Məhkəmə qərarları › İş №2-1(103)-1566/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1566/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1566/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Əliyeva Səminə Elşad qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X4 və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 7 saylı xx.xx.2021-ci il tarixli müqavilə, ona 1 №-li əlavə və təhvil-təslim aktından görünür ki, cəmi 67549,7 manat dəyərində mal İddiaçı TTQ MMC-yə satılmışdır.

2. İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 01/M saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, 2021-ci il cari Mənfəət vergisi Bəyannaməsi vaxtında – yəni 31.0.3.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron qaydada təqdim edilmişdir. 13 may 2022-ci ildə Bakı şəhəri LGB İtərə findən kamerial uyğunsuzluq haqqında məlumat daxil olmuş, yoxlanlıldıqdan sonra xx.xx.2022- ci il tarixində dəqiqləşmiş bəyannamə təqdim edilib. xx.xx.2022- ci il tarixində **********65500 saylı qərar qəbul edilmişdir. Qərarla razılaşmayaraq xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə bəzi dəqiqləşdırmələr apararaq yenidən dəqiqləşdirilmiş Bəyannamə təqdim etmişdir. Şəxsi vərəqdə düzəliş edilmişdir. Mübahisəli məsələlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin rəisi E.Namazlıya müraciət etmişdir. Lakin heç bir cavab alınmamışdır. xx.xx.2022-ci ildə **********263800 saylı Qərara əsasən hesabdan 14381.20 manat, ona hesablanmış faiz və 2021-ci il üçün hesablanmış mənfəət vergisinə - yəni 14281.2 manata 1-ci, 2-ci və 3-cü rüblərə cari vergi ödəmələri (hər rübə müvafiq olaraq 3595.30 manat) hesablanmışdır.

3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********065500 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən (bəyənnamə və hesabat dövrü: Mənfəət vergisi, 2021-ci il) İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinə 14381,20 manat əlavə vergi (və ya sığorta haqqı məbləği) hesablanmışdır (2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 67549,7 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda 2021-ci il ərzində elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2021-ci il üzrə təqdim edüən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 252850,25 manat xərc məbləği qeyd edilmiş, ilin əvvəlinə və sonuna mal qalığı nəzərə alınmış və nəticədə 71906,0 manat kənarlaşma aşkar edilmişdir). Bu qərar cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən ləğv edilmişdir.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən (bəyənnamə və hesabat dövrü: Mənfəət vergisi, 2021-ci il) İddiaçı Tikinti Təmir Quraşdırma Məhdud Məsuliyyətli Cəmiyyətinə 14381,20 manat vergi (və ya sığorta haqqı məbləği) borcu müəyyən edilmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi “Riskli vergi ödəyiciləri barədə məlumat”a dair çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********975500 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********975500 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********667300 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən xx.xx.2022-ci il tarixli **********975500 nömrəli qərarla riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Tikinti Təmir Quraşdırma MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********065500 saylı qərarına əsasən şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC təsis edilmiş və Cəmiyyətin nizamnaməsi xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Eyni zamanda "xxxx" MMC aidiyyəti orqanında əlavə vergi dəyər vergisinin ödəyicisidir. İddiaçı "xxxx" MMC fəaliyyət göstərdiyi dövr ərzində vergi və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə dönmədən əməl edir, həmin ödənişləri vaxtlı-vaxtında ödəyir. "xxxx" MMC-nin fəaliyyətə başladığı dövrdən xx.xx.2022-ci il tarixədək, yəni mənfəət vergisi üzrə tətbiq edilmiş kamerial vergi tətbiq edilənədək vergi borcu olmamışdır. Əksinə 1.31 (bir manat 31 qəpik) manat artıq ödəməməsi olmuşdur. Buna baxmayaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə X3 kamerial vergi yoxlaması qaydasında 2021-ci il üçün 14381,20 (on dörd min üç yüz səksən bir manat 20 qəpik) manat əlavə vergi hesablamış, ona əsasən Vergi Məcəlləsinin 151.1-ci maddəsini əsas tutaraq 1-ci və 2ci rüb 2022-ci il hər rüb üzrə 3595.35 (üç min beş yüz doxsan beş manat 30 qəpik) manat cari vergi hesablamışdır. Nəticədə həmin vergilərə 1650.02 manat cərimə hesablanıb. Kamerial hesablamaya əsas kimi "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2022-ci ildə 07 saylı alqı satqı müqaviləsinə əsasən xx.xx.2021- ci il tarixdə EBBN 939334 saylı elektron qaimə əsasında almış olduğu 67549.70 (altmış yeddi min beş yüz qırx doqquz manat 70 qəpik) manat məbləğində malların əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi göstərilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat dedikdə başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar başa düşülür. Yəni əmtəəsiz əməliyyatlar zamanı faktiki heç bir mal və ya xidmət təqdim edilmir, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə mənfəət əldə olunur. "xxxx" MMC 2021-ci il X3 dəqiqləşmə verilmiş, bəzi uyğunsuzluqlar aradan qaldırılmış və bu barədə aidiyyəti üzrə məktub göndərilmişdir. Həmin məktuba əlavə olaraq "xxxx" MMC ilə bağlanmış müqavilənin, razılaşma protokolunun və bank köçürmələrinin nüxsəsi göndərilmişdir. Amma hələ də həmin məbləğ Bank hesabında dondurulmuşdur. Şəxsi vərəqdə isə borc olaraq qeyd edilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə görə kamerial vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında olan digər sənədlər əsasında keçirilir. Sözügedən Məcəllənin 37.2-ci maddəsinə əsasən kamerial vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim etdiyi gündən 30 gün müddətində keçirilir. Lakin daxil olmuş məktuba xx.xx.2022-ci il tarixdə əsaslandırılmış cavab verilsə də və 30 gün müddət keçsə də hələ ki, düzəliş edilməyib. Nəticədə şəxsi vərəqədə vergilər üzrə cəmi — (20764.50 manat üstəgəl hesablanmış cərimə 1650.02 manat) 22414.52 (iyirmi iki min dörd yüz on dörd manat 52 qəpik) manat borc göstərilir.

10. Məhkəmənin 2-1(112)-5046/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

11. İddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Kameral hesablamaya əsasən "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2021-ci il tarixli 07 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə EBBN 939334 saylı EQ əsasında alınmış 67549,70 (altmış yeddi min beş yüz qırx doqquz manat yetmiş qəpik) manat məbləğində malların əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi göstərilmişdir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi kimi qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmənin 2-1(112)-650/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********263800 saylı xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 (on üç min beş yüz doqquz manat doxsan dörd qəpik) manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

13. Cavabdeh iddianın mümkün sayılmaması barədə yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə təqdim olunmuş iddia ərizəsindən göründüyü kimi iddia tələbi xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar əsasında şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılması ilə bağlıdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərardır və həmin qərar da ləğv olunduğuna görə artıq mövcud deyil. Belə ki, İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022- ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə görə kameral yoxlamanın nəticəsi üzrə yeni qərar qəbul edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə qaytarılmasını tələb etdiyi məbləğ də kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş və hal-hazırda qüvvədə olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar əsaşında hesablanmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il X3 kameral vergi yoxlaması qaydasında 2021-ci il üçün 14381,20 manat əlavə vergi hesablamışdır. Göründüyü kimi iddiaçı şəxsi hesab vərəqəsinə qaytarılmasını tələb etdiyi borc məbləğinin də kameral vergi yoxlaması əsasında hesablandığını özü də təsdiq edir. İddia ərizəsinin əvvəlində iddianın silinmiş məbləğin geri qaytarılması tələbinə dair olduğu qeyd olunsa da, tələb hissəsində cavabdehin xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərarı əsasında şəxsi hesab vərəqəsindən silinmiş məbləğin geri qaytarılması tələb olunur. Hazırkı mübahisə üzrə silinməsi tələb olunan məbləğ inzibati akt hesab olunan qərar əsasında yarandığına görə iddiaçı iddia növünə münasibətdə öhdəliyin icrası ilə deyil, mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməlidir. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarla iddiaçının şəxsi hesab vərəqəsindən hər hansı məbləğ silinmir, əksinə keçirilmiş yoxlamanın nəticəsinə uyğun olaraq əlavə vergi məbləği hesablanır. Qərarın qüvvədə olduğu dövrdə də qərarla hesablanmış əlavə vergi məbləği üzrə vergi ödəyicisinin vergi öhdəliyi yaranır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

14. Cavabdeh iddianın mümkün sayılmaması barədə yazılı vəsatətə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədəni, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçüm vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olam məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı TTQ MMC tərəfindən 2021-ci il ərzində "Akon Constructıon” MMC (VÖEN **********) ilə aparılmış 67549,7 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Bu hal əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda, 2021-ci il ərzində elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində 252850,25 manat xərc məbləği qeyd edilmiş, ilin əvvəlinə və sonuna mal qalığı nəzərə alınmış və nəticədə 71906,0 manat kənarlaşma aşkar edilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********045200 nömrəli məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar qəbul edilmişdir. İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyinə görə kameral yoxlamanın nəticəsi üzrə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar qəbul edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci iİ tarixli **********263800 nömrəli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci İİ tarixdə saat 12:28:33-də elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə saat 13:49:21-də oxunduğuna görə həmin tarixdən də vergi ödəyicisinə təqdim olunmuş sayılır. İnzibati Prosessual Məcəllənin 38.1- ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün təcrübə tikinti işləri olduğu müəyyən edilmişdir. Vergi orqanında aparılan araşdırma zamanı İddiaçı TTQ MMC tərəfindən 2021-ci il ərzində "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış 67549,7 manat məbləğində (elektron qaimə faktura-seriya EBBN nömrəsi 939334) qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar (əmtəəsiz) edilmişdir. Belə ki, 2021-ci il ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə faktura ilə 210303,47 manat dəyərində mal, iş, xidmətlər əldə edilmiş (67549,7 manat əmtəəsiz əməliyyat), 2017-ci il üzrə təqdim edilən mənfəət vergisinin bəyannaməsinin xərclər hissəsində 252236,1 manat xərc məbləği qeyd edilmiş (221.3 xammal və materiallar 246089,48, yanacaq xərcləri 2989,62, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 1882,35, sığorta üzrə xərclər 1274,65), ilin əvvəlinə 59251,82 manat və sonuna 13929,60 manat mal qalığı nəzərə alınmış və sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin manat olduğu müəyyən edilmiş, yəni xərc təsdiqini tapmamış, uyğunsuzluğ mal qalığını azaltmaqla qismən itirilmiş, lakin malın hərəkət cədvəli və digər təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********065500 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. İddiaçı TTQ MMC tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, araşdırma üçün zəruri olan sənədlərin və yaxud dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təkrarən tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən məktubda göstərilən müddətdə yaranmış kənarlaşma ilə bağlı müvafiq izahat, zəruri sənədlər və dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsi təqdim edilmədiyi üçün 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 14381,20 manat əlavə vergi məbləği yenidən bərpa edilmişdir. Dəqiqləşdirilmiş bəyannamə əsasında keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərar qəbul edilmişdir. Qərar tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci iİ tarixdə saat 12:28:33-də elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə saat 13:49:21-də oxunduğuna görə həmin tarixdən-də vergi ödəyicisinə təqdim olunmuş sayılır. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan əlavə, iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanları tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, xəbərdarlıqların, bildirişlərin və digər sənədlərin) elektron şəkildə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi müqavilə ilə vergi ödəyicisi ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədlərin ona təqdim edilmiş sayılması və həmin sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq onun birbaşa vəzifəsi olduğu ilə razılaşmışdır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla əlaqdar cavabdeh tərəfindən “İddianın mümkün sayılmaması barədə” vəsatət (sübutlar əlavə edilməklə) xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Vergi Məcəlləsinin: 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə/nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********263800 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli qərar 13509,94 manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır.

17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

20. Məhkəmədə iddiaçının qanuni təmsilçisi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə X1 üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. xx.xx.2024-cü ildən sonra verilən yeni redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. xx.xx.2024-cü ildən əvvəl verilən redaksiya 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

29. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qismən – 13509,94 manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsini tələb edir.

30. Cavabdeh orqan isə vergi ödəyicisinin riskli vergi ödəyici hesab edilən təşkilatlarla əməliyyat apardığına istinad edərək, həmin təşkilatlar ilə aparılan əməliyyatlar üzrə əmələ gəlmiş xərcləri qəbul etməkdən imtina edir.

31. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.

32. Belə ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmişdir.

33. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı MMC-nin fəaliyyətinin araşdırılması zamanı riskli vergi ödəyicisi siyahısında olan vergi ödəyiciləri "xxxx" MMC-dən 67.549,7 manat və "xxxx" MMC-dən isə 5.805,6 manat olmaqla, ümumillikdə 73.355,3 manat dəyərində riskli qaimələr əldə etdiyi aşkar edilmişdir.

34. Belə ki, iş materiallarından göründüyü kimi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022-ci il tarixli Qərara əsasən İddiaçı Tikinti Təmir Quraşdırma MMC-yə 14381,20 manat vergi məbləği hesablanmışdır. Vergi borcunun 2021-ci il ərzində elektron qaimə faktura ilə 67549,7 manatı əmtəəsiz əməliyyat olmaqla, ümumilikdə 71906,0 manat kənarlaşma aşkar edilmişdir.

35. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh qurum iddiaçı ilə "xxxx" MMC arasında aparılmış 67549,7 manat dəyərində əməliyyatı əmtəəəsiz əməliyyat hesab etdiyindən iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməni xərc sənədi kimi nəzərə almamış və 13509,94 manat vergi borcu hesablanmışdır. Halbuki, iddiaçı həmin müəssisə ilə əməliyyat apararkən həmin müəssisə riskli əməliyyat hesab edilən müəssisələrin siyasına daxil edilməmişdir.

36. Kollegiya qeyd edir ki, iddiaçının apardıqları əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”n xx.xx.2024-cü ildən öncə verilmiş redaksiyasında Meyarların 2 və 3-cü bəndlərin təsiri altına düşmür.

37. Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

38. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********263800 saylı xx.xx.2022ci il tarixli qərarın 13509,94 manat vergi borcunun müəyyən edilməsi hissəsində ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-650/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar