Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1567/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh DSMF-nin publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə, iddiaçının vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1.94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-cı ildən əvvəl pensiyaçıdır. Onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəaliyyəti 02.07.2018-ci il tarixədək nəzərə alınmamışdır. Belə ki, həmin dövrlərdə Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləmiş, lakin əmək kitabçasını azərbaycanlıların öz ata-baba yurdlarından, torpaqlarından, Azərbaycan Respublikasının tərkibinə aid olduğu tarixi qeydlərlə təsdiq olunan yerlərdən əsassız və qanunsuz olaraq, beynəlxalq hüququn prinsip və qanunlara zidd məcburi çıxarılması zamanı, iddiaçı əmək kitabçasını özü ilə birlikdə gətirə bilməmiş və iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyətini yalnız 2018-ci ildə məhkəməyə müraciət edərək faktın tanınması ilə tanıtdıra bilmişdir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə onun 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)- 4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)- 1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-5307/2018 saylı 11.10.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən icra edilsə də, pensiyanın yenidən hesablanması 02.07.2018-ci il tarixdən tətbiq edilmiş və ödənilmişdir. Halbuki, pensiyanın yenidən hesablanması 01.01.2006-cı il tarixdən etibarən tətbiq edilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1308/2020 saylı 22 iyul 2020ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 21(103)-573/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-454/2021 saylı 02 mart 2021ci tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək,Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının “pensiyanın yenidən hesablanması” barədə 02.07.2018-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuş ərizəsi nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5307/2018 saylı 11.10.2018-ci il tarixli qətnaməsinə əsasən onun pensiya məbləği 02.07.2018-ci ildən 222.16 manat, 01.01.2019-cu ildən isə 228.82 manat hesablanaraq ödənilmişdir. Hazırki iddia isə əsassız olduğu üçün rədd edilməlidir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən sonra iddiaçıya yaranmış fərqin 2019-cu ilin avqust ayından ödənildiyinin sistemdən göründüyünü bildirdi və bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (oğlu) Nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF-nin publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı qarşı tələbi “onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1.94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 2006-cı ildən əvvəl pensiyaçı olmasına, buna görə də, 39 il iş stajı üzrə fərq məbləğinin də məhz 01.01.2006cı ildən hesablanmalı və ona ödənilməli olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğunu aydınlaşdırmadan, iddia tələbinin hüquqi əsası kimi hüquq normasına düzgün istinad edib-etmədiyini araşdırmadan qoyulmuş tələbə mahiyyəti üzrə baxaraq onu təmin etmiş və bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırdıqdan sonra iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım etmək imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-454/2021 saylı 02.03.2021-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi norma da daxil olmaqla “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin müddəaları 2006-cı il 1 yanvar tarixdən sonra təyin edilən əmək pensiyalarına münasibətdə tətbiq edilir. İddiaçıya əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən əvvəl təyin edildiyi nəzərə alındıqda, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının, istər inzibati orqana, istərsə də məhkəməyə müraciəti zamanı öz tələbinin hüquqi əsası kimi hüquq normasına yanlış istinad etməsi iddianın mümkünsüzlüyünün əsası kimi çıxış etməli deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Odur ki, məhkəmə kollegiyası iş üzrə kassasiya instansiya məhkəməsinin sözügedən qərarında göstərilənləri, həmçinin iddiaçıya əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən əvvəl təyin edildiyini, buna görə də mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 26cı maddəsinin müddəalarının tətbiq olunmalı olduğu halda, iddiaçının mübahisəyə həmin Qanunun 27-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı iddia qaldırdığını, işə də həmin tələb üzrə baxılıb qərar qəbul edildiyini, hazırki apellyasiya baxışında iddiaçının hüquqi marağının nədən ibarət olduğu aydınlaşdırılsa da, tələbin bu yöndə dəqiqləşdirilməsi ilə bağlı ərizə alınsa belə, həmin tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərarın qəbul edilmədiyini nəzərə alaraq hesab edir ki, bu qərarda qoyulan hüquqi mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsi iddiaçıya tələbini (tələbinin hüquqi əsası ilə bağlı) dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardımı göstərdikdən sonra müvafiq dəqiqləşdirmə ərizəsini alıb, işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edə bilər. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərarı prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı 25 noyabr 2019cu il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1567/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1567/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver