Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1567/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9288/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyim fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamı ilə Bakı avtomobil zavodunun 02.09.1998-ci il tarixli, 174 nömrəli məktubu nəzərə alınaraq Xətai rayonunun Cavanşir küçəsindəki 2958- 2970-ci məhəllərində Bakı şəhər ZDS İcraiyyə Komitəsinin 09.08.1977ci il tarixli 3/48 saylı qərarı ilə avtomobil zavodunun genişləndirilməsi üçün ayrılmış ərazinin istifadəsiz qalmış 1,5 ha torpaq sahəsində fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamda fərdi yaşayış evlərinin sənədləşdirilməsinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada aparılması tapşırılmışdır. Xətai rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 29.06.2004-cü il tarixli 127 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamına istinad edilərək Bakı Avtomobil Zavodunun işçiləri üçün fərdi yaşayış evləri tikintisinə ayrılmış 1,5 ha torpaq sahəsi zavod müdriyyəti ilə Həmkarlar Komitəsinin və mənzil-məişət komissiyasının birgə iclasının protokoluna əsasən növbədə duran zavod işçiləri arasında bölüşdürülmüş və həmin sərəncamla İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin ərazidə iddiaçı 2001-ci ildə fərdi yaşayış evi tikib və hazırda orada yaşayır. Xətai rayon İcra Hakimiyyətinin Başçısının 05.11.2010cu il tarixli 258 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Bakı şəhəri Xətai rayonu avtomobil zavodunun şimal-şərqində zavod işçiləri üçün ayrılmış ərazidə İddiaçı tərəfindən tikilmiş ümumi torpaq sahəsi 300 kv.m, yaşayış sahəsi 68,7 kv.m,köməkçi sahəsi 328 kv.m-dən ibarət fərdi yaşayış evinin istismara qəbul edilməsinə və hüquqi qeydiyyatdan keçirilməsi tapşırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2inz(82)-1155/2012 saylı qərarı ile Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 29.06.2004-cü ıl tarixli, 127 saylı sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" verilmiş və Dövlət Torpaq kadastr kitabında 12.06.2013-cü il tarixdə 34779 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 088400 nömrəli lisenziya ilə “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icaatı tətbiq olunan bina və qurğuların layihələndırilməsi"ni həyata keçirməyə icazəsi olan Xətai rayonu İcra Hakimiyyəti nəzdində Layihə-Smeta bürosu tərəfindən fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən torpaq sahəsi ilə bağlı 127 saylı 29.06.2004-cü il tarixli Xətai rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam təqdim edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2001-ci il yanvarın 1-dən etibarən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9288/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Bakı Avtomobil Xavodunun şimal-şərqində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.05.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi ilə bağlı 127 saylı 29.06.2004-cü il tarixli Xətai rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam təqdim edilmişdir. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2001-ci il yanvarın 1-dən etibarən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsinə əsasən Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyqun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul olunmuş 17 dekabr 2021 -ci il tarixli, 2- 1(112)-9288/2021 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə və iddiaya etiraza uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamı ilə Bakı avtomobil zavodunun 02.09.1998-ci il tarixli, 174 nömrəli məktubu nəzərə alınaraq Xətai rayonunun Cavanşir küçəsindəki 2958-2970-ci məhəllərində Bakı şəhər ZDS İcraiyyə Komitəsinin 09.08.1977ci il tarixli 3/48 saylı qərarı ilə avtomobil zavodunun genişləndirilməsi üçün ayrılmış ərazinin istifadəsiz qalmış 1,5 ha torpaq sahəsində fərdi yaşayış evlərinin layihələndirilməsi və tikintisinə icazə verilmiş, Xətai rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 29.06.2004-cü il tarixli 127 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamına istinad edilərək İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Xətai rayonu, Bakı Avtomobil Zavodunun şimal-şərqində tikdirdiyi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Xətai rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən ayrıldığından, onun torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdehin etirazının əsası və apellyasiya şikayətinin əsas dəlili Xətai rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 29.06.2004-cü il tarixli 127 saylı sərəncamının 2001-ci il yanvar 1-dən sonra qəbul edildiyi dayanır. Belə ki, cavabdeh qeyd edir ki, göstərilən kateqoriya torpaq sahələri bələdiyyələr tərəfindən torpaq hərracları və müsabiqələri vasitəsi ilə satıla bilər. Məhkəmə kollegiyası qeyd edilən apellyasiya şikayəti dəlilinə cavab olaraq bildirir ki, 29.06.2004-cü il tarixli 127 saylı sərəncamın əsasında torpaq sahəsini ayırmağa səlahiyyətli orqan kimi Bakı şəhər İcra Hakimiyyətinin 22 mart 1999-cu il tarixli 263 nömrəli, yəni 2001-ci il yanvar 1-dən əvvəl qəbul etdiyi sərəncamı dayanır. Həmin sərəncamdan da göründüyü kimi səlahiyyətli orqan torpaq sahələrinin ayrılması ilə bağlı sərəncam qəbul edərək istifadəsiz qalmış 1,5 ha torpaq sahəsinin fərdi yaşayış evlərinin tikintisi üçün aidiyyəti şəxslərə ayrılması üçün Xətai Rayon İcra Hakimiyyətinə göstəriş vermişdir. Sözügedən torpaq sahəsi həmin sərəncamın qəbul edildiyi 22 mart 1999-cu il tarixdə yox, 2001-ci il yanvar ayının 1-dən sonrakı tarixdə qəbul edilmişdir. Göründüyü kimi, Xətai rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 29.06.2004-cü il tarixli 127 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin 22 mart 1999-cu il tarixli 263 nömrəli sərəncamının bir neçə il sonra icra olunması iddiaçının iradəsindən asılı olmamışdır və bu səbəbdən iddiaçının mülkiyyət hüququnu pozmamalıdır. Həmçinin, iş materiallarında olan iddiaçının cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kəmalə Abiyeva) qərarından da görünür ki, 1999-cu il tarixli sərəncam əsasında bir çox zavod işçilərinə torpaq sahələrinin ayrılması Xətai Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilsə də, iddiaçı da daxil olmaqla bir sıra zavod işçilərinə isə torpağın ayrılması barədə sənəd təqdim edilməmişdir. Yalnız bundan sonra 2004-cü il tarixli sərəncam qəbul edilmişdir. Halbuki, həmin torpaq sahəsini əldə etmək hüququ 1983-ü il tarixdən zavod işçisi kimi iddiaçının 1999-cü il tarixli sərəncamdan yaranmış, yalnız müraciətdən sonra 2004-cü il tarixdə 1999-cu il tarixli sərəncam icra edilmişdir. Qərardan da göründüyü kimi cavabdeh sərəncamın 2001-ci il yanvar ayının 1-dən sonra verilməsinə istinad etmiş, məhkəmə həmin sərəncamın kökündə duran səlahiyyətli orqanın 1999-cu il tarixli sərəncamının mötəbərliyinə isinad etmiş və qüvvədə olan sərəncam əsasında Azərbaycan Respublikası Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" verilmişdir. Bundan başqa iş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti Başçısının 258 saylı 05.11.2010-cu il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu Avtomobil zavodunun şimal-şərqində zavod işçiləri üçün ayrılmış ərazidə vətəndaş İddiaçı Fərux oğlu tərəfindən tikilmiş ümumi torpaq sahəsi 300 kv.m, yaşayış sahəsi 68.7 kv.m, köməkçi sahəsi 328.3 kv.m-dən ibarət fərdi yaşayış evi istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi, Əmlak Məsələləri Dövlət Komitəsindən İddiaçı göstərilən yaşayış evinə qeydiyyat vərəqəsi verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanununun 8.0-cı, 8.0.1-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqmüəyyən edici sənəd hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8.0-ci, 8.0.9-cu maddələrindən də görünür ki, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı fərdi yaşayış evi üzərində hüququn qeydə alınması üçün əsasdır. Təsdiq edilmiş layihədən də görünür ki, evin hündürlüyü 12 metrdən az təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, İddiaçı Fərux oğlu tərəfindən tikilmiş ümumi torpaq sahəsi 300 kv.m, yaşayış sahəsi 68.7 kv.m, köməkçi sahəsi 328.3 kv.m-dən ibarət fərdi yaşayış evinin istismara qəbul edilməsi iş materialları ilə təsdiqini tapmış, iddiaçının adına yaşayış evinə qeydiyyat vərəqəsinin verilməsi qərara alınmış və torpaq sahəsinə plan və ölçü verilmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 22.03.1999-cu il tarixli sərəncamının Xətai Rayon İcra Hakimiyyəti tərəfindən gec icra edilməsini cavabdeh inzibati orqan iddiaçının ziyanına şərh edir. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman sərəncamın 2001-ci il yanvar ayının 1dən sonra qəbul edilməsinin iddiaçının ziyanına şərh edilməməsi, Xətai Rayon İcra Hakimiyyətinin 2004- cü il sərəncamının əsasında duran Bakı Şəhər İcra Hakimiyyətinin, yəni torpaq ayırma səlahiyyəti olan orqanın sərəncamının əsas götürülməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9288/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1567/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1567/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver