Məhkəmə qərarları › İş №2-1(103)-1569/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1569/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1569/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarından cababdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 18 sentyabr 1984-cü il tarixdən etibarən Azərbaycan SSR Nazirlər Soveti yanında “Başkolxozsovxoztikinti” İdarəsinin X2nda yükləyici vəzifəsindən əmək fəaliyyətinı başlamışdır. Onun 36 ildən artıq əmək stajı var. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. X4 əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətini nəzərə almadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtina etmiş və bu barədə 12 aprel 2023-cü il tarixli məktub ünvanlamışdır. İddiaçı hesab edir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanunsuz və əsassızdır, qurum ətraflı araşdırma aparmadan nəticəyə gəlmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı kifayət qədər ümumi və güzəştli iş stajının olduğunu nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. İddiaçı 29 avqust 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə 12 aprel 2023-cü il tarixli məktubla cavab verərək, ümumi iş stajının 25 ildən az (22 il 3 ay 8 gün) həmçinin, güzəştli iş stajının 12 il 6 aydan az (2 il 2 ay 29 gün) olması səbəbindən pensiya təyin etməkdən imtina etmişdir. Bundan narazı galan iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin imtinası qanuni hesab olunur və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına əsasən iddiaçı 1 iyul 2022-ci il tarixdə pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmışdır (60 yaş). Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “Azəraqrartikinti" ASC-nin 29 avqust 2022- ci il tarixli 02/i nömrəli arayışda iddiaçının xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Başkolxozsovxoztikinti” İdarəsinin X2nda yükləyici, xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Yerlitikintimateriallan” filialının Qobustan AYDMS-nin daş karxanasında sahə rəisi, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X2nda sahə rəisi, xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X2nın istehsal sahəsində nəzarətçi və xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yolkörpütikinti” firmasının X2 sahəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirilmə zamanı sözügedən müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X2nda sahə rəisi vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən olunmuşdur. Bu fakt "xxxx" Birliyinin birgə akt ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən dolayı iddiaçının ümumi iş stajı aşağıdakı kimidir: xx.xx.1979-xx.xx.1981ci il (hərbi xidmət); xx.xx.1984-xx.xx.1985-ci il; xx.xx.1986-xx.xx.1988-ci il; xx.xx.1988- xx.xx.2005ci il tarixləri arasındakı dövrlər. Ümumilikdə 22 il 3 ay 8 gün. İddiaçının güzəştli iş stajı aşağıdakı kimidir: xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdən ibarət olmaqla ümumilikdə 2 il 2 ay 29 gün təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayarag, kifayət gədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır. Etiraza əlavədə qeyd edilmişdir ki, etiraza əlavəsində bildirilir ki, İddiaçı cavabdehə təqdim etdiyi sənədlərin surətinə əsasən onun mübahisəsiz qəbul edilən ümumi sosial sığorta stajı cəmi 29 il 2 ay 8 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.1979 - xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər (hərbi xidmət dövrü); xx.xx.1984 - xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1986 - xx.xx.1988-ci il tarixləri arasındakı dövrlər; xx.xx.1988 - xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (Ümumilikdə xx.xx.2006-cı il tarixədək 22 il 3 ay 8 gün əmək stajı), xx.xx.2006-cı il tarixdən sonra 6 il 11 ay sığorta stajı. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli sosial sığorta stajı 2 il 2 ay 30 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.2018xx.xx.2020- ci il tarixləri arasındakı dövrlər təşkil edir (qarşılıqlı yoxlama aktına əsasən). «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2022- ci il tarixli 02/i nömrəli arayışda iddiaçının xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Başkolxozsovxoztikinti” İdarəsinin X2nda yükləyici, xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Bakı “Yerlitikintimaterialları” filialının Qobustan AYDMS-nin daş karxanasında sahə rəisi, xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə X2nda sahə rəisi, xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində X2nın istehsal sahəsində nəzarətçi və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yolkörpütikinti” firmasının X2 sahəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdeh tərəfindən sözügedən arayışda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilmişdir. Dəqiqləşdirilmə zamanı sözügedən müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yolkörpütikinti” firmasının X2nda sahə rəisi vəzifəsində işlədiyinin qeyd olunduğu müəyyən olunmuşdur. Bu fakt "xxxx" Birliyinin birgə akt ilə təsdiq edilmişdir. Bu səbəbdən də xx.xx.2018xx.xx.2020-ci il tarixləri arasındakı dövr iddiaçının güzəştli sosial sığorta stajına daxil edilmişdir. İddiaçıya münasibətdə xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər (6 il 11 ay) onun sosial sığorta stajına daxil edilmişdir. Bundan başqa, iddiaçının xx.xx.2023-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 31.227,20 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunverciliyin tələblərinə əsasən mümkün olmamışdır Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddianın «iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi dəyişdirilməsi qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı iddia təmin edilmiş və İddiaçı 60 yaşdan (1 iyul 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və etiraza əlavəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 1 iyul 1960-cı il tarixdə doğulmuşdur, əmək kitabçasına və hərbi biletinə əsasən (hərbi xidmət dövrü də daxil olmaqla) onun 29 il 2 ay 8 gün, yəni 25 ildən artıq ümumi sığorta stajı var, o cümlədən 12 il 6 aydan artıq vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən daş karxanasında “yükləyici”, “sürücü”, “istehsal sahəsində nəzarətçi” və “sahə rəisi” vəzifələrində çalışmışdır və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.2.1-ci yarımbəndində (Açıqda dağ-mədən işləri və yer səthində işlər üzrə fəhlələr, rəhbərlər və mütəxəssislər) nəzərdə tutulmuşdur. Bu barədə müvafiq arayış iş materiallarında mövcuddur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi bildirilmişdir ki, onun 25 il ümumi sığorta stajı toplansa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə stajı 12 il 6 ay stajı mövcud deyil. Cavabdehin mövqeyinə görə onun bu işlərdə 2 iş 3 ay (xx.xx.2018- xx.xx.2020-ci il tarixləri arasındakı dövr) var. Cavabdeh tərəfindən aparılmış dəqiqləşdirilmə zamanı müvafiq müəssisənin arxivində saxlanılan sənədlərdə yalnız iddiaçının xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində “Yol-körpütikinti” firmasının X2nda sahə rəisi vəzifəsində işlədiyi aşkar olunmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının 1.2.1-ci yarımbəndində açıqda dağ-mədən işləri və yer səthində işlər – kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər üzrə fəhlələr, rəhbərvər və mütəxəssislər nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajının böyük hissəsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən ümumi iş stajına daxildir. Həmin işlər üzrə onu tutduğu vəzifələr əmək kitabçasında aydın şəkildə əks olunmuşdur və həmin hüququ verən işlərdə iş stajının xüsussiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan (1.2.1-ci yarımbənddə) müvafiq vəzifələrə uyğunluğu "xxxx" ASC “Yol-körpütikinti” firmasının 29 avqust 2022-ci il tarixli 02/i saylı arayışı ilə də təsdiqini tapır. Bu sübutlar cavabdeh inzibati orqanın təqdim etdiyi "xxxx" Birliyi ilə birgə tərtib edilmiş aktdan daha mötəbər qiymətləndirilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan onun 60 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir.. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar