Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1568/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “qərarın icrasının təmin edilməsi və protokolun ləğv edilərək sistemdən çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4456/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin 3(009)- 801/2018 saylı, 21 iyun 2018-ci il tarixli inzibati icraata xitam verilməsi haqqında qərarının icrasının təmin edilməsi və hüquqi qüvvəsini itirmiş MMX ******* saylı xx.xx.2017-ci il tarixli protokolun ləğv edilərək sistemdən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-801/2018 saylı, 21 iyun 2018-cu il tarixli inzibati icraata xitam verilməsi haqqında qərarını icra etməyərək qanuna zidd əməl nümayiş etdirməklə onun “Qaz 3110” markalı 10XT873 dövlət nömrə nişanlı əmlakını girov götürmüşdür. Elektron qərar və onun əlavəsi elektron kabinetə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) ondan tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4456/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı iddiaçı və cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-801/2018 nömrəli, 21 iyun 2018-ci il tarixli qərarının surətinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. MMX ******* nömrəli, xx.xx.2017-ci il tarixli protokolun surətinə əsasən İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 469.3.-cü maddəsinə əsasən qanunla mülki məsuliyyət icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 80 manat cərimə yazılmışdır. Hazırkı iş üzrə iddia tələbinin mahiyyəti Bakı şəhər Səbail Rayon Məhkəməsinin 3(009)- 801/2018 saylı, 21 iyun 2018-ci il tarixli inzibati icraata xitam verilməsi haqqında qərarının icrasının təmin edilməsi və cavabdeh tərəfindən barəsində qəbul edilmiş MMX ******* saylı xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi təşkil edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddiaçı isə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 3(009)-801/2018 saylı, 21 iyun 2018-ci il tarixli inzibati icraata xitam verilməsi haqqında qərarının icrasının təmin edilməsi ilə baglı icraya nəzarət edən həmin məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Qeyd olunan iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia tələbinə inzibati məhkəməyə icraatı qaydasında baxılması mümkün olmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4456/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1568/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1568/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver