Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1565/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (XX.XX.1944-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 26.09.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona (iddiaçıya) təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmaqla, 1996 – 2002-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövr dövlət qulluğu stajına daxil edilməklə, 01 iyun 1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X2 işlədiyi 18 fevral 1992ci il tarixdən 10 iyun 1992-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması, yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (18 iyun 2019-cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50 % artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 1976-cı ildən 1992-ci ilədək Azərbaycan Kommunist Partiyasının Bərdə Rayon Komitəsində şöbə müdiri, 1978ci ildən etibarən isə, Bərdə Rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə Rayon Partiya Komitəsinin büro üzvü və Rayon Sovetinin deputatı kimi statuslara da malik olmuşdur. 1992-ci ildə Xalq Nəzarət orqanları ləğv edilmişdir. O, 2007-ci ildə 63 yaşı tamam olması əsası ilə pensiyaya çıxmışdır. Pensiyanın məbləği 2019-cu ilin sentyabr ayınadək 777 manat olmuşdur. Onun pensiyası düzgün hesablanmayıb, hesablamada ədalətsizliyə yol verilmişdir. Belə ki, pensiya hesablanarkən 14 ilə yaxın işlədiyi Rayon XNK sədri vəzifəsi həmin dövrdəki X4 İcraiyyə Komitəsinin sədrinin birinci müavini (indiki dövrdə RİH başçısının birinci müavini) vəzifəsinə bərabər tutulmalı olduğu halda, düzgün olmayaraq RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Halbuki, Xalq Nəzarət Komitəsinin sədri vəzifəsinin həmin dövrdəki X3 İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsi kimi nomenklatur vəzifə olmaqla, həmin vəzifəyə təyinatın respublikanın rəhbəri – Mərkəzi Komitənin İ katibi tərəfindən, büro iclası ilə həyata keçirilməsi ilə hazırkı dövrdə RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğun təyinatın müvafiq RİH başçısının sərəncamı ilə həyata keçirilməsi arasındakı fərq Xalq Nəzarət Komitəsi sədrinin rayon ərazisində fəaliyyət göstərən bütün idarə, təşkilat, müəssisələrin, eləcə də icraiyyə komitəsi sədrinin müavini də daxil olmaqla icraiyyə komitəsinin tərkibindəki bütün idarə və şöbələrin fəaliyyətinə nəzarət etməklə üstün hüquqi statusa malik olmasıdır. Həmçinin, onun icraiyyə komitəsinin bölmə müdirindən iki dəfə artıq əmək haqqı almağı (340 manat məbləğin 170 manat məbləğə nistəbi) nəzərdən qaçaraq, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın 1.8-ci bəndinə əsasən şəhər (rayon) Xalq Nəzarət Komitəsinin sədri vəzifəsi RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Bundan əlavə, pensiya məbləği hesablanarkən 1 iyun 1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışdığı 1 ilə yaxın (1 il 10 ay 10 gün) müddət, həmçinin Azərbaycan Respublikası Prezidentinin yanında X2 işlədiyi 4 aya yaxın (18 fevral 1992-ci il tarixdən 10 iyun 1992-ci il tarixədək) müddət pensiya stajına daxil edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin «“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» 20 iyun 2008-ci il tarixli Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı təsdiq edilmiş və həmin şəxslərin əmək haqqlarına vəzifə maaşının 15 faizi miqdarında əlavə haqqın hesablanması göstərilmiş olsa da, onun işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin edilən və ödənilməli olan əlavə haqq, həmçinin dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsi pulu pensiya təyin edilərkən, ümumilikdə işləmiş olduğu 16 il üzrə (Rayon Partiya Komitəsində şöbə müdiri və Xalq Nəzarət Komitəsinin sədri 1976 – 1992-ci illərdə) nəzərə alınmamışdır. 1996-cı ildə o (iddiaçı), X1 nəzarəti şöbəsinin rəisi tərəfindən ictimai əsaslarla şöbənin işinə cəlb edilmişdir. Ölkə başçısının tapşırığı ilə ona şöbənin əməkdaşları ilə birlikdə həmin idarənin gələcəkdə yaradılması nəzərdə tutulan, 100 nəfərdən artıq əməkdaşın fəaliyyət göstərəcəyi, «Prezident yanında ali nəzarət inspeksiyası»nın əsasnaməsini (Rusiya modelinə uyğun) hazırlamaq, həmçinin müvafiq yoxlamalar aparmaq tapşırılmışdır. Məhz yaradılacaq həmin qurumun əməkdaşı kimi rəsmi işə qəbul olunacaqdı. Verilmiş tapşırığa uyğun olaraq, qeyd olunan əsasnamə hazırlandı, 1996 – 2002-ci illər ərzində ən azı 15 yoxlama aparıldı. Yoxlamalar əməkdaşların adına müvafiq qaydada rəsmiləşdirilmiş mandatlara əsasən aparılmışdır. O (iddiaçı), idarənin əməkdaşı kimi 5 il ərzində iş yerinə gəlmişdir. Onun adı müvafiq yoxlama materiallarında göstərilmişdir. 2002-ci ildə şöbənin işindən kənarlaşmış, lakin əmək kitabçasında həmin iş illəri əksini tapmamışdır. Bu isə, müvafiq pensiya təminatının alınmasına öz təsirini göstərdi. Göstərilənləri nəzərə alaraq, pensiyanın yenidən hesablanması, yəni işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmaqla Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli «“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Fərmanına əsasən pensiyaya müvafiq əlavələr edilməsi barədə ərizə ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdehin 11 sentyabr 2019-cu il tarixli cavab məktubunda yuxarıda qeyd olunan məsələlərin heç biri öz müsbət həllini tapmamış, yalnız Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» 01 sentyabr 2019-cu il tarixli sərəncamına istinadən qulluq illərinin 25 il olmaması əsası ilə pensiya məbləği təxminən 25 faiz həddində artırılaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. Halbuki, o (iddiaçı), pensiyaya çıxdığı dövrdə, yəni 2007-ci ildə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.3-cü maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən (dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir) dövlət qulluğunda 15 il staja malik olmaq almış olduğu maaşın 80 faizi miqdarında məbləğlə pensiyaya çıxmağına əsas verir ki, o da məhz həmin əsasla 2007-ci ildə 17 il iş stajı ilə 80 faiz hesablanmaqla pensiyaya çıxmışdır. Həmin maddəyə edilmiş dəyişikliyə əsasən (01 iyul 2017-cin il tarixdən) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə, natamam ildəki iş stajı ayların sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Yalnız 25 il qulluq stajı olanların 80 faizlə pensiyaya çıxa bilməsi qeyd edilmişdir. Bununla da, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən onun konstitusion hüququ (AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş hüququ) təkrarən pozulmuş, hüquqi vəziyyətini ağırlaşdıran normativ aktın hüquqi qüvvəsi geriyə – 2007-ci ilə şamil edilməklə, pensiyaya əlavə yalnız 25 faiz həddində hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək vaxtilə işlədiyi XNK sədri vəzifəsini RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmasını, pensiyasının Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 01.09.2019-cu il tarixli sərəncamına əsasən 50 faiz miqdarında artırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin, cavabdeh də apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarın iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən nə ona ixtisas dərəcəsinin verilməsi, nə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın verilməsinə dair, nə də ki, dövlət məvacibinin tərkibində mükafatlar barədə iddiaçının çalışdığı orqanlar tərəfindən verilən arayışlar cavabdehə təqdim olunmayıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1828/2020 saylı, 03.11.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev,A.Nuriyeva,A.Hüseyn) İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfdən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-346/2021 saylı, 16.03.2021-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Dadaşov, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş,. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 21(103)- 1828/2020 saylı qərarı mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində ləğv edilmiş və eyni hissədə təkrar baxılması üçün iş həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qərardan iddiaçı tərəfdən kassasiya şikayəti verilməmişdir və qərarın iddiaçıya münasibətdə olan hissəsi qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Ali Məhkəmənin qərarına uyğun olaraq, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır. İş materiallarına əsasən: -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin 30 iyul 2019-cu il tarixli 186 nömrəli “arxiv arayışı”na əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin 13 iyun 1978-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının 09 avqust 2019-cu il tarixli 3/740 nömrəli arayışına əsasən İddiaçı 01 iyul 1976-cı il tarixdən 31 avqust 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, 31 avqust 1977-ci il tarixdən 10 aprel 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifəsində işləmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 sentyabr 2019-cu il tarixli məktubuna əsasən DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən Sizə (ərizəçi İddiaçı) 15 fevral 2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən Sizə aid pensiya işinə dair sənədlər həmin şöbədən İdarəyə gətirilərək əmək pensiyanızın hesablanmasının düzgün olub-olmaması İdarə tərəfindən araşdırılmışdır. Nəticədə əmək pensiyanız 1 mart 2018-ci il tarixdən etibarən 781,56 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yenidən hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən «Dövlət qulluqçularının vəzifə maaşının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarına əsasən əmək pensiyanız yenidən hesablanaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə 18 oktyabr 1991-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 18 oktyabr 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahısının 1.8-ci bəndinə əsasən şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında komitənin sədri vəzifəsi rayon, şəhər icra hakimiyyəti başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən həmin qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən Qanunun 2.5-ci maddəsinə uyğun olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla)qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi” Qaydalarının 12-ci bəndinə əsasən, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən işin nəticələrinə görə kollektiv mükafatlandırma zamanı mükafatın müəyyən edilməsi üçün götürülən dövrdə (hesablaşma dövrü) hamiləliyə və doğuşa görə məzuniyyətdə olma, ştatların ixtisarı ilə əlaqədar işdən azad olma, hərbi xidmətə çağırılma, ixtisasartırma kursunda olma və digər üzürlü səbəblərdən tam işləməmiş dövlət qulluqçuları üçün onların faktiki qulluq keçdiyi dövrə görə mükafat hesablanır. Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasənamənin 12-ci bəndinə əsasən Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilmişdir. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında hüquqi göstəriş ondan ibarət olmuşdur ki, “Hazırkı iş üzrə iddiaçı müxtəlif vəzifələrdə, o cümlədən 01.07.1976-cı il tarixdən 31.08.1977-ci il tarixədək Bərdə rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, 31.08.1977-ci il tarixdən 10.04.1978-ci il tarixədək ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə iddiaçının işlədiyi dövrdə qeyd edilən əlavələri, mükafatları və müavinəti alıb-almamasına dair müvafiq sübutlar olmadan və bu barədə araşdırma aparmadan qərar qəbul edilmişdir. Belə olan halda, ilk növbədə, apellyasiya instansiya məhkəməsi iddiaçıya hansı dövr və hansı vəzifə üzrə dövlət məvacibindən pensiya hesablandığını müəyyən etməlidir. Daha sonra isə, həmin dövrdə iddiaçının qeyd olunan əlavələri, mükafatları və müavinəti alıb-almamasını müəyyən etməli (müvafiq sorğular verməklə), bunun əsasında qərar qəbul etməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı tərəfindən mükafat, müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğlərini alması barədə müvafiq arayışları,sənəd-sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında qeyd edilən dövrlər üzrə mükafat, müavinət və ixtisas dərəcəsinə görə iddiaçının əlavə pul məbləğlərini almadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-c il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarı qismən - il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması hissəsində ləğv edilməli, iddiaçıya əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(112)-323/2020 nömrəli qərarı - İddiaçı əmək pensiyasının il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qərar - İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1565/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver