Məhkəmə qərarları › İş №2-1(103)-157/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-157/2021

12.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-157/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarların ləğv edilməsi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən borcun silinməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2265/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən İddiaçı MMC-yə torpaq vergisinin qeyriqanuni olması və əsassız olaraq torpaq vergisinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 2018-ci il 10 avqust tarixli **********821300, **********819200 və **********800 nömrəli “vergilərin hesablanması barədə” qərarların ləğv edilməsi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti və ”xxxx” MMC arasında bağlanmış 2007-ci il 17 iyul tarixli, 489 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən 4,4 hektar torpaq sahəsi tikinti və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 99 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 2011-ci il 16 fevral tarixli,162 saylı məktubu ilə İddiaçı MMC-yə həmin torpaq sahəsinin üzərindəki icarə hüququnun özgəninkiləşdirilməsinə və girov qoyulmasına rəsmən icazə verilmişdir. 2016-ci il 12 iyul tarixdə İddiaçı MMC Abşeron rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək 2007-ci il 17 iyul tarixli 489 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə xitam verilməsini xahiş etmişdir. Bununla əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin 2016-cı il 7 oktyabr tarixli, 202 saylı sərəncamı ilə ”İddiaçı” MMC-nin icarəsində qalmış, keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşən 1,2329 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququna xitam verilmişdir. Sərəncamın surətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə göndərilməsi Abşeron rayon İcra Hakimiyyətinin müvafiq struktur bölməsinə tapşırılmışdır. Vergilər Nazirliyi tərəfindən 2016-2018-ci illər üçün “xxxx” MMCyə torpaq vergisi hesablanmışdır. Abşeron rayon İcra Hakimiyyətinin birbaşa vergi orqanına ünvanlanmış 2016-ci il 10 oktyabr tarixli, 2760/1 saylı məktubu təqdim edilməsinə baxmayaraq, torpaq vergisinin hesablanması davam edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsalarına görə, kameral vergi yoxlaması ilə araşdırma zamanı müəyyən olunmuşdur ki, müəssisəsinin mülkiyyətində və ya istifadəsində Bakı şəhəri, Abşeron rayonu ərazisində 4,4 ha torpaq sahəsinin olmasına baxmayaraq, 2016-2018-ci illər üçün torpaq vergisinin bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 25.06.2018-ci il tarixli **********059500 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlər və müvafiq dövr üzrə bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən analoji qaydada torpaq vergisi üzrə 2016-2018-ci illər üzrə 6240,0 manat olmaqla cəmi 18720,0 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 10.08.2018-ci il tarixli **********20821300, **********819200 və **********817800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı həmin qərarları mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2265/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 2-1(103)-2828/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1(102)- 934/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 17 dekabr tarixli 2- 1(103)-2828/2019 nömrəli qərarının 2016-cı il üzrə torpaq vergisinin hesablanmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, icarə hüquqlarına xitam verilməsi barədə sərəncam qəbul edildiyi vaxt iddiaçıya məxsus 4.4 ha torpaq sahəsinin cəmi 1.2329 ha hissəsi onun icarəsində olmuşdur. Bu halda, qalan 3.1671 ha torpaq sahəsinin müqəddəratı ilə bağlı məsələ həll edilmədən qalmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının 2017-ci və 2018-ci illərin torpaq vergisi üzrə öhdəliyinə dair cavabdehin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dövrlərə münasibətdə gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, ünvan 2 ünvanladığı 2016-cı il 10 oktyabr tarixli, 2760/1 nömrəli məktubunda qeyd edilir ki, Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən İddiaçı MMC-yə 2007-ci il 17 iyul tarixli, 489 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsi və digər torpaqayırma sənədləri əsasında ayrılmış 4.4 ha torpaq sahəsi üzərində hazırda İddiaçı MMC-nin icarə hüququ mövcud deyil. Oxşar məzmunlu məlumat Abşeron Rayon İcra Hakimiyyətinin birinci instansiyası məhkəməsinə ünvanladığı 2019-cu il 30 avqust tarixli, 1358 nömrəli məktubunda da ifadə edilmişdir. Cavabdeh iddiaçının 2017-ci və 2018-ci illər üzrə torpaq vergisi öhdəliyinin əsaslarını, buradan, mübahisələndirilən **********819200 və **********20821300 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddianın verilməsi ilə bağlı müddətin ötürüldüyünə dair şikayətin dəlilinə gəldikdə, məhkəmələr haqlı olaraq qeyd etmişlər ki, cavabdeh iddiaçının mübahisələndirdiyi 2018-ci il 10 avqust tarixli **********20821300, **********819200 və **********817800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarların iddiaçıya rəsmi təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin kassasiya şikayətinə əlavə etdiyi və şikayətində istinad etdiyi iddiaçının vergi orqanına verildiyi bildirilən, lakin verilmə tarixi göstərilməyən yazılı müraciətinə dair sənədə gəldikdə, cavabdeh həmin sənədi sübutetmə vasitəsi kimi araşdırılması və qiymət verilməsi üçün birinci yaxud ən geci apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilərdi. Hazırkı halda bu, baş vermədiyindən, şikayətin həmin dəlili apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın verilməsi müddətinin ötürülməsi səbəbi ilə ləğvinə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2-1(102)-934/2020 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı 2017 və 2018-ci illər üzrə vergi öhdəliyinə (10 avqust 2018-ci il tarixli, **********819200 və **********20821300 nömrəli “Vergilərin hesablanması barədə” qərarlara) aid hissədə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2019cu il 17 dekabr tarixli 2- 1(103)-2828/2019 nömrəli qərarı 2016-cı il üzrə torpaq vergisinin hesablanmasına aid hissədə ləğv edilmiş və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin 23 iyun 2020-ci il tarixli qərarında 2017 və 2018-ci illər üzrə torpaq vergisinin hesablanmasına aid hissədə mövqeyi öz əksini tapdığından, hazırda məhkəmə kollegiyası Ali Məhkəmənin 23 iyun 2020-ci il tarixli, 2-1(102)-934/2020 saylı qərarında qeyd edilən göstərişləri nəzərə alaraq iddiaçının iddia tələbinin “2016-cı il üzrə vergi öhdəliyinə (10 avqust 2018-ci il tarixli, **********817800 saylı “Vergilərin hesablanması barədə” qərara)” aid hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ali Məhkəmə həmin hissəyə münasibətdə öz qərarında qeyd edir ki, apellyasiya instansiya məhkəməsi 2016-cı il üçün hesablanmış vergi məbləği ilə bağlı məsələyə münasibət bildirməmişdir. Belə ki, vergi ödəyicisi 2016-cı il üzrə torpaq vergisini 2016-cı il 15 may tarixədək hesablamalı və 2016-cı il 15 avqust və 2016-cı il 15 noyabr tarixlərindən gec olmayaraq dövlət büdcəsinə ödəməli idi. İşin bu halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, onlara münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçının 2016-cı il üzrə vergi öhdəliyinə (**********817800 nömrəli “Vergilərin hesablanması barədə” qərara) aid hissədə İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən qərar həmin hissədə ləğv edilməli, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin mövqeyi ilə razalaşaraq aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayon İcra Hakimiyyəti və ”xxxx” MMC arasında bağlanmış 17 iyul 2007-ci il tarixli, 489 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən 4,4 hektar torpaq sahəsi tikinti və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçının istifadəsinə verilmişdir. Lakin sonradan Abşeron rayon İcra Hakimiyyətinin 07 oktyabr 2016-cı il tarixli, 202 saylı sərəncamı ilə ”İddiaçı” MMC-nin icarəsində olan torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququna xitam verilmişdir. Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən, torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Həmin Məcəllənin 208.5-ci maddəsinə əsasən, torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. İşin hallarından göründüyü kimi icarə hüquqlarına xitam verilməsi barədə sərəncam qəbul edildiyi vaxt iddiaçıya məxsus 4.4 ha torpaq sahəsinin cəmi 1.2329 ha hissəsi onun icarəsində olmuşdur. 30 avqust tarixli 2019-cu il 1358 nömrəli məktubda iddiaçının icarəsində qalan 1,2329 ha torpaq sahəsi üzərində hüquqlarına xitam verilməsinin tarixi 07 oktyabr 2016-cı il (sərəncamın tarixi) göstərilmişdir. Kollegiya şikayətin dəlillərini əsaslı sayaraq qeyd edir ki, vergi ödəyicisi 2016-cı il üzrə torpaq vergisini 2016-cı il 15 may tarixədək hesablamalı və 2016-cı il 15 avqust və 2016-cı il 15 noyabr tarixlərindən gec olmayaraq dövlət büdcəsinə ödəməli olduğu halda bunu etməmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 07 oktyabr 2016-cı il tarixli sərəncamı qüvvəyə mindiyi andan yaranan hüquq münasibətlərinə tətbiq edilməli olduğundan, heç bir halda geriyə şamil edilə bilməz. Bu halda, iddiaçıya 2016-cı il üzrə hesablanmış torpaq vergisinin ləğv edilməsi ilə bağlı tələb tamamilə əsassızdır, lakin məhkəmə bu məsələnin araşdırılmasına lüzum görməmiş və yanlış nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri birinci instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi “iddiaçının 2016-cı il üzrə vergi öhdəliyinə (**********817800 nömrəli “Vergilərin hesablanması barədə” qərara) aid hissədə iddiaçının tələbini təmin etməkdə haqlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş 10 avqust 2018-ci il tarixli, **********817800 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi üşün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2-1(81)-2265/2019 saylı qərarı “2016-cı il üzrə vergi öhdəliyinə dair 10 avqust 2018ci il tarixli, **********817800 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 6240 (altı min iki yüz qırx) manat borcun silinməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2265/2019 saylı qərarı “2016-cı il üzrə vergi öhdəliyinə dair 10 avqust 2018-ci il tarixli, **********817800 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 6240 (altı min iki yüz qırx) manat borcun silinməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar