Məhkəmə qərarları › İş №2-1(103)-1565/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1565/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) , cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı (xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 m. 35 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı) qarşı Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 idarəsinə (bundan sonra mətndə DSMF X5 idarəsi) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədliyyə orqanları işçilərinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildən xx.xx.2013-cü il tarixədək Ədliyyə Nazirliyi Penitensiar Xidmətində işləmiş, xx.xx.2013-cü ildə qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu ildə cavabdeh orqana rəsmi ərizə ilə müraciət edərək ədliyyə orqanları işçilərinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi ilə bağlı xahişini bildirmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla onun xahişini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Cavabdeh DSMF X5 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır, belə ki, onun xahişinin təmin edilməməsinin səbəbi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2 və 23.3-cü maddələrində nəzərdə tutulmuş əlavələrin məlumat vərəqələrində öz əksini tapmaması olmuşdur. Sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, iddiaçının yenidən hesablanma tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehin qənaətinə görə, həmin əlavələr sonrakı artım deyildir. Bundan əlavə, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir, pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təmin edilirlər. Deməli, işlədiyi müddətdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsindəki müalicə pulunu almayan pensiyaçılara münasibətdə həmin maddə ümumiyyətlə diqqətə alına bilməz, bu məbləğlər əmək haqqının sonrakı artımı deyildir, əgər ədliyyə orqanının işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. Sonda iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-640/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim N.Abıyev) xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 640/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -İddiaçı məxsus İT-1 seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1994-cü ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətində qulluğa qəbul edilmiş, xx.xx.2013-cü ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.12-ci maddəsinə əsasən qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. -İddiaçıya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 17/7-12861 №li və xx.xx.2019-cu il tarixli 17/7-16488 №li arayışlardan görünür ki, iddiaçı həmin Xidmətin Baş İdarəsində işlədiyi dövrlərdə 2011-ci ildə 370 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3933,00 manat; 2012-ci ildə 405 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3968,00 manat; 2013-cü ildə 405 manat maddi yardım, 1781,50 manat məzuniyyətə çıxarılarkən verilən müavinət, müalicə olunması ilə əlaqədar isə 1781,50 manat, cəmi 3968,00 manat müavinət almış, bundan əlavə 2011-ci ildə 1860,00 manat; 2012-ci ildə 2025,00 manat; 2013-cü ildə 405,00 manat olmaqla cəmi 4290,00 manat məbləğində mükafatlandırılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş Departamentinə göndərilmiş xx.xx.2013-cü il tarixli məlumat vərəqində ədliyyə mayoru, ƏN PX-nin Qeydiyyat şöbəsinin böyük inspektoru xx.xx.1966-cı il təvəllüdlü İddiaçı təqvim ili üzrə xidmət ili 24 il 11 ay, 09 gün, güzəştli xidmət illəri 08 il, 10 ay, 1 gün; ümumi iş stajı 33 il, 09 ay, 10 gün, ehtiyata buraxıldığı il xx.xx.2013-cü il, pul təminatı; vəzifə maaşı 405 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 214 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, digər növ əlavələr “usta” məharət dərəcəsi 141,75 manat, digər növ əlavələr “ ciddi rejimə” görə əlavə 0 manat, cəmi 954 manat 75 qəpik qeyd olunmuşdur. -İddiaçının DSMF-nin Hərbi qulluqçular və X6 iş departamentinə ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən ona həmin departamentin 13/F109 №li xx.xx.2013cü il tarixli qərarı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə xx.xx.2013-cü il tarixdən ömürlük olaraq 849,73 manat məbləğində pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, ədliyyə orqanları işçilərinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti nəzərə alınmaqla onun pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq araşdırsa da, məhkəmə kollegiyası bəzi məqamları vurğulamağı zəruri sayır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş ədliyyə işçilərinə (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə kollegiyası əlavə olaraq, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus İT-1 seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş (xx.xx.2019-cu il, Reyestr 1S15358, xüsusi notarius X2) surətindən son qeydin xx.xx.2013-cü il tarixli – “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.12-ci maddəsinə əsasən (qanunla nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq, ədliyyə orqanlarında qulluqkeçməsinə xitam verilməsi” olsa da, işin apellyasiya icraatı zamanı iddiaçının vəkili tərəfindən məhkəmə tədqim edilmiş əmək kitabçasının surətinə əsasən bu qeyddən sonra xx.xx.2016-cı il tarixli – “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Z.Vəliyevanın uşağa görə məzuniyyətdə olduğu müddətdə müvvəqəti olaraq onun vəzifəsinə təyin edilməsi” barədə qeydin olması, sonuncu qeydin isə xx.xx.2018-ci il tarixli qeyd olması müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilmiş olan “Ordubad rayon məhkəməsinin 2(089)-17/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi” barədə qeydini texniki xəta kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-640/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar