Məhkəmə qərarları › İş №2-1(103)-1570/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1570/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1570/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulun ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8966/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı mənzil növbəsinə götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1996-cı ildə doğulmuşdur. xx.xx.2014-ci ildən xx.xx.2016-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Eyni zamanda İİ Qarabağ Müharibəsi başlayan bir günnən yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşdə iştirak elmişdir. Oktyabr ayı 2020-ci il tarixində Ağdam istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ağır yaralanmışdır. Ona aldığı xəsarətin dərəcəsi barədə məlumatları ərizəsinə əlavə edir. Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağında bağlı Cavabdehnə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Ə-66-0174 saylı imtina məktubu ilə imtina verilmişdir. Qeyd edir ki, onun qeydiyyatda olduğu ünvan dostunun həyat yoldaşının X1 məxsus olan bina evi olmuşdur. Mənzil məsələsinin həlli ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona imtina olunmuşdur. İmtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son yeddi il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Qeyd edir ki, o, dostunun evinə 2021-ci ilin dekabr ayından qeydiyyata düşmüşdür Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8966/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8966/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Ağdam Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli 17 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağdam rayonunun Saybalı kəndində qeydiyyatda olmuş İddiaçı Vətən müharibəsinin 2-ci qrup əlili kimi Ağdam rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli Sərəncamı ilə mənzil növbəliliyi siyahısında qeydiyyata alınaraq sənədlər aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Lakin, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinə müraciət edərək ünvan 1 ünvanında daimi qeydiyyata düşdüyünə görə 2-ci qrup Vətən müharibəsi əlili kimi Ağdam rayonunda qeydə alınmış mənzil növbəliliyinin ləğv edilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınaraq Ağdam rayon İcra Hakimiyyəti başçısının 19 yanvar 2022-ci il tarixli, 02 nömrəli Sərəncamı ilə İddiaçı Ağdam rayonunda olan mənzil növbəliliyi ləğv edilmişdir. -Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2021-ci il tarixli Arayışına əsasən İddiaçı dostunun arvadı X1 məxsus olan ünvan 5nda xx.xx.2021-ci il tarixindən qeydiyyatdadır. -3614913 nömrəli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" MMC-də fəhlə kimi işləmişdir. Həmçinin, iddia ərizəsindən də, görünür ki, iddiaçının dostunun həyat yoldaşı X1 məxsus olan evə (ünvan 5) 2021-ci ilin dekabr ayından qeydiyyata düşməsi formal xarakter daşıyır. Belə ki, iddia ərizəsindən də müəyyən olunur ki, onun faktiki yaşadığı ünvan ünvan 2ya məhkəməsi qərarında qeyd etmişdir ki, “İddiaçı Bakı şəhəri Yasamal rayonunun ərazisində qeydiyyatda olduğu ünvan üzrə faktiki olaraq yaşamaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin qeyd edilən ünvana qeydiyyatı formal xarakter daşıdığından cavabdeh Yasamal RİH tərəfindən verilən imtina qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4- cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Hazırkı iş üzrə iddia tələbinin predmetini Vətən müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. İddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməyərək qeyd etmişdir ki, “iddiaçı Bakı şəhərində mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətandaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətandaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son yeddi il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Qeyd edir ki, o, dostunun evinə 2021-ci ilin dekabr ayından qeydiyyata düşmüşdür.” Məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçının faktiki yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 29, mənzil 50 ünvanı olmuş, onun ünvan 5 (dostunun həyat yoldaşının mənzilinə) 2021ci ilin dekabr ayından qeydiyyata düşməsi formal xarakter daşımışdır. Göründüyü kimi iddiaçının Bakı şəhəri Yasamal rayonunun ərazisində qeydiyyatda olduğu ünvan üzrə faktiki olaraq yaşamaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından və qeyd edilən ünvana qeydiyyatı formal xarakter daşıdığından iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8966/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8966/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar