirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “ona müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərəl onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 4/3-7436 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, "Müharibə Veteram" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən daxil olmuş adlı siyahıya və əmrdən çıxarışlara əsasən hərbi hissəyə daxil olmağı döyüş əməliyyatlarının dayandırıldığı dövrə (10 noyabr 2020-ci il) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsini verilməsi üçün sənədlərinin razılaşdırmaq məqsədi ilə Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - İddiaçı dair AO seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli hərbi biletin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. - 1-3844 saylı Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, İddiaçı Laçının azad edilməsinə görə təltif edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-25-4/2-3226/24 saylı xx.xx.2024- cü il tarixli məktubunda bildirilmişdir ki, həmçinin Müdafiə Nazirliyinin hüquq və qanuni mənafelərinin məhkəmədə müdafiə olunması məqsədi ilə, iddiaçının, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidməti, hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etməsi, müsbət halda hansı ərazidə (rayon, kənd, qəsəbələrin adı qeyd edilməklə) və hansı təminat növü üzrə tapşırıqları yerinə yetirməsi, habelə adının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” üzrə müvafiq siyahıya alınması barədə məlumatın Hüquq İdarəsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunur. - Mygov.az saytından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qeydiyyat və xidmət barəsində məlumatdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020- ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-25-4/2-6183/24 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin aşağıda qeyd edilən bölmələri döyüş əməliyyatlarında iştirak etmişdir: N nömrəli hərbi hissənin idarə heyəti (30 nəfərlik heyətlə); 1-ci və 2-ci sülhməramlı taborlar və səhra komanda məntəqələri taboru (78 nəfərlik hetətlə); Səhra rabitə taboru (78 nəfərlik heyətlə); Taktiki səhra rabitə istiqamətləri taboru (56 nəfərlik heyətlə); Mərkəzi rabitə qovşağı (24 nəfərlik heyətlə); Ehtiyat komanda məntəqəsinin rabitə taboru (18 nəfərlik heyətlə); Mərkəzi xüsusi poçt rabitə qovşağı (10 nəfərlik heyətlə); Kəşfiyyat bölüyü (22 nəfərlik heyətlə); Tibb məntəqəsi (4 nəfərlik heyətlə); Qərargah və təchizat bölüyü (4 nəfərlik heyətlə); Əsas komanda məntəqəsinin xidməti taboru (16 nəfərlik heyətlə); Mühafizə taboru (85 nəfərlik heyətlə). İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, o, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında xx.xx.2020-ci il tarixdə hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.2020-ci il tarixdə heç bir döyüş əməliyyatlarının aparılmaması səbəbindən iddiaçının Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmədiyi aşkar olunmuşdur, onun döyüş əməliyyatlarında iştirakı barədə heç bir təsdiqedici sənədi yoxdur və həmin fakt arxiv sənədləri ilə təsdiqlənmir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissə hərbi hissəyə daxil olmuş və xx.xx.2020-ci il tarixədək həmin hərbi hissənin tərkibində olmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Laçının azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur.(1-3844 saylı Azərbaycan Respublikası medalının vəsiqəsi iş materiallarına əlavə edilmişdir) İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək, bildirmişdir ki, iddiaçının N nömrəli hərbi hissəyə daxil olması döyüş əməliyyatlarının dayandırıldığı dövrə (10 noyabr 2020-ci il) təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsini verilməsi üçün sənədlərinin razılaşdırmaq məqsədi ilə Nazirlər kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Daha sonra o , hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh imtinasında iddiaçının döyüş əməliyyatlarının dayandırıldığı dövrdə xx.xx.2020-ci il tarixdə hərbi hissəyə daxil olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, həmin tarixdən sonra da düşmənin ayrı-ayrı bölmələrinə (dəstələri) qarşı Laçın istiqamətində bir müddət lokal döyüş əməliyyatları həyata keçirilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən “Laçının azad edilməsinə görə” medalı ilə təltif edilmişdir. (iş materiallarına 1-3844 saylı Azərbaycan Respublikası medalının vəsiqəsi əlavə edilmişdir.) Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən səhvə yol vermiş, şəxsin Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin N dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə almadan yanlış nəticəyə gəlmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehin imtinası qanunazidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozulmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.