Məhkəmə qərarları › İş №2-1(103)-1565/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1565/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə (Üçüncü şəxs və X7 üçüncü şəxs qismində cəlb edilmklə) qarşı iş üzrə (Açar sözlər: qanunsuz müdaxilənin qadağan edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə (Üçüncü şəxs və X7 üçüncü şəxs qismində cəlb edilmklə) qarşı “qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında hamam və tualetin tikilməsinə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 (on min) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1962-ci ildən X8 və iddiaçının atası Səlimzadə Mövsüm Mövsüm oğlu Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yaşamışlar. 1993-cü ildə Əbdülqasım Səlimov və iddiaçının atası Səlimzadə Mövsüm Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yerləşən evlərin özəlləşdirilməsini xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin ## #### 1993-cü il tarixli ***/** nömrəli sərəncamı ilə evlər özəlləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ünvan 2 ünvanı iddiaçı X9 ilə cavabdeh Səlimzadə Mövsüm Mövsüm oğlu arasında istifadə qaydalarının müəyyən edilməsi formasında, hər birinə yeni ünvan verilməsi ilə bölünmüşdür. Tərəflər arasında bölündükdən sonra 2008-ci ildə iddiaçının atası Səlimzadə Mövsüm Mövsüm oğlu 0,0252 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 86.6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 65,9 köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 1/2 hissə, Üçüncü şəxs, İddiaçı 1/2 hissədən qalan hissə, X7 1/2 hissədən k/s 16,4 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı, atası Səlimov Mövsüm və qızı ilə birlikdə ünvan 4 ünvanında yaşayırlar. Fərdi yaşayış evi, orada yerləşən hamam-tualet 1950ci illərdən tikildiyindən demək olar ki, uçulub-dağılır. 2006-cı ildə X8 ilə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə qəbul edildikdən və ünvanlar ayrıldıqdan sonra iddiaçı digər ünvanda qalmış və onlar tərəfindən uçurdulmuşdur. Ötən il hamam və tualet tikmək istədikdə Yasamal RİH-dən gəlib dağıdılmışdır. Onların qanunsuz hərəkətlərinə görə bərpa etməyə çalışdığı tikili üçün iddiaçı 2000 manat ziyana düşmüşdür. Ona bildirilmişdir ki, yalnız Yasamal RİH müvafiq razılığını aldıqdan sonra təmir işlərini apara bilər. İddiaçı 2021-ci ilin avqust ayında Yasamal RİH-yə yazıb hamam-tualetin bərpa edilməsiniə icazə verilməsini xahiş etmişdir. Bu dəfə isə ona Yasamal RİH-dən ## ####### 2021-ci il tarixdə *-**-*** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, payçıların yalnız notarial qaydada verdikləri razılıq ərizələri və aparacaqları yenidənqurma işlərinin eskiz layihəsi təqdim edildikdən sonra müraciətə baxıla bilər.

3. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs və X7 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən həmin qərardadda qeyd olunan məsələlər üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Üçüncü şəxs və X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. Bakı şəhər Yasamal RİH başçısının ##.##.1993-cü il tarixli, ***/** nömrəli sərəncamından görünür ki, Novaya küçəsi ** nömrəli evin 62,2 kv.m yaşayış sahəsi və 49,5 kv.m köməkçi sahəsinin X4, 24,4 kv.m yaşayış sahəsi və 16,4 kv.m köməkçi sahəsinin Səlimzadə Mövsümün adına mülkiləşdirilməsi qərara alınmışdır.

12. MH seriyalı ******* nömrəli, ##.##.2008-ci qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yasamal rayonu, Novaya küçəsində istifadədə olan 0,0252 ha torpaq sahəsində yerləşən 2 ədəd birmərtəbəli, 6 otaqlı, 86,6 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 65,9 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X5 1/2 hissə, Üçüncü şəxs, İddiaçı 1/2 hissədən qalan hissə, X7 1/2 hissədən k/s 16,4 kv.m olmaqla adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. MA seriyalı, ******* nömrəli, ##.##.2010-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X10 xüsusi mülkiyyətində olmuşdur.

14. ##.##.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, ##.##.2013-cü ildə vəfat etmiş X10 vərəsələri oğlu X1, qızları X12 və X14r. Miras əmlak ##.##.2010-cu il qeydiyyat tarixli çıxarışa əsasən Yasamal rayonu, Novaya küçəsi 10 ünvanında yerləşən, ümumi sahəsi 392,74 kv.m olan 13 otaqlı fərdi yaşayış evindən ibarətdir.

15. RX seriyalı, ******* nömrəli, ##.##.2014-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi hər birinə 1/3 hissə olmaqla X14, X1 və X13 paylı mülkiyyətindədir.

16. Cavabdehin ##.##.2024-cü il tarixli məktubuna əlavə olunmuş məktubdan görünür ki, iddiaçı ##.##.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, evin təmir işlərinin həyata keçirilməsi, hamam-tualet düzəltməsinə icazə verilməsini xahiş etmişdir.

17. Cavabdeh imtinasında bildirmişdir ki, təqdim edilmiş sənədlərdən əlavə yaşadığı ünvandakı fərdi yaşayış evi paylı mülkiyyət olduğundan payçıların notarial qaydada təsdiq olunmuş razılıq ərizələri və aparacağı yenidənqurma işlərinin eskiz layihəsi təqdim edildikdən sonra müraciətinə baxılacaqdır.

18. İddiaçı X6 cavabdeh Səlimzadə Mövsüm Mövsüm oğluna qarşı həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi, ayrıca ünvanın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Novaya küçəsi, ** saylı evin yerləşdiyi həyətyanı sahəsindən çəkilmiş «A» tikilisi və «B» tikilisini ayıran hasara uyğun tərəflər arasında istifadə qaydası müəyyən edilmiş, Bakı şəhəri, Novaya küçəsi, ** saylı evin X6 və Səlimzadə Mövsüm Mövsüm oğluna məxsus hissələrinə ayrıca ünvan verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməsi qət edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, **/**** №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Tədqiqatın nəticəsi: Qərardadın birinci sualı üzrə: ünvan 3 ünvanında məhkəmə aktı əsasında istifadə qaydaları müəyyən edildikdən sonra əvvəl mövcud olan sanitar qovşağı iddiaçının istifadə etdiyi sahədə müəyyən edilmir. Qərardadın ikinci sualı üzrə: ünvan 1 ünvanında iddiaçı tərəfindən yeni sanitar qovşağının tikilməsi digər şəxslərin istifadə qaydalarına hər hansı maneəçilik törədilib-törədilməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

24. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək ona məxsus həyətyanı torpaq sahəsində yardımçı tikili (hamam və sanitar qovşaq) inşa edilməsinə razılıq verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, daşınmaz əmlak paylı mülkiyyətdə olduğundan digər pay sahiblərinin razılığı olmadan tikintiyə icazə verilə bilməz. Bununla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli əmlak üzrə paylar naturada ayrılmış, habelə istifadə qaydası müəyyən edilmişdir. Tikinti də məhz onun istifadəsinə verilmiş hissədə nəzərdə tutulduğundan cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən müəyyən edilir ki, tərəflərə məxsus həyətyanı torpaq sahəsində paylar naturada bölünmüş, hər bir pay sahibinin istifadəsində olan konkret hissələr müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən paylı mülkiyyət iştirakçısının payı naturada ayrıldıqdan və istifadəsində olan hissə müəyyən edildikdən sonra həmin hissə üzərində sahiblik və istifadə hüquqları müstəqil qaydada həyata keçirilir. Bundan başqa, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa əsasən inzibati orqan iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmağa borcludur. Məhkəmə kollegiyası müəyyən edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxarkən payların naturada bölünməsinə dair (istifadə qaydasının müəyyən edilməsi, ayrıca ünvanın verilməsi tələbinə dair) qüvvədə olan məhkəmə aktını nəzərə almamış, yalnız əmlakın formal olaraq paylı mülkiyyətdə olmasına istinad etməklə imtina qərarı qəbul etmişdir. Belə yanaşma işin faktiki hallarına uyğun olmamaqla yanaşı, inzibati icraatın araşdırma və qanunçuluq prinsiplərinin tələblərinə də ziddir. Cavabdehin diskresion səlahiyyəti mövcud olsa da, həmin səlahiyyət faktiki və hüquqi halların düzgün qiymətləndirilməsi əsasında həyata keçirilməlidir. Yanlış hüquqi və faktiki əsaslarla qəbul edilmiş inzibati akt qanuni hesab oluna bilməz.

26. Məhkəmə kollegiyası işin hallarını qiymətləndirərkən cavabdehin imtina etdiyi tikilinin xarakterini və təyinatını ayrıca nəzərə almağı zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən inşasına razılıq verilməsi xahiş olunan tikili yaşayış evinin tərkib hissəsi olan yardımçı məişət tikilisi – hamam və sanitar qovşaqdan ibarətdir. Belə tikililər öz mahiyyətinə görə əlavə rahatlıq və ya kommersiya məqsədi daşımayan, insanın elementar gigiyenik, sanitariya və məişət ehtiyaclarının ödənilməsinə xidmət edən, yaşayış yerindən normal və təhlükəsiz istifadə üçün obyektiv zəruri olan tikililərdir. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış hüququ yalnız şəxsin fiziki olaraq yaşayış evinə malik olması ilə məhdudlaşmır. Bu hüququn real məzmunu həmin yaşayış yerindən insan ləyaqətinə uyğun, sanitariya və gigiyena tələblərinə cavab verən şəraitdə istifadə imkanını da ehtiva edir. Hamam və sanitar qovşağın mövcudluğu müasir yaşayış şəraitinin ayrılmaz elementi olmaqla, insanın təbii fizioloji və gündəlik məişət ehtiyaclarının təmin edilməsinə xidmət edir. Bu baxımdan iddiaçının müraciəti əlavə tikinti və ya əmlakın genişləndirilməsi məqsədi daşımayıb, onun istifadəsinə ayrılmış daşınmaz əmlakdan təyinatı üzrə, tam və səmərəli istifadə imkanının təmin olunmasına yönəlmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsində paylar naturada ayrılmış (istifadə qaydaları müəyyən edilmiş), tərəflərin hər birinin faktiki istifadəsində olan hissələr müəyyən edilmişdir. İddiaçı tərəfindən nəzərdə tutulan yardımçı tikili də məhz onun istifadəsinə verilmiş ayrıca hissədə inşa edilməlidir. Belə olan halda cavabdehin yalnız daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərdə formal olaraq paylı mülkiyyət kimi qeyd edilməsinə istinad etməklə imtina etməsi hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnzibati orqan faktiki hüquqi vəziyyəti, xüsusilə naturada bölgünü müəyyən edən məhkəmə aktını nəzərə almamış, iş üçün əhəmiyyətli halları tam araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqana verilmiş diskresion səlahiyyət şəxsin konstitusion hüquqlarını formal əsaslarla məhdudlaşdırmaq səlahiyyəti kimi qiymətləndirilə bilməz. Diskresion səlahiyyət hər bir konkret iş üzrə faktiki halların obyektiv araşdırılması, maraqlar balansının qorunması və mütənasiblik prinsipinə riayət olunması ilə həyata keçirilməlidir. Mübahisəli halda iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsində insanın təbii gigiyenik və sanitariya ehtiyaclarının ödənilməsinə xidmət edən yardımçı tikilinin inşasına yalnız “paylı mülkiyyət” əsası ilə qadağa qoyulması iddiaçının mülkiyyətdən sərbəst istifadə hüququna həddən artıq və qeyri-mütənasib müdaxilə təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş materiallarda nəzərdə tutulan tikilinin digər pay sahiblərinin hüquqlarına, onların istifadəsində olan hissəyə, təhlükəsizlik qaydalarına, sanitariya normalarına və ya şəhərsalma tələblərinə real təhlükə yaratması barədə hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Belə şəraitdə məhkəmə kollegiyası nəticəyə gəlir ki, iddiaçının hamam və sanitar qovşağın inşasına dair müraciəti insanın təbii yaşayış və məişət ehtiyaclarından irəli gələn obyektiv zərurətə əsaslanmışdır, cavabdehin imtinası isə formal mülahizələrə söykəndiyindən qanunilik, əsaslılıq və mütənasiblik meyarlarına cavab vermir.

27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Mülki Məcəllənin 152.1, 213.1–213.5, 220, 221-ci maddələrini nəzərə alaraq qeyd edir ki, iddiaçı payına münasibətdə mülkiyyət hüququnun “istifadə” elementini müstəqil həyata keçirmək səlahiyyətinə malikdir. Bundan başqa, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 24ci maddəsinə (işin hallarının araşdırılması prinsipi) əsasən inzibati orqan iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, obyektiv və hərtərəfli araşdırmağa borcludur. Həmin Qanunun 17-ci maddəsinə uyğun olaraq inzibati orqan diskresion səlahiyyətlərini qanunun məqsədinə, şəxsin hüquq və qanuni maraqlarına, habelə mütənasiblik prinsipinə uyğun həyata keçirməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, şikayət qismən əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsi maddi-prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

31. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanında hamam və sanitar qovşağının inşa olunmasına mane olmaqdan çəkinmə öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında hamam və sanitar qovşağının inşa olunmasına mane olmaqdan çəkinmə öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar