Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-157/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi X3 iştirakı ilə sərəncamın ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X2) məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massiv 7 saylı evə dair X.İmamverdiyevanın adına verilmiş Qaradağ RİH başçısının 03.11.2015-ci il tarixli 160 nömrəli sərəncamının ləğv edilməsini хаhiş еtmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.09.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə araşdırması zamanı DƏDRX 1 saylı Bakı ərazi idarəsinə iddiaçıya məxsus olmuş Lökbatan qəsəbəsi 4-cü massiv 7 saylı ev barədə sorğu verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, sözügedən qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcud deyil, belə ki, yaşayış evi və həyət tikililəri sökülərək ikimərtəbəli mansardlı ev inşa olunmuşdur. Məktubdan göründüyü kimi, 14.11.1990-cı il 30/5415 nömrəsi ilə qeydiyyata alınmış və iddiaçıya məxsus Lökbatan qəsəbəsi 4-cü massiv ev 7 mövcud deyil. Beləliklə sual yaranır, əgər iddiaçı 25 ildən artıq müddətdir ki Azərbaycanın hüdudlarından kənarda yaşayıbsa, bəs ikimərtəbəli mansardlı ev kim tərəfindən inşa olunub? Bununla əlaqədar, cavabdehin 03.11.2015-ci il tarixli sərəncamı qanunidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın rədd olunmasını, iddiaçının vəkili və nümayəndəsi qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş emişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, 14.11.1990-cı il tarixli 30/5415 nömrəli qeydiyyat vəsiqəsinə görə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-977/2008 nömrəli iş üzrə 16.10.2008-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 iddiası təmin olunmuş, X.İmamverdiyeva ilə İddiaçı arasında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4cü massiv 7 saylı evin alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, evə X.İmamverdiyevanın adına şəxsi mülkiyyət hüququna dair müvafiq rəsmiləşdirilmənin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə həvalə edilmiş, X4 və X6 evə yaşayış hüquqları itirilmiş hesab olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Kollegiyasının 2(103)-1983/2009 nömrəli iş üzrə 18.05.2009-cu il tarixli qətnaməsinə görə, DƏDRX Bakı şəhər ərazi idarəsinin apellyasiya şikayəti təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin 16.10.2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Kollegiyasının 2(102)- 2948/2009 nömrəli iş üzrə 01.10.2009-cu il tarixli qətnaməsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 18.05.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X.İmamverdiyevanın kassasiya şikayəti təmin edilməmişdir. Qaradağ RİH başçısının 03.11.2015-ci il tarixli 160 nömrəli sərəncamı ilə X.İmamverdiyevanın müraicəti nəzərə alınaraq, onun Lökbatan qəsəbəsi İV massiv 7 saylı 384 kv.m. torpaq sahəsində istifadəsində olan 11 yaşayış otağı sahəsi 180,4 kv.m, köməkçi sahəsi 44,23 kv.m, mansard sahəsi 24,5 kv.m, eyvan sahəsi 34,05 kv.m, həyətdə təsərrüfat otağı sahəsi 46 kv.m. olan fərdi yaşayış evinin sənədləşdirilib qeydiyyata alınması, sərəncamdan çıxarışın qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi üçün DƏDRX Bakı şəhər ərazi idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2587/2017 nömrəli iş üzrə 05.07.2017-ci il tarixli qətnaməsinə görə, İddiaçı yaşayış sahəsindən çıxarılma, pasport qeydiyyatının ləğv ediməsi, mülkiyyətçinin ailə üzvlərinin qeydiyyatının bərpa edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X.İmamverdiyevanın, X.Cəbrayılovanın və O.İmamverdiyevin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1267/2017 nömrəli iş üzrə 22.12.2017-ci il tarixli qətnaməsinə əsasən, X.İmamverdiyevanın apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 05.07.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5066/2018 nömrəli iş üzrə 15.08.2018-ci il tarixli qərarına görə, Bakı Apellyasiya Məhkəməsinin 22.12.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X.İmamverdiyevanın kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Cavabdehin mübahisəli sərəncamının qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən edilir ki, sözügedən inzibati akt qəbul edilən vaxt qanunvericiliyin icraat və forma ilə bağlı bir sıra müddəaları pozulmuşdur. Belə ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununun: 58.1-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə əsasən, inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə görə, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir; 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İşdən görünür ki, mübahisəli sərəncamda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 24-cü maddəsinə görə isə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Lakin cavabdeh mübahisəli sərəncamı qəbul edərkən iddiaşıya məxsus Lökbatan qəsəbəsi İV massiv 7 saylı ev ünvanda yerləşən 384 kv.m. torpaq sahəsinin hansı hüquqla X.İmamverdiyevanın istifadəsində olmasını, 11 yaşayış otağından ibarət fərdi yaşayış evinin onun tərəfindən inşa edilib-edilməməsini, edilmişdirsə bunun hansı tikinti və şəhərsalma sənədləri əsasında edildiyini araşdırmamış, X.İmamverdiyevanın istinad etdiyi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.10.2008-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minib-minməməsini dəqiqləşdirməmiş, «İnzibati icraat haqqında» AR Qanununun 21-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçının (onun səlahiyətli nümayəndəsinin) inzibati icraatda iştirakını təmin etməmişdir. «İnzibati icraat haqqında» AR Qanununun: 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının bir-birini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İPM-in «Sübut etmə vəzifəsi» adlı 14-cü maddəsi də bu tarazlığın prosessual-hüquqi təminat imkanlarından biridir. Məhz sözügedən tarazlığın qorunması tələbi fərdin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə bərabər hüquqlarının ədalətli təmininə nail olunmasına imkan yaradır. Bu baxımdan, «İnzibati icraat haqqında» AR Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası bildirir ki, əgər cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 4-cü massivdə yerləşən 7 saylı fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olmasını qəbul etmirsə yaxud 14.11.1990-cı il tarixli 30/5415 nömrəli qeydiyyat vəsiqəsini qanunsuz hesab edirsə, onda bu halın sübuta yetirilməsi vəzifəsi onun üzərindədir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Normanın tələbinə görə, məhz cavabdeh sübut etməli idi ki, mübahisəli yaşayış evi iddiaçının mülkiyyətində olmamışdır və hazırda da deyil. Lakin cavabdeh sərəncamının əsası kimi istinad etdiyi halların sübut olunması üçün hər hansı mötəbər sübut təqdim etməmiş, etiraz etmə və faktın təkzib olunması ilə işini bitmiş saymışdır ki, prosessual hüquqi cəhətdən bu sübutetmə vəzifəsi üzərinə düşən tərəfə münasibətdə yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli sərəncamı qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, cavabdehin mübahisəli sərəncamı qanuna zidd olmuş və bu səbəbdən iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar iş üzrə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2138/2019 nömrəli iş üzrə 04 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Bakı Şəhəri Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-1(103)-157/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-157/2020
23.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver