Məhkəmə qərarları › İş №2-1(103)-1569/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1569/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1569/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “cərimənin ləğv edilməsi və elektron sistemdən çıxarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi YPX-ti inspektorunun hüquqi əsası olmadan qanuna zidd olaraq tərtib etdiyi 40 manat cərmənin ləğv edilməsi və elektron sistemdən çıxarılması və şəxsin qanunsuz əməlinə görə qanuni tədbir görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR İPM-nin 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Qanunsuz pul tələbi nəticəsində sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilmişdir. Bu da onun əmlaklardan istifadə hüququnu pozulmasıdır. Otuz ildən yuxarı sürücü vəzifəsində işlədiyi üçün əmək hüququnun əlimdən alınması konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasıdır. Məhkəmə inzibati xəta haqqında protokolun və qərarın mövcudluğunu aşkar edə bilməməsini, inzibati orqanın hərəkət və ya hərəkətsizliyi, məhkəmənin çıxardığı sərancama cavab verməməsi və məhkəmə iclaslarına gəlməməsi bunun üçün tam əsasdır. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati xəta haqqında qərardan şikayətlə aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququndan istifadə edilə bilməsini qeyd etsə də, nəzərə almamışdır ki, Səbail Rayon Məhkəməsi 3(009)-1209/2022 saylı 01 avqust 2022-ci il tarixli qərardad qəbul edərək işə baxmamışdır. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsələr də, iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən iddiaçı və cavabdeh tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Bakı İnzibati Məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək inzibati xəta haqqında qərarın mübahisələndirilməsi üçün şikayətlə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin iddiaçı məhkəmə iclas protokolundan da göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokola əsasən İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 338.2-1-ci maddəsinə müvafiq olaraq hərəkət sürətinin həddi 80 km/saat və daha artıq olduğuna görə 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə də iddiaçının hazırki iddianın qaldırılmasında hüquqi marağı barəsində qəbul edilmiş inzibati xəta haqqında cərimənin ləgv edilməsi ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. Qedy edilənlərə əsasən, inzibati xəta haqqında qərarlardan şikayətə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından və bununla da hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, məhkəmə kollegiyası iddiaçıya bir daha izah edir ki, inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati xəta haqqında qərardan şikayətlə aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İddiaçı apellyasiya şikayətində Səbail Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə baxılmadığını qeyd etsə də, iş materiallarına əlavə olunmuş Bakı şəhər Səbail Rayon Məhkəməsinin 3(009)-1209/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayətin ona geri qaytarılması qərara alınmış və onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş şikayət və ona əlavə edilmiş materiallardan hansı qərardan şikayətin verilməsi dəqiqləşdirilməmiş, həmçinin həmin qərarın surəti əlavə olunmamışdır. Göründüyü kimi, ümumi məhkəmə aidiyyət məsələsinə görə işə baxmaqdan imtina etməmiş, sadəcə şikayət verilmiş qərarın mövcudluğu dəqiqləşdirilmədiyindən onu geri qaytarmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar