Məhkəmə qərarları › İş №2-1(103)-1565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1565/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının müvafiq azaldılma aparılmadan yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iiştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.

1. İddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən 1 aprel 2022-ci il tarixdən onun fərdi sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 769,90 manatdan 1.150,37 manata artırılmışdır. Lakin iddiaçı bununla razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır.

İİ. Tərəflərin əsaslandırması

2. İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «pensiya məbləğinin artırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Daxili İşlər Nazirliyində xidmətini başa vurduqdan sonra ona əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatından sonra mülki işlərdə işləmişdir və onun fərdi hesabında müəyyən məbləğdə pensiya kapitalı yığılmışdır. İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6, 32.1-1, 37.3.1-ci maddələrinə əsaslanaraq, hüququ yarandığı tarixdən (hüququ 2017-ci ildən avvəlki dövrdə yaranmışdır) əmək pensiyasının yenidən hesablanması xahişi ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh onun əmək pensiyasını «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq 3 il əvvəlki dövrə yenidən hesablamaq əvəzinə, müraciət tarixindən həmin Qanunun 29.2-ci maddəsini əsassız olaraq tətbiq edərək, yəni qulluq stajına görə əlavələrin məbləğini sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablamışdır. İddiaçı belə hesablama ilə razılaşmadığından, göstərilən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmişdir. Sonuncu 5 noyabr 2022-ci il tarixli müraciəti də təmin olunmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin 37.3.1-ci maddəsinə əsasən yenidən hesablaşmaya heç bir dəxli yoxdur və yalnız indeksləşməyə aid olan normadır. Həmin maddənin məzmunundan aşkar şəkildə görünür ki, bu norma əmək pensiyalarının indeksləşdirilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əgər qanunverici bu normanın həmin Qanunun 37.3.1-ci maddəsində göstərilən hallara da tətbiq edilməsini nəzərdə tutsaydı əz azı Qanunun 29.2ci maddəsinin mətnində 29.2-ci maddədən sonra 37.3.1-ci maddəni də əlavə edərdi. Göstərilən maddənin məqsədi «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsində nəzərdə tutulan yenidən hesablanmanın tənzimlənməsi və ikiqat indeksləşməyə yol verilməməsindən ibarət olmuşdur. Yəni, hərbi qulluqçuların pensiyalarının artırılması əmək haqqında olan artımlarla bağlı olduğundan və müvafiq artımların təkrar olaraq indeksləşmə yolu ilə aparılmaması məqsədilə qəbul edilmişdir. Hərbi qulluqçuların pensiyalarına artımların da ümumi qaydada salınması haqqında dəyişikliklər artıq qəbul edilmişdir. Qeyd edilənlərdən görünür ki, onun (iddiaçının) əmək pensiyasının «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı bu norma tətbiq edilməməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən həmin Qanunun 29.2-ci maddəsinin əsassız olaraq tətbiqi ilə əlaqədar azaldılmış məbləğinin müəyyən edilmiş pensiya məbləğinə əlavə edilməsi öhdəiyinin cavabdehə həvalə olunması xahiş edilir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin 1 aprel 2022-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının müvafiq azaldılma aparılmadan yenidən hesablanması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir.

3. Cavabdehin etirazı:

Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya qarşı yazılı etirazında (21 fevral 2023-cü il tarixli məktubunda) bildirilir ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən 1 aprel 2022-ci il tarixdən onun fərdi sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 769,90 manatdan 1.150,37 manata artırılmışdır. Lakin iddiaçı bununla razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsfiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən qərarın 5.3-cü bəndinin tətbiq ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalın tələblərinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarında isə yenidən yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Göstərilənlərə əsasən iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət edilən tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli Sərəncamına əsasən 76,99 manat məbləğində maddi yardım da ödənilir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün istər faktiki, istərsə də hüquqi əsaslar mövcud deyildir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etiraza əlavəsində (15 may 2023-cü il tarixli məktubunda) bildirilir ki, İddiaçı 25 sentyabr 1998-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 769,90 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi – 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi – 526,60 manat. İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlətdiyi müddətdə fərdi hesabının sığorta hissəsində 82.543,14 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən 1 aprel 2022-ci il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq, 769,90 manatdan 1.150,37 manat artırılmışdır. Lakin iddiaçı bununla razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 82.543,14 manat pensiya kapitalı «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 91 aya bölünərək (82.543,14 : 91 = 907,07 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 1.150,37 (907,07+243,30) manat müəyyən edilmişdir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 mart 2022-ci il tarixli Sərəncamına əsasən 76,99 manat məbləğində maddi yardım ödənilir. Yuxarıda qeyd olunanlardan başqa, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsfiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən qərarın 5.3-cü bəndinin tətbiq ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalın tələblərinə görə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Kontitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müəyyən edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Göstərilənlərdən aydın görünür ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi tarixdən toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilənləri, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarını, məhkəmə tərəfindən iddia tələbinin təmin edildiyini nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi xahiş olunur.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.

5. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla əsaslandırmışdır.

7. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

10. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

11. İnzibati Prosessual qanunvericiliyin tələbinə (İPM-in 87.7-ci maddəsi) görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

12. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

13. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3-cü maddəsinə görə hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 29.1-ci maddəsinin 12 iyul 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.2-ci maddəsinin 01 yanvar 2019-cu il tarixədək qüvvədə olan (Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1362-VQD №-li Qanunu ilə) tələblərinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.2-ci maddəsinin 01 yanvar 2023-cü tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 45-ci maddəsinin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

18. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

19. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq atajına görə əlavənin yenidən hesablanması Qaydası» 1.1-ci bəndinə görə bu Qayda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1- ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.

20. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı (Fərman 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir) ilə «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq atajına görə əlavənin yenidən hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ləğv edilmişdir. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.

22. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

23. Hazırkı iş üzrə İddiaçı iddiasında cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını və onun əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı həcmində artırılmaqla, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla yenidən hesablanmasını tələb edir.

24. Məhkəmə ilk növbədə iddia tələbinin birinci hissəsinə, yəni əmək pensiyasının yenidən hesablanması haqqında 27 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsinə münasibət bildirir.

25. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir.

26. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

27. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 27 aprel 2022-ci il tarixli **********2 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarların qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının məbləğinin artırılmamaqla hesablanması barədə 27 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 27 aprel 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır.

28. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur.

29. Bundan başqa, məhkəmə sözügedən 27 aprel 2022-ci il tarixli qərarın qəbulunda qanunvericiliyin digər müddəalarının pozulmasına da diqqəti çəkir.

30. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən «Əmək pensiyaları haqqında» Qanunun müddəalarında əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydası təsbit olunmuşdur, Həmin qaydalarda yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasının davam etdirilməsi, eləcə də pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə onun əmək pensiyasının müvafiq qaydada yenidən hesablanması nəzərdə tutulur.

31. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsində isə, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən hərbi qulluqçuların) əmək pensiyasının sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulsa da, bu, həmin şəxslərin əmək pensiyasının sığorta hissəsinin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldığı və ya yenidən hesablandığı hallara şamil olunur.

32. Məhkəmə xüsusilə vurğulayır ki, «Əmək pensiyaları haqqında» Qanunun 29-cu maddəsi “əmək pensiyalarının indeksləşdirilməsi” barədədir və həmin Qanunun 29.2-ci maddəsi 1 yanvar 2023-cü il tarixdən qüvvədən düşmüşdür.

33. Bundan başqa qeyd olunmalıdır ki, 25 iyun 2018-ci il tarixdə qəbul edilmiş və 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavənin yenidən hesablanması Qaydası»nda 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması müəyyən edilmişdir.

34. Nəzərə alınmalıdır ki, hazırkı İddiaçı əmək pensiyası 1998-ci ildə, yəni 1 iyul 2017-ci il tarixdən əvvəlki dövrdə təyin edildiyindən, «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2019 cu il tarixdən əvvəlki dövrdə qüvvədə olan redaksiyada – “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır” tələbləri onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına münasibətdə tətbiq edilə bilməz.

35. Eləcə də, iddiaçının müraciəti üzrə əmək pensiyasının yenidən hesablanmasına dair icraat onun işləmiş olduğu vəzifə üzrə əmək haqqının artırılması və ya əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi halları ilə bağlı olmamışdır.

36. Belə olan halda, məhkəmənin qənaətinə görə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1 və 45-ci maddələrinə müvafiq şəkildə onun pensiyasının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla onun əmək pensiyasının artırılmaqla, lakin Qanunun 29.2-ci maddəsi tətbiq edilmədən, yəni əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasına imkan verir. Bununla da, cavabdehin 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarının maddi hüquq normaları pozulmaqla qəbul olunduğu isbat olunur.

37. Digər tərəfdən, cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasını mübahisələndirilən 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarda göstərilən qaydada hesablayarkən istinad etdiyi (qərarın özündə deyil, iddiaya qarşı yazılı etirazda istinad etdiyi) «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsi “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

38. Məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 29.2-ci maddəsinin ləğv olunmasının hazırkı İddiaçı münasibətdə onun hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq yaşa görə pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən onun təyin edilmiş əmək pensiyasının qulluq stajına görə əlavənin məbləğinin azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ var.

39. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarı qanuna zidd və İddiaçı sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli və cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası pensiya təyin olunduqdan sonrakı dövdə fərdi hesabının sığorta hissəsi qeydə alınmış pensiya kapitalı artırılaraq, lakin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artım qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

40. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında 27 aprel 2022-ci il tarixli **********2 nömrəli qərarı ləğv edilməli və İddiaçı əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavə azaldılma aparmadan əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

43. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin imtinasını və şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

46. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar