Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1565/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin bərpa olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9675/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 may 2022-ci il tarixli **********794600 saylı qərarının ləğv edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-9675/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 10 may 2022-ci il tarixli **********794600 saylı qərarı ilə hazırkı İddiaçı barəsində eyni dövrə aid eyni fəaliyyətə və eyni məbləğə aid ikiqat vergitutma, həm sadələşdirilmiş, həm də gəlir vergisi olmaqla ikili vergi ödəyicisi mükəlləfiyyəti tətbiq edilmişdir. Belə ki, iddiaçı VÖEN əsasında fiziki şəxs kimi fəaliyyət göstərərək 2021-ci ildə sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti ilə bütün qanunla müəyyən edilmiş vergiləri tam və vaxtında ödəmişdir. Onun fəaliyyəti dövlət orqanlarına və əhaliyə son istifadə məqsədilə yalnız pərakəndə olaraq qanuni sənədləşmə yolları ilə, o cümlədən “eqaimələr” təqdim etməklə dövri mətbuatın (qəzet və jurnalların) satışından ibarətdir. Lakin fəaliyyətinin mahiyyəti dəfələrlə həmin qurumun rəsmilərinə izah edilsə də, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.6-cı maddəsini əsas gətirərək (Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən “pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda həmin vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır”) iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdıraraq vergi ödəyicisi kimi mükəlləfiyyətini dəyişmiş və iddiaçıya qanuna zidd olaraq ikiqat vergi tutma tətbiq etmişdir. İddiaçı həm sadələşmiş vergi ödəmiş, həm də ona gəlir vergisi hesablanmışdır. İddiaçı bununla bağlı dəfələrlə cavabdehə yazılı şəkildə müraciət etmiş və qurumun əməkdaşlarına şifahi olaraq bildirmişdir ki, onun fəaliyyəti zamanı Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinin dispozisiyasında göstərildiyi kimi, pərakəndə ilə eyni zamanda, topdansatış qaydasında malların satışı həyata keçirilmir. Onun fəaliyyətində topdansatış heç yoxdur. Bu səbəbdən Vergi Məcəlləsinin 218.6.1-ci maddəsi ona şamil oluna bilməz, çünki iddiaçının fəaliyyəti 100 % pərakəndə satışdır. İddiaçı yalnız pərakəndə ticarət qaydasında satış fəaliyyəti ilə məşğul olur və bunun məntiqi nəticəsi olaraq sadələşdirilmiş vergi ödəyicisi statusunu daşıyır. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən “pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura təqdim edilməklə) həyata keçirilməsi üzrə ticarət fəaliyyəti”dir. Göründüyü kimi, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanların alıcıya onun istəyindən asılı olaraq e-qaimə göndərmələri ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır (həcminin 30 faizindən çox olduğu tələbi burda keçərli deyil). Qaydalara əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə e-qaimə təqdim edə bilərlər. E-qaimənin təqdim olunması həmin vergi ödəyicisinin pərakəndə ticarət hüququnun itirilməsinə səbəb olmur. Çünki bu fəaliyyət üzrə malların alıcısı olan vergi ödəyicilərinin də hər hansı malı sahibkarlıq deyil, istehlak məqsədilə istifadə etmək hüququ var. Beləliklə, istinad edilən Vergi Məcəlləsinin 218.6.1-ci və 13.2.62-ci maddələri arasında ziddiyyət varsa da, Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən iddiaçı barədə 10 may 2022-ci il tarixli **********794600 saylı qərarının qəbul edilməsi və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətinin ləğv edilməsi qanunsuz və əsassızdır. Lakin iddia tələbini araşdıran birinci instansiya məhkəməsi heç bir əsas olmadan, tamamilə qanunsuz və əsassız olaraq iddiaçı tərəfindən həyata keçirilən fəaliyyətin guya topdansatış fəaliyyəti olduğunu qeyd etmiş, buna əsas kimi iddiaçı tərəfindən alıcılara e-qaimə təqdim edilməsi halına istinad etmiş, buna görə də iddiaçının fəaliyyətinin pərakəndə satış fəaliyyəti qismində qiymətəndirilməsinin düzgün olmaması qənaətinə gəlmişdir. İddiaçı fəaliyyəti yalnız pərakəndə satış olmuş, onun topdansatış fəaliyyəti ilə məşğul olması barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmiş, cavabdeh iddiaçının 2021-ci ildə “Respublika Stend Atıcılığı” İdman Məktəbinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhəri X6 Dispanserinə, Azərbaycan Texniki Universitetinə və digər hüquqi şəxs, müəssisə və təşkilatlara elektron qaimə-faktura əsasında qəzet və digər nəşrlərin satışını həyata keçirməsi halına istinad edərək tam qanunsuz olaraq onun pərakəndə deyil, topdansatış fəaliyyəti ilə məşğul olması qənaətinə gəlmiş, İddiaçı işə məhkəmədə baxılarkən cavabdehin qeyd olunan mövqeyinə etiraz edərək pərakəndə satış zamanı alıcı tələb etdiyi halda elektron qaiməfaktura əsasında qəzet və digər nəşrlərin satılmasının Vergi Məcəlləsinin tələblərinə əsasən topdansatış fəaliyyəti kimi deyil, pərakəndə satış fəaliyyəti kimi qiymətləndirilməli olduğunu qeyd etmiş və konkret maddi hüquq normalarına istinad etmiş, lakin işə baxan birinci instansiya məhkəməsi qanunsuz olaraq iddiaçının haqlı tələbini nəzərə almamış və qanunsuz olaraq İddiaçı fəaliyyətinin topdansatış fəaliyyəti kimi qiymətləndirilməli olması barədə cavabdehin hərəkətlərini qanuni hesab etmiş və bununla da Vergi Məcəlləsinin tələblərini kobudcasına pozmuşdur. Hazırki iş üzrə isə cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı öz təsdiqini tapmır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli **********794600 qərarı qanunsuz olmaqla ləğv edilməli və iddiaçının sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti saxlanılmalıdır (bərpa olunmalıdır). Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: Aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 88711,47 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2021-ci il gəlir vergisi bəyannaməsinin boş təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********201100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin gəlir vergisi üzrə 2473,48 manat (88711,47*5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********794600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Vergi ödəyicisi apellyasiya şikayətində əsassız olaraq bildirmişdir ki, ona ikiqat vergitutma tətbiq edilmiş və o, sadəcə pərakəndə satış həyata keçirmişdir. Qeyd olunanların əksinə bildiririk ki, vergi ödəyicisinə 2021-ci il üzrə vergi orqanı tərəfindən sadəcə gəlir vergisi hesablanmışdır. Sadələşdirilmiş vergi bəyannaməsini isə vergi ödəyicisinin özü tərəfindən 2021-ci ilin 1,2,3,4-cü rübləri üzrə təqdim edilərək hesablama aparılmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022ci il tarixində dəqiqləşdirilmiş boş (göstəricisiz) Sadələşdirilmiş vergi bəyannaləri təqdim edilmiş və nəticədə həmin dövrlər üzrə hesablanmış sadələşdirilmiş vergi məbləği azaldılmışdır. Yuxarıda da qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 88711,47 manat dəyərində mal (xidmət) təqdim edilmişdir. Göründüyü kimi kameral vergi yoxlaması tamamilə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, iddiaçı əsassız, ümumi ifadələrdən istifadə etməklə iddiasını əsaslandırmağa çalışmışdır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9675/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməyə əsasən, İddiaçı (VÖEN **********) xx.xx.2017-ci il tarixindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794600 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı, VÖEN **********, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2473,48 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2473,48 manat, Bəyannamə və hesabat növü – gəlir vergisi, bəyannamə və hesabat dövrü - 2021-ci il. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 218.5-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər. 218.6-cı maddəsinə əsasən aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: 218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən 2021ci il ərzində elektron qaimə-fakturalar əsasında 88711,47 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq, 2021-ci il gəlir vergisi bəyannaməsinin boş təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuş, bununla əlaqədar cavabdeh inzibati orqan tərəfindən 2021-ci ilin gəlir vergisi üzrə 2473,48 manat əlavə vergi məbləği hesablanaraq iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794600 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində elektron qaimə-fakturalar əsasında 88711,47 manat dəyərində mal təqdim edilmişdir. İş materiallarında olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat”ın surətindən görünür ki, vergi ödəyicisi İddiaçı 2021ci ildə “Respublika Stend Atıcılığı” İdman Məktəbinə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı şəhəri X6 Dispanserinə, Azərbaycan Texniki Universitetinə və digər hüquqi şəxs, müəssisə və təşkilatlara elektron qaimə-faktura əsasında qəzet və digər nəşrlərin satışını həyata keçirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının bu qəbuldən olan malların yuxarıda qeyd olunan şəxslərə (hüquqi şəxs, müəssisə, təşkilat) satışı ilə bağlı fəaliyyəti pərakəndə satış qismində qiymətəndirilə bilməz. Həmin dövriyyə topdansatış qaydasında mal təqdim edilməsi kimi qəbul edildiyi halda isə, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti ilə çıxış edə bilməz və o, gəlir vergisinə cəlb olunmalıdır. Qanunvericiliyin sadalanan normalarının tələblərindən də görünür ki, topdansatış qaydasında malların satışını həyata keçirən vergi ödəyicilərinə münasibətdə sadələşdirilmiş vergi ödəyicisi hüququnun olmaması nəzərdə tutulur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Cavabdeh inzibati orqan iddiaçıya 2021-ci il üzrə həmin dövriyyəsinə münasibətdə gəlir vergisinin hesablanması barədə qərar qəbul etməkdə haqlı omuşdur. Belə olan halda 10 may 2022-ci il tarixli həmin qərar ləğv edilə, İddiaçı sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti isə bərpa oluna bilməz. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9675/2022 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1565/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver