Məhkəmə qərarları › İş №2-1(103)-157/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-157/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-157/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2022 saylı, 25 may 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazıırda "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda əmək şəraiti ağır və zərərli olan operator vəzifəsində çalışmaqdadır. Hazırk vəzifəsi əmək şəraitinin ağır və zərərli olması barədə iş yerindən müvafiq arayış mövcuddur. Əmək fəaliyyətinə 1983-cü ildə hazırki adı "xxxx" MMC olan zavodda başlamışdır və bu günədək olan ümumii iş stajı 25 ildən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə olan iş stajı isə 12 ildən artıqdır. Qeyd olunan hallar və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq tərəfindən xx.xx.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş edilmişdir. Müraciəti xx.xx.2021-ci ildə Mərkəzi Filialda icraata götürülsə də, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinin tələbi pozulmaqla 10 gün müddətində cavablandırılmalı olan müraciət xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmış və ona imtina cavabı verilmişdir. İmtinanın əsası kimi güzəştli iş stajının 12 il 6 aydan az olması, əmək kitabçasında xx.xx.1995-xx.xx.2003-cü illər ərzində işlədiyi müəssisənin möhürünün yaxşı görünməməsi səbəbindən ümumi iş stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum məbləğindən aşağı olması qeyd olunmuşdur. Belə ki, güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlı qeyd olunan halın mövcud olmadığı hazırki iş yeri olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, əmək kitabçasında xx.xx.1995-xx.xx.2003-cü illər ərzində işlədiyi müəssisənin möhürü ilə öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəf qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vardır. O, tərkibində zərərli maddələr olan və ya konserogenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olur. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilərək iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4036/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 2-1(112)-4036/2022 nömrəli qərarda da məhkəmə əsaslı olaraq qeyd etmişdir ki, İddiaçı xx.xx.2014xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay (xx.xx.1984-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu isə o deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə nəzərdə tutulan peşələrdə işləməsi tələbini ödəmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və bu pensiyanı almaq hüququnun yarandığı xx.xx.2017-ci il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və iddiaçının güzəştli iş stajının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 aydan az, yəni 10 il 7 ay olmasına istinad edərək tələbin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı hesab edir ki, o, tərkibində zərərli maddələr olan və ya konserogenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olduğuna görə onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Neftçala rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - NZ seriyalı; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X4 22 oktyabr 1978-ci ildən 21 oktyabr 1980-cii ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1981-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1981-ci ildə “Azqaztikinti” trestinin 1 saylı TQİ-nə 2-ci dərəcəli çilingər-quraşdırıcı vəzifəsinə təyin edilmişdir (Əmr № 17-ok, xx.xx.1981-ci il); xx.xx.1982-cii ildə “Azqaztikinti” trestinin 4 saylı TQİ keçirilməsi ilə 1 saylı TQİ-dən işdən azad edilmişdir (Əmr № ok-14, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Lənkəran “Azqaztikinti” trestrinin 4 saylı TQİ-nə 1 saylı TQİ-dən keçirilmə ilə 4 saylı TQİ çilingər quraşdırıcı vəzifəsinə qəbul edilmişdir (Əmr № 819, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 14-4, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Neftçala rayonunda müvəqqəti olaraq çörək köşkünə satıcı təyin edilmişdir (Əmr № 200, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə işdən azad edilmişdir (Əmr № 215, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə Azərbaycan SSR Neftçala şəhəri 1 May adına Yod-Brom zavodu 2 saylı Yodtərkibli suyun hasilatı sexinə birinci dərəcə üzrə kompressor stansiyası maşinistinin şagirdi vəzifəsinə qəbul edilmişdir (Əmr № 183-K, xx.xx.1983-cu il); xx.xx.1984-cü ildə 2-ci dərəcəli kompressor stansiyası maşinisti ixtisası verilmişdir (Əmr № 4-K, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə 1 May adına Yod-Brom zavodu və yeni (tikilən) Neftçala Yod-Brom zavodu X10-Brom zavodu vahid müəssisəsinə birləşdirilmişdir (Əmr № 120-K, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə həmin sexdə 2-ci dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir (Əmr № 112-K, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə həmin sexdə 3-cü dərəcəli nasos qurğuları maşinist dərəcəsi verilmişdir (Əmr № 113-K, xx.xx.1985-ci il);xx.xx.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 156-k, xx.xx.1994-cü il); xx.xx.1994-cü ildə Xıllı qəsəbə orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuşdur (Əmr № 66, xx.xx.1994-cü il); xx.xx.1995-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 9, xx.xx.1995-ci il); xx.xx.1995-ci ildə İİ dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 19); xx.xx.2003-cü ildə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir (Əmr № 01-k, xx.xx.2003-cü il); xx.xx.2014-cü idə "xxxx" Şirkətlər Qrupu MMC-nin X7 Zavoduna 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 190-k, xx.xx.2014-cü il); xx.xx.2017-ci ildə Metal X3 sexinə operator vəzifəsinə təyin edilmişdir (Əmr № 906, xx.xx.2017-ci il); xx.xx.2019-cu ildə Metal X3 sexinə qalvanika operatoru vəzifəsinə təyin olunmuşdur (Əmr № Ş 061t/k, xx.xx.2019-cu il); xx.xx.2020-ci ildə Metal X3 sexinə fəhlə vəzifəsinə təyin olunmuşdur (Əmr № 354/k, xx.xx.2020-ci il). "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 06 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilədək 1 May adına Yod-Brom zavodunda işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda vardır. O, tərkibində zərərli maddələr olan və ya konserogenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olur. Əmək kitabçasına əsasən, İddiaçı çalışdığı iş yeri və həmin iş yerlərində çalışma müddətləri aşağıdakı kimi olmuşdur: xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanıka sexində fəhlə vəzifəsində çalışıb. xx.xx.2019-cu ildən "xxxx" Şirkətlər Qrupu” MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanıka sexində operator vəzifəsinə keçirilib. Hazırda həmin vəzifədə çalışmaqdadır. İddiaçı əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 6 il, 5 ay, 29 gün təşkil edir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş **********9 saylı 22 oktyabr 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunan xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay (xx.xx.1984-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 2 fevral 1981-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının surəti araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 10-13-cü səhifələrində xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (19 il 3 ay 16 gün) təşkil edir. Bundan başqa, fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37.000,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14.350,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Qeyd olunan iş materialları ilə yanaşı məhkəmə kollegiyasının müvafiq sorğularına: "xxxx" MMC tərəfindən verilən 4/3234 saylı, 29 avqust 2022-ci il tarixli arayışdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər və ya qadınlar, onlar üçün nəzərdə tutulmiş pensiya yaşına çatdıqda, azı 25 il iş stajına malik olduqda və yaxud fərdi sığorta hesabında qeydə alınmış 34.560 manat pensiya kapitalıma malik olduqda, kişilər stajının azı 12 il 6 ayını, qadınlar isə 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ qazanırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” bölməsində (35-ci bölmə) - Tərkibində l-ll sinif təhlükəli və zərərli maddələr və ya kansergenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olan aşılayıcı peşəsi yarımbəndi mövcuddur. İddiaçı, həqiqətən 01 sentyabr 2014-cü il tarixindən "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda “Qalvanika” (Aşılama) sexində fəhlə peşəsinə işə qəbul edilib və hal-hazırda həmin peşədə çalışmaqdadır. Onun bu iş yerində, həmin peşədə çalışdığı dövr ərzindəki iş stajı 7 (yeddi) il, 11 (on bir) ay təşkil edir. (Əsas: İddiaçı adına rəsmiləşdirilmiş ИТ-1 seriyalı, ******* saylı əmək kitabçası) Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı qüvvədən düşmüşdür və yeni 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarda peşələr artıq koda görə deyil, yalnız bölmələrə və onun yarımbəndlərinə görə təsnifləndirilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanan 1/3426 saylı, 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-nin "Metal Konstruksiya" Zavodunun "Qalvanika" sexində xx.xx.2014-cü il tarixindən bu günə qədər, əmək kitabçasında fəhlə yazılmasına baxmayaraq, aşılayıcı peşəsində çalışır. Uyğun olaraq, İddiaçı 2014-cü ildə 4 aylıq iş stajı, 2015-2021-ci illərdə tam 7 illik iş stajı, 2022-ci il üçün isə, (bu günə olan məlumat) 11 aylıq iş stajı vardır. Qeyd olunan dövrün hamısında həmin şəxs vəzifə təlimatına müvafiq olaraq aşılayıcı peşəsində çalışmışdır. Aşılayıcının əsas vəzifəsi kimyəvi qatışıqlarla metalların aşılanması işidir. Bu kimyəvi qatışıqların tərkibi birinci və ikinci sinif, insan orqanizmi üçün təhlükəli və zərərli maddələrdən və ya konsergenlərdən ibarətdir. Yəni, transformator istehsalında və digər sahələrdə istifadə olunması nəzərdə tutulan metalların və ya metal qurğuların, avadanlıqların paslanmaması və korroziyaya uğramaması məqsədi ilə, onların üzərinə sinkdən və ya qalaydan qoruyucu örtük çəkilir. Bu örtüyün metalla kimyəvi reaksiyaya girməsi və onun üzərinə nüfüz etməsi üçün katalizator qismində kimyəvi turşulardan istifadə olunur. İstifadə olunan turşular, qoruyuculardan istifadə edilməsinə baxmayaraq, yenə də nəfəs yolları vasitəsi ilə insan orqanizminə daxil olaraq, ona mənfi təsir edə bilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında, "Ümumi peşələr" bölməsində aşılayıcı peşəsi də nəzərə alınıb. Həmin siyahıya əsasən, "Tərkibində İ-İİ sinif təhlükəli və zərərli maddələr və ya konsergenlər olan qatışıqlarla metalların aşılanması ilə məşğul olan, “aşılayıcı peşəsi”ndə çalışanlar, güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olurlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 24 may 2023-cü il tarixli, 3-17/2-5211/2023 saylı məktubdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirərkən İddiaçı "xxxx" MMC-nin Hovsan X1 sexində “Dəzgahda işləyən fəhlə, ştamplayıcı dəzgah/metal emalı üzrə fəhlə” peşəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “35. Ümumi peşələr” bölməsinin 15-ci abzasında fəhlə kateqoriyasına aid olan “Tərkibində 1-2ci sinif təhlükəli zərərli maddələr və ya kanserogenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olan aşılayıcılar” peşəsi nəzərdə tutulmuşdur. Qüvvədə olan Vahid X2 əsasən işçilər rəhbər, mütəxəssis, texniki icraçılar (digər qulluqçular) və fəhlə kateqoriyalarına bölünürlər ki, sorğunuzda göstərilən “aşılayıcı” fəhlə kateqoriyasına aid edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Halbuki, iş materiallarına əsasən xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və xx.xx.2019-cu il tarixindən hazırki vaxtadək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay (xx.xx.1984- xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya hazırkı vəziyyətdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan şərtlər ödənilmədiyindən, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas müəyyən edilmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə ətraflı münasibət bildirməyə lüzum görmür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4036/2022 saylı, 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar